Elm Şərqdə doğuldu, Avropaya ötürüldü və orada yeni metodlarla yenidən quruldu
15-12-2025, 17:54

Dünyanın təhsil tarixi mənə maraqlı idi. Bazar günümü buna ayırıb özüm üçün araşdırdım. Maraqlı və yadda qalan olmağı üçün post kimi paylaşıram.
Dünya təhsil tarixinin ilkin mərhələlərində təhsilin əsas qaynağı ya fəlsəfə, ya da din olmuşdur. Müxtəlif sivilizasiyalarda bu iki istiqamət fərqli formalarda institusional təhsilə çevrilmişdir.
Çin modeli
Çində təhsilin kökləri Konfutsi təliminə dayanır. Təhsilin formalaşması və inkişafı əsasən dövlət idarəçiliyində məmur yetişdirmək zərurətindən doğmuşdur. Bu səbəbdən Çin təhsil sisteminin ilkin məqsədi alim yetişdirmək deyil, dövlətə sadiq və savadlı məmurlar hazırlamaq olmuşdur.
Meritokratiya, yəni imtahan yolu ilə yüksəlmə sistemi ilk dəfə məhz Çində formalaşmışdır. Əzbər və imtahan əsaslı təhsil modeli VIII–XIII əsrlərdə Çin ərazisinin böyük hissəsinə yayılmışdır. Çində ali təhsil e.ə. II əsrdə Konfutsiçi dövlət fəlsəfəsi əsasında yaranmış, mədrəsə tipli akademiyalar şəklində minilliklər boyu davam etmiş, lakin elmi inqilaba çevrilməmişdir.
Yunan modeli
Qədim dünyanın ən mühüm təhsil mərkəzlərindən biri Yunanıstan olmuşdur. Burada təhsil fəlsəfədən doğmuş, akademiya tipli qurumlar şəklində inkişaf etmişdir. E.ə. IV əsrdə Platonun Akademiyası, Aristotelin Likeyi və Pifaqor məktəbi bu modelin əsas nümunələri idi.
Yunan təhsilinin fəlsəfi əsası insan ağlı, müşahidə və məntiq idi. Tədris forması ustad–şagird münasibətinə, dialoqa (Sokrat metodu) və mübahisəyə əsaslanırdı. Lakin bu sistem:
1. dövlət tərəfindən institusionallaşdırılmamış,
2. kütləvi təhsilə çevrilməmiş,
3. proqram və diplom sistemi yaratmamışdır.
Bu səbəbdən Yunan təhsili elit akademiyalar səviyyəsində qalmış, mədrəsə tipli sistemə çevrilməmişdir.
İran (Fars) modeli
Qədim dünyanın digər mühüm təhsil mərkəzi İran yaylası olmuşdur (e.ə. VI–IV əsrlər). Burada təhsil əsasən kahinlərə, zadəganlara və məmurlara yönəlmişdi. Təhsilin məqsədi dövlət idarəçiliyi, hərb və hüquq sahəsində kadr yetişdirmək idi.
Çin modelindən fərqli olaraq, yüksəliş imtahanla deyil, daha çox sosial əlaqələr və mənsubiyyət üzərindən baş verirdi.
Sasani dövrü: əsas dönüş nöqtəsi
Təhsil tarixində mühüm dönüş Sasani dövrünə (III–VII əsrlər) təsadüf edir. Xuzistanda III əsrdə qurulan Gundişapur Akademiyası Yunan fəlsəfəsi, Hind təbabəti və İran idarəçilik ənənəsinin sintezi əsasında fəaliyyət göstərmişdir. Burada tibb, fəlsəfə, riyaziyyat və astronomiya tədris olunmuş, dünyanın ilk çoxfakültəli ali məktəblərindən biri formalaşmışdır.
Mədrəsə modelinin yaranması
Fars–Yunan təhsil modeli Hənif İslam əxlaqı və ədalət anlayışı ilə birləşərək mədrəsə sisteminə çevrilmişdir. Bu proses nəticəsində dünyada ilk dəfə kütləvi orta məktəb mədəniyyəti formalaşmışdır.
VII–XIV əsrlərdə 7–14 yaşlı uşaqlar üçün fəaliyyət göstərən mədrəsələr bugünkü orta məktəblərin ilkin forması idi. Bu mədrəsələrdə yalnız dini biliklər deyil, həm də riyaziyyat, astronomiya, mühəndislik və təbiət elmləri tədris edilirdi.
Bu modelin mahiyyəti belə ifadə oluna bilər:
1. Yunan dünyası- azad fəlsəfə və metod verdi
2. Fars və Çin- dövlət sistemi və institutlaşdırmanı təmin etdi
3. İslam- elmə mənəvi legitimlik, kütləvilik və vəqf sistemi gətirdi
Beləliklə, mədrəsə Yunan ağlı + Fars dövləti + İslam etikası sintezinin məhsulu idi.
Tibb və texniki elmlər
IX–XI əsrlərdə Xorasan, Buxara, Rey, Bağdad və Anadoluda darüşşifalar fəaliyyət göstərirdi. Bu müəssisələr həm xəstəxana, həm də tibb məktəbi idi. İbn Sina kimi alimlər burada klinik müşahidə, anatomiya və farmakologiyanı praktik tədrislə birləşdirirdilər.
Eyni dövrdə Xorasan, Mərv, Buxara, Səmərqənd və Diyarbəkirdə texniki elmlərin elmi əsasları qoyulmuş, mexanika və hidravlika inkişaf etmişdir. Əl-Cəzərinin “Kitab əl-Hiyal” əsəri ilk mühəndislik dərsliklərindən biri hesab olunur.
Avropaya ötürülmə
Xaç yürüşlərindən sonra (1096–1291) Avropalılar Şərqdə xəstəxana, su sistemləri, fortifikasiya, cərrahiyyə və dərmançılıqla tanış oldular. XI–XIII əsrlərdə Toledo, Siciliya, Salerno və Monpelyedə fəaliyyət göstərən tərcümə mərkəzlərində İbn Sina, Əl-Razi, Əl-Cəzəri, Biruni, Fərabi və İbn Rüşdün əsərləri latın dilinə çevrildi.
Bu biliklər əsasında Bolonya, Padua, Paris və Oxford kimi universitetlər formalaşdı.
Mədrəsənin durğunlaşması
Zamanla Hənif İslam düşüncəsini əvəz edən Əməvi dini olan siyasi islamın inkişafı nəticəsində mədrəsələr əsasən fiqh və kadr hazırlığı mərkəzinə çevrildi. Riyaziyyat, fizika və təcrübi elmlər ikinci plana keçdi, şərh–haşiyə–təqlid zənciri gücləndi.
Elm azad düşüncə sahəsi olmaqdan çıxaraq dövlət bürokratiyasının bir hissəsinə çevrildi. İnstitusional muxtariyyət formalaşmadı, dini və elmi sahələr arasında aydın sərhəd qurulmadı.
Nəticə etibarilə, mədrəsə universitetə çevrilə bilmədi, çünki elm müqəddəs mətnin şərhi kimi donduruldu. Avropada isə elm təbiətin sorğulanması, eksperiment və ölçmə üzərində inkişaf etdirildi.
Elm Şərqdə doğuldu, Avropaya ötürüldü və orada yeni metodlarla yenidən quruldu.
Tural Abasquliyev

