ABŞ-la Rusiya anlaşdı? - Ukrayna qarşılığında Mərkəzi Asiya, Cənubi Qafqaz və Yaxın Şərq ittifaqı
5-12-2025, 08:24

Ötən gün Prime TV və Müsavat TV-yə verdiyim müsahibədə ABŞ-ın Ukrayna məsələsində tutduğu xəyanətkar mövqeyin Cənubi Qafqaz və Mərkəzi Asiyaya nə kimi təsirləri olacağı sualını cavablandırarkən bildirmişdim ki, bu iki coğrafiyanı bir-birindən ayırmaq lazımdır. Çünki mənim fikrimcə, ABŞ-la Rusiya arasında aparılan uzun müzakirələr nəticəsində II Dünya müharibəsindən sonra Rusiyanın təsir dairəsinə düşən bölgələr iki dövlət arasında bölüşdürülüb; Ukrayna Rusiyanın təsir dairəsində saxlanılsa da, Cənubi Qafqaz və Mərkəzi Asiya ABŞ-ın ixtiyarına verilib. Mülahizələrimi əsaslandırmaq üçün bu arqumentlərə söykənmişdim:
Arqument-1.
Məlumdur ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stev Vitkoff, rəhbəri Donald Tramp hakimiyyətə gəldikdən sonra cəmi 6 dəfə Moskvaya səfər edib. Onun sonuncusu bir neçə gün əvvəl, sonuncudan əvvəlki isə avqustun 6-da baş vermişdi. Avqustun 6-da Putinlə görüşdən sonra Vitkoff təəccüblü şəkildə təyyarəsinə minib Vaşinqtona getmək əvəzinə Bakıya uçmuşdur. Burada mətbuata hələ də tam açıqlanmayan müəyyən görüşlər keçirdikdən sonra ABŞ-a uçmuşdur. Bu fakt ondan xəbər verir ki, Vitkoffla Putin arasındakı müzakirələrdə Azərbaycan və Cənubi Qafqaz məsələsinə də yer ayrılmışdır. Və Trampın xüsusi nümayəndəsi Moskvada əldə olunan bu razılığın “muştuluğunu” vermək üçün “gözlənilmədən” Bakıya səfər edə bilər.
Arqument - 2.
Maraqlıdır ki, Vitkoffun bu səfərindən 2 gün sonra – avqustun 8-də Azərbaycan və Ermənistan rəhbərləri Vaşinqtona dəvət olunmuş və Donald Trampın da iştirakı ilə üçtərəfli saziş imzalanmışdı. 7 maddədən ibarət olan və “Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünün nəticələrinə dair birgə bəyannamə” adlanan bu sazişin 4-cü maddəsində Zəngəzur dəhlizinin də açılması öz əksini tapmışdı:
“4. Ermənistan Respublikası Ermənistan Respublikasının ərazisində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə Amerika Birləşmiş Ştatları və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflər ilə əməkdaşlıq edəcəkdir. Biz bu məqsədə ən qısa zamanda nail olmaq üçün xoş niyyətlə səy göstərməyə dair qətiyyətimizi təsdiq edirik” (Birgə bəyannamədən). Ermənistanla ABŞ rəhbərləri arasında bağlanan müqavilədə isə bu dəhlizin işlətmə hüququ 99 illiyinə Amerika şirkətlərindən birinə verilməsi nəzərdə tutulmuşdur. Rusiya isə faktiki olaraq özünün ən mühüm regional-strateji vasitələrinin birinin qurban verilməsinə cınqırını belə çıxarmamışdır. Bu da göstərir ki, avqustun 8-nə qədər Putinin saqqızı oğurlanmışdır.
Arqument - 3.
Oktyabrın 9-da, yəni Vitkoffun Putinlə görüşündən cəmi 2 ay 3 gün sonra Azərbaycan prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə səfərə getmiş və orada Putinlə görüşmüşdür. Həmin görüşdə Putin İlham Əliyevdən sərnişin təyyarəmizi vurduqlarına görə rəsmən üzr istəmiş və iddialara görə, özünün agentura şəbəkəsinin siyahısını ona təhvil vermişdi. Bu iddia doğrudursa, belə çıxır ki, Putin bir daha Azərbaycana müdaxilə etməyəcəyinə dair güclü təminat verdiyi mesajını həm Bakıya, həm də Vaşinqtona çatdırmaq istəmişdir. Haqqında danışdığım versiya olduqca heyrət doğurucu olduğundan və əlimdə yetərli dəlillər bulunmadığından iddiamın ayrıntılarına hələlik çox girmək istəmirəm.
Arqument – 4.
Vitkoffun Moskvaya 5-ci səfərindən 2 ay sonra – 6 noyabr 2025-ci ildə Mərkəzi Asiya ölkələrinin liderləri Vaşinqtona dəvət olunmuş və C5+1 zirvəsi keçirilmişdir. Zirvə çərçivəsində ABŞ-la Qazaxıstan liderlər arasında çox mühüm müqavilələr imzalanmış, dolayısıyla qardaş ölkənin təbii sərvətlərinin istismarı Vaşinqtonun ixtiyarına verilmişdir. Rusiyanın bu prosesə də reaksiyası çox yumşaq olmuşdur.
Arqument-5.
Vaşinqton görüşü bitdikdən qısa müddət sonra Özbəkistanın paytaxtında C5 (Mərkəzi Asiya İttifaqı) sammiti keçirilmiş və Azərbaycan da bu ittifaqın həqiqi üzvlüyünə qəbul olunmuşdur. Beləcə, ittifaq C6 adlanmağa başlanmışdı.
Arqument - 6.
Ermənistan avqustun 8-də keçirilən Vaşinqton görüşündə üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirmək istiqamətində ciddi addımlar atmışdır. İlk öncə o, ATƏT-in Minsk qrupunun rəsmən ləğv olunması barədə qərar qəbul etmiş, ardınca da Ermənistan Konstitusiya Şurasını toplantıya çağırmış və ona mart ayına qədər yeni konstitusiya layihəsini hazırlamağı tapşırmışdır. Bu isə o deməkdir ki, Ermənistan konstitusiyasının preambulasındakı Azərbaycanı narahat edən ifadələr də çıxarılacaq. Bununla da Azərbaycanla Ermənistan arasında mübahisəli heç bir mövzu qalmayacaq.
Mən də bütün bu arqumentlərə əsaslanaraq, Rusiyanın Ukrayna müqabilində Mərkəzi Asiya və Cənubi Qafqazdan ABŞ-ın xeyrinə vaz keçdiyini bildirmişdim.
Maraqlıdır ki, ABŞ-ın Türkiyədəki səfiri və Donald Trampın Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Yunanıstanın “Katimerini” qəzetində bu gün dərc olunan müsahibəsində irəli sürdüyü bəzi fikirlər də bəndənizin iddialarını bir növ təsdiqləyir. O, müsahibəsində Xəzər dənizindən Aralıq dənizinə qədər coğrafiyada Tramp hökumətinin “yeni regional nizam”ından bəhs edərək, bu ölkələrdə vahid siyasi sistemin yaradılması perspektivindən danışır. O qeyd edir ki, 1919-cu ildə yaradılan mövcud geosiyasi sistem milli dövlətlər prinsipinə əsasən qurulduğu üçün heç bir işə yaramadı. Aralıq dənizindən Xəzərə qədər ərazilərdə eyni dəyərləri bölüşən yeni sistem yaradılmalıdır. Siyasi sistem anlayışı həm hakimiyyəti, həm də müxalifəti ehtiva etdiyindən bu gün Azərbaycanda eyni anda sistemin iki müxtəlif təbəqəsinə qarşı mübarizə aparılması, bir növ onların sıradan çıxarılaraq yerlərinin boşaldılması, fikrimcə, təsadüfi deyil. Məqsəd Rusiyanın təsir dairəsindən uzaqlaşdırılmış yeni sistem qurmaq ola bilər.
Yazını çox uzatmamaq xətrinə Tom Barakın sözügedən müsahibəsindən Xəzər coğrafiyası ilə əlaqədar hissəni diqqətinizə çatdırıram. Müsahibənin tamamını isə ayrıca paylaşacağam:
“-Sizcə, ölkələrimiz arasında Şərqi Aralıq dənizi üçün bir növ forumun yaradılması effektiv yol xəritəsi ola bilərmi?
-Tamamilə. 100%. Bu belə olmalıdır. Hər şey ünsiyyətdən başlayır. Və ünsiyyət qorxudan çox rifahla idarə olunur. Beləliklə, iki ölkə birləşdikdə nə yaradıla biləcəyini təsəvvür edin; Hər iki ölkə üçün, bütün insanlar üçün... Şərqi Aralıq dənizində uşaqlar üçün yeni birlik, firavanlıq və daha yaxşı həyat üçün bütün ümid və arzuları düşünün.
-Xəzərdən Aralıq dənizinə qədər uzanan “formula”nı qeyd etdiniz. Bu nə deməkdir?
-Mən sadəcə öyrəndiyim dərslərə baxıram. Keçmişdən nə öyrəndik, buna baxıram? Mənim patronum də belə edir. Prezident Trampın bu qlobal perspektivi var, çünki o, tarix tələbəsidir. Ədviyyat Yolu və İpək Yolu Şərqi Qərblə üç-dörd müxtəlif marşrutda birləşdirirdi. Və bu tərəqqi yolunda sivilizasiyaların birləşməsinə səbəb oldu. Bu yenidən baş verə bilər, lakin biz 1919-cu ildən bəri milli dövlətlər tərəfindən bloklanmışıq. Hər bir ölkənin, hər bir dövlətin fərqli bir hökumət növü tərəfindən idarə olunması ideyası çox yaxşı işləmədi. Beləliklə, yeni bir rifah növü yaratmaq üçün bunu nəzərdən keçirin: Xəzər dənizində Yunanıstan və Türkiyənin qapıları olduğu Aralıq dənizinə çatmaqda maneə olan çoxlu qalıq yanacaq ehtiyatlarımız var. Necə ola bilər ki, onlar açıq olmasınlar? Bu siyasi müdaxilədən necə qaça bilərsiniz? Siz rifah vasitəsilə siyasi müdaxilədən qaçırsınız. Ümidimiz budur”.
Göründüyü kimi, ABŞ rəsmisi Xəzərdən Aralıq dənizinə qədər vahid bir siyasi sistemdən danışır. Və bu ölkələr arasındakı siyasi idarəetmənin yenilənməsini, bir-biriylə əməkdaşlıq etməsini arzulayır. Bu isə həm də o deməkdir ki, ABŞ Xəzərdən Aralıq dənizinə qədər geniş coğrafiyanı öz təsir dairəsində görür və bu coğrafiyada bəzi mühüm dəyişikliklər və islahatlar aparmağı planlaşdırır.
Heydər Oğuz
TEREF

