Ermənistan Azərbaycanın sülhəməcbutetmə addımlarının ciddiliyini anlamalıdır
13-09-2022, 17:44

- İsrail öz təhlükəsizliyini qorumaq üçün, məsələn, Suriyada, Livanda əməliyyat keçirir – bizdə özlərinə “demokrat, liberal” deyənlərin bir qismi bunu dəstəkləyirlər, “şimalpərəstlər və cənubsevərlər” isə lənətləyir,
- Türkiyə öz təhlükəsizliyini təmin etmək, sərhədlərini qorumaq, əhalisinin və əsgərinin can güvənliyini təmin etmək üçün Suriyada və İraqda əməliyyat keçirir – biz çoxumuz qardaş dövlətin özünüqorumaq hüququnu haqlı olaraq dəstəkləyirik, amma yenə “şimalpərəstlər və cənubsevərlər” bu əməliyyatları pisləyir, bunu siyasi oyun adlandırırlar,
- ABŞ öz qlobal maraqlarını təmin etmək üçün bir çox ölkədə nöqtə əməliyyatlar keçirir – bunu legitim sayanlar var, amma yenə “şimalpərəstlər və cənubsevərlər” bu addımları lənətləyir,
- Şanlı Ukrayna ordusu öz əhalisini, öz ərazisini Rusiyadan gələn təhlükələrdən qorumaq üçün işğalçı dövlətin ərazisində əməliyyat keçirir, həbri və hayati vacib infrastrukturu dağıdır – hamımız (ən azından bir çoxumuz) bunu doğru və haqlı, legitim sayırıq, amma “şimalsevənlər” bunu bəyənmir, başqa dövlətin ərazisi bütövlüyünün pozulması kimi baxır.
Teref.az yazır ki, bunu politoloq Natiq Cəfərli deyir. Daha sonra politoloq deyir:
Gələk Azərbaycana, bizim sərhədyanı təhlükəsizliyimizi təmin etmək haqqımız varmı? Var. Azərbaycan digər ölkənin ərazi bütüvlüyünü təhdid etməlidirmi? Yox, etməməlidir. Yaxşı, Ermənistanla Azərbaycan arasında qarşılıqlı tanınmış sərhəd varmı? Yoxdur, bizim bu gün Ermənistanla sərhədimizin hardan keçdiyi bəlli deyil. Sərhədyanı münaqişələrin olmaması üçün nə lazımdır? Qarşılıqlı ərazi bütüvlüyünün tanınması, sərhəd toxunulmazlığı ilə, suverenliyin tanaınması ilə bağlı müqavilə. Ermənistan hərbi olaraq təkbaşına cavab verməyə qadırdirmi? Yox, qadir deyil. O zaman Ermənistan öz sərhəd toxunulmazlığının təmin etməsi üçün nə etməlidir? Bəli, sülh sazişinə imza atmalı, Azərbaycanla qarşılıqlı olaraq surerenliyin və ərazi bütövlüyünün, sərhədlərin tanınması və dəqiqləşdirilməsi müqaviləsini imzalamalı, Azərbaycanın sülhəməcbutetmə addımlarının ciddiliyini anlamalıdır.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin, bəzi qeyri-səmimi və populist adamların statuslarını, yazılarını gördüm, yenə güya, sülhdən danırlar, amma dayanıqlı sülhün məhz igid qanı hesabına baş verəcəyini anlamırlar, yenə müharibə əlehinə danışırlar, amma Ukraynada müharibəyə futbol fanatı kimi azarkeşlik edirlər – yetər ya, bir az ağlınız olsun, insanların hissləri ilə oynamayın. Bizə dayanıqlı, daimi sülh, sərhədlərin qarılıqlı tanandığı, pozulmayacağına əmin olduğumuz qonşular lazımdır, çox təəssüf ki, bəzən sülhdən öncə qan-qada olur, onlar, məhz Şəhidlər sülh üçün canlarından keçirlər ki, sabah onların, bizim hamımızın övladları bir daha Ermənistanla müharibə, ölüm görməsinlər, məsələyə bir də belə baxmağı öyrənək. Müharibə əlehinə olmaq normal insani hissdir, daim müharibə istəmək psixoloji pozuntu məhsuludur, sülhquruculuğu hər birimizin hədəfi olmalıdır, bunun üçün isə məsələlər, problemlər “dondurulmamalı”, yaxın zamanda öz həllini tapmalıdır.
Sülh üçün ən böyük təhlükə Şimaldan gəlir, Azərbaycan bunu bilir, bilməlidir və öz maraqları çərçivəsində davranır, davranmalıdır...
Teref.az

