Əhali 10 milyard dolları niyə dövlətə etibar etmir - BELƏ DAVAM EDƏRSƏ...
17-12-2025, 10:59

Azərbaycanda banklardan kənarda nağd pulun həcmi yüksək olaraq qalır. Ötən həftə Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib ki, Azərbaycanda əhali 10 milyard dolları “yastıq altında” saxlayır. O bildirib ki, bu pul ölü kapitaldır və elə etmək lazımdır əhali bu pulları yastıq altından çıxarıb bazara sərf etsin. Bəzi ekspertlərə görə, Mərkəzi Bankın rəhbəri faktiki olaraq mövcud bank sistemi ilə bağlı ciddi tənqidi fikir səsləndirib.
“Yastıq altında pul” ifadəsi iqtisadiyyatda geniş şəkildə işlənir. “Yastıq altında” böyük həcmdə nağd pulun saxlanılması real sektorun maliyyələşdirilməsi baxımından arzuolunan deyil. Mərkəzi Bank sədrinin bu açıqlaması onu göstərir ki, vətəndaşlar hələ də bank sisteminə inanmır və pullarını evdə saxlamağa üstünlük verirlər. Əhalinin banklara etibar etməməsini isə bir çox ekspertlər bankların bağlanması hallarının çox olması ilə izah edirlər. Onların fikrincə, son zamanlar bir-birinin ardınca bağlanan banklar insanlarda onlara olan güvəni azaldıb. Bu səbəbdən də bir çox vətəndaşlar pullarını evdə saxlamağa üstünlük verirlər.
İkincisi, vətəndaşlar pullarını investisiya kimi yönəldəcək sahə tapa bilmirlər. Vətəndaşlar biznes açmaqdan, şirkət qurmaqdan, investisiya qoymaqdan çəkinirlər. Məntiq isə sadədir - bizneslə məşğul olmaq ölkədə riskli sahədir. Qiymətli kağızlar bazarının inkişaf etməməsi, məsələn, SOCAR kimi digər gəlirli şirkətlərin də fərdi şəxslər üçün əlçatan olan qiymətli kağızları dövriyyəyə buraxmaması ən sərfəli investisiyanı daşınmaz əmlak bazarına yönəldir. Daşınmaz əmlak, obyekt alınması, ev alınması, torpaq sahəsi alınması və s. gələcəkdə ən azından vətəndaşlar üçün itkinin olmamasına, yəni itki ilə üzləşməməsi baxımından daha məqsədəuyğun yatırım hesab edilir. Amma bu sahədə də ciddi bahalaşma ilə bərabər ciddi dalğalanmalar da var.
İqtisadçı Eldəniz Əmirov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Yastıq altındakı” pulun 10 milyard dollar olaraq qiymətləndirilməsi üçün digər göstəricilərlə əlaqələndirmək və real müqayisə aparmaq lazımdır. Belə ki, 10 milyon nəfərlik Azərbaycanda 10 milyard dollar vəsait varsa, hər vətəndaşa düşən məbləğ təxminən 1000 dollar edir. Ümumilikdə isə bu məbləğ ölkənin ümumi daxili məhsulunun (ÜDM) 12-13 faizini təşkil edir ki, bu da yüksək göstəricidir. Çünki maliyyə sistemi yüksək olan ölkələrdə bankdan kənar bu vəsaitin ÜDM-ə nisbəti təxminən 5 -7 faiz, maksimum isə 8 faiz civarındadır. Məhz bu pul kütləsinin banklardan kənarda saxlanılması pul siyasətin effektivliyini zəiflədir. Məsələn, banklardan kənar pulun kütləsi ABŞ-də təxminən 8-9 faiz, Türkiyədə 9-10 faiz, Rusiyada 10-11 faizdir. Bizim vəziyyət isə Rusiyaya yaxındır. Yəni göründüyü kimi, maliyyə sistemi daha işlək olduqca, bankdan kənarda saxlanan pulun ÜDM-ə nisbəti azalır. Belə vəziyyətdə Mərkəzi Bank üçün faiz alətləri və digər monetar mexanizmlər tam effektiv işləyə bilmir.
O ki qaldı bu pul niyə banklardan kənarda qalır, nəzəri baxımından bunun bir neçə səbəbi var. Birincisi, bank sektoruna olan inamsızlıqdır. İkincisi, investisiya alətlərinin məhdud olmasıdır. Üçüncüsü isə alternativ bazarların zəifliyidir. Mən hesab edirəm ki, bu üç səbəbin hər birinin müəyyən qədər xüsusi çəkisi vardır. Amma daha az təsir göstərən faktor bank sektoruna olan inamsızlıqdır. Hazırda ölkəmizdə, deyək ki, son 10 il ərzində bank sektoruna inam güclənib. Bəli, investisiya alətlərinin məhdudiyyəti hələ də mövcuddurmu? Bəli, mövcuddur. Alternativ bazarların zəifliyi müşahidə olunurmu? Bəli, hələ də müəyyən dərəcədə mövcuddur".
O ki qaldı 10 milyard dolların azaldılmasına, iqtisadçı deyib ki, pulların dövriyyəyə daxil edilməsi üçün birinci növbədə insanların maarifləndirilməsi istiqamətində işlərin aparılmasına ehtiyac var: “İnsanlar başa düşməlidirlər ki, yastıq altda saxlanılan hər 100 manat ilin sonunda təxminən 8-10 manat dəyərini itirir və 90-92 manat qalır, maksimum 93 manat. Digər tərəfdən, əmanət sığortası və real vaxtı daha sürətli və effektiv işləməlidir. İnsanlar bilməlidir ki, pul lazım olanda çıxış sürətli, dəqiq və problemsizdir. Beləliklə, pullar evdə saxlanmaq əvəzinə məhz banklara etibar etməlidir, nəinki iqtisadiyyatın digər tərəflərinə”.
Hüquqşünas, bank məsələləri üzrə ekspert Əkrəm Həsənov da mövzu ilə bağlı mediada maraqlı məqamları vurğulayıb. Onun fikrincə, ölkədə əhalinin banklardan kənarda, yəni “yastıq altında” saxladığı vəsaitlərin həcminin artması uzun illərdir müşahidə olunur və bunun əsas səbəbi bank sisteminə olan etimadın tam bərpa edilməməsidir. Həsənov bildirir ki, bank sektorunda yaşanan təkrar böhranlar, fəaliyyətini dayandıran banklar, əmanətçilərə münasibətdə yaranan problemlər və valyuta bazarındakı kəskin dəyişikliklər insanlarda ciddi ehtiyatlılıq formalaşdırıb. Onun sözlərinə görə, xüsusilə 2015-ci il devalvasiyasından sonra ABŞ dolları bir çoxları üçün risklərdən yayınma vasitəsinə çevrildi. Bu yanaşma bu gün də qalmaqdadır və nəticədə əhali banklarda deyil, vəsaitlərini evdə saxlamağı daha etibarlı seçim kimi görür.

