167,3 milyon dollar udan kişi lotereyadan sonra dördüncü dəfə saxlanıldı
Bu gün, 16:38

ABŞ-nin Kentukki ştatının sakini, "Powerball" lotereyasında 167.3 milyon dollar udan Ceyms Fartinq böyük cekpotu qazandıqdan sonra dördüncü dəfə polis tərəfindən saxlanılıb.
Bu barədə "People" jurnalı Skott dairəsi polisinin rəsmi materiallarına istinadən xəbər verib.
İstintaqın məlumatına görə, iyulun 26-da bir qadın evdə ona hücum edildiyini bildirərək polisə müraciət edib. Hadisə yerinə gələn hüquq-mühafizə əməkdaşları zərərçəkənin boynunda boğulma izləri aşkar ediblər.
Qadının hücum edən şəxs kimi göstərdiyi Ceyms Fartinqə məişət zorakılığı işi üzrə birinci dərəcəli boğma və yüngül xəsarət yetirməklə dördüncü dərəcəli hücum ittihamları irəli sürülüb. O, saxlanılaraq Skott dairəsinin istintaq təcridxanasına yerləşdirilib.
Məhkəmə iclasında C.Fartinq özünü təqsirli bilmədiyini bəyan edib. Məhkəmə onun üçün 15 min dollar məbləğində girov müəyyənləşdirib və zərərçəkənə yaxınlaşmasını qadağan edib.
Bundan əlavə, təqsirləndirilən şəxs zərərçəkənə yaxınlaşdıqda hüquq-mühafizə orqanlarına avtomatik siqnal göndərən elektron qolbaq taxmağa məcbur edilib.
"People" nəşri qeyd edir ki, lotereyada qalib gəldikdən sonra bu, Fartinqin hüquq-mühafizə orqanları ilə beşinci təmasıdır. Hadisələrdən biri Florida ştatında hotel barında baş verən dava ilə bağlı olub, digər dördü isə Kentukkidə qeydə alınıb. Onun barəsində oğurluq məqsədilə mənzilə qanunsuz daxilolma və marixuana saxlama maddələri ilə açılmış işlərdən biri sonradan bağlanıb.
Qeyd edək ki, Ceyms Fartinq 2025-ci ilin aprelində 167.3 milyon dollar məbləğində cekpot qazanmışdı. Bu, 2009-cu ildən bəri Kentukki ştatının lotereya tarixində qeydə alınan ən böyük uduş hesab olunur.

