Cəmiyyətlərdə qadın və kişi güc balansı: Ailədən cəmiyyətə təsiri
18-12-2025, 15:24

Cəmiyyətlərdə qadın və kişilər arasında güc bölgüsü – məsələn, əvvəlki postda qeyd olunan ultrapatriarxal, patriarxal və ya matriarxal sistemlər – çox önəmlidir, çünki bu dinamika adətən yalnız ailədaxili münasibətlərlə məhdudlaşmır. O, icmaya, daha sonra isə bütövlükdə cəmiyyətə sirayət edir, mədəni normaları, sosial gözləntiləri və liderlik rollarına olan baxışı formalaşdırır. İş yerlərində isə işə qəbul və irəliləyiş qərarlarını, təşkilat mədəniyyətini, hətta milli və qlobal səviyyədə qanunları, siyasəti, əmək münasibətlərini və siyasi iştirak qaydalarını müəyyənləşdirir.
Məsələn, ərəb xalqları tarixən ultrapatriarxal quruluşda olmuş, qadınlara çox məhdud azadlıqlar tanımışdır. İslam gəldikdən sonra isə bu münasibətlər dəyişməyə başladı: sərt adət-ənənələr sorğulandı və qadın hüquqlarında ciddi irəliləyişlər əldə olundu. Qadınlara miras hüququ verildi, qız uşaqlarının diri-diri basdırılması qadağan edildi, nikahda qadınların razılığı şərt kimi qəbul edildi. Bu, yalnız başlanğıc idi – İslam həm də hüquq, idarəçilik və sosial münasibətlərdə geniş islahatlar gətirərək tərəqqi üçün möhkəm baza yaratdı. Bu dəyişikliklərin nəticəsində Abbasilər, Əməvilər (Umayyad), Fatimilər və Səlcuqlar kimi güclü imperiyalar meydana gəldi. Onlar VIII–XIII əsrlərdə öz dövrlərinin ən qabaqcıl siyasi və mədəni mərkəzləri sayılırdılar. Bağdad, Qahirə, Kordova və Nişapur kimi şəhərlər elm, fəlsəfə, tibb, astronomiya və memarlıqda dünya miqyasında nüfuz qazanmışdı. O dövrdə Avropa hələ Roma imperiyasının süqutundan sonrakı xaosdan çıxmağa çalışırdı və inkişaf baxımından geri qalırdı. Avropada Renessans dövründə bir çox elmi və mədəni nailiyyətlərin mənbəyi məhz İslam dünyasının Qızıl Dövründə qoyulmuş təmellərə əsaslansa da, bu həqiqət kifayət qədər vurğulanmır. Bu gün bəzi müsəlman toplumlarının geridə qalması isə İslamın özündən deyil, daha çox ultrakonservativ qəbilə mədəniyyətinin davam etməsindən və dinin sərt yozumundan (rigid interpretation of religion) qaynaqlanır. Azərbaycanda da “mentalitet” adlandırdığımız bəzi qaydaların İslamla heç bir bağlılığı yoxdur.
İş yerlərində ultrapatriarxal sistemlər adətən sərt iyerarxik (top-down) idarəetməni üstün tutur. Aşağı mövqedəki əməkdaşların fikir bildirməsi, dəyişiklik təklif etməsi çətinləşir, qadınların irəliləməsi məhdudlaşdırılır. Belə yanaşmalar yalnız iş mühitində deyil, gündəlik həyatda da özünü göstərə bilər: belə düşüncəyə sahib olanlar qarşıdurmaya daha meylli olur (conflict-driven), səbəbsiz yerə üstünlük nümayiş etdirmək istəyirlər (dominance-seeking), tənqidi qəbul etmirlər, dəyişikliyə və yeniliyə çox da açıq olmurlar. Bu tip idarəçilik uzunmüddətli perspektivdə təşkilatların çevikliyini azaldır, əməkdaşlıq və innovasiya imkanlarını məhdudlaşdırır. Nəticədə həm iş yerlərində, həm də cəmiyyətdə sosial etimad zəifləyir və insanlar arasında daha çox məsafə yaranır. Daha balanslı, inklüziv sistemlər isə əksinə, əməkdaşlığa və dayanıqlı inkişafa şərait yaradır.
Əksinə, ultraproqressiv və ya ultraliberal cəmiyyətlərdə isə feminist meyllər daha çox hiss olunur. Gender bərabərliyi, qadınların hüquqları və irəliləyişi ilə bağlı ideyalar bəzən ifrat dərəcəsində ön plana çəkilir və bunun nəticəsində ənənəvi rollar tez-tez müzakirə və ya sual altına alınır. Misal üçün, iş yerlərində gender bərabərliyi mövzusu gündəmə gətiriləndə bu, daha çox yüksək maaşlı, idarəçilik və ya ofis işlərinə (white collar) aid edilir. Amma eyni bərabərlik tələbləri, məsələn, neft-qaz sənayesində ağır sahə işlərinə –dəniz platformasında mexanik və ya qazma işçisi (roughneck) vəzifələrinə – çox nadir hallarda səslənir. Eləcə də Fələstində qadın hüquqları ilə bağlı kifayət qədər ritorika eşitmirik.
Nəticə etibarilə, ailə münasibətləri, iş mühitlərindəki dinamika və mədəni normalar çox vacibdir, çünki bunlar ilk baxışdan kiçik görünsə də, böyük təsir gücünə malikdir. Necə ki, mikroiqtisadiyyat olmadan makroiqtisadiyyat effektiv ola bilməz, eləcə də ailə və icma səviyyəsində formalaşan dayanıqlı münasibətlər olmadan güclü milli və qlobal inkişaf mümkün deyil. Ona görə də bu münasibətlər və narrativlər şəxsi münasibətlərdən tutmuş iş yerlərinin səmərəliliyinə, oradan isə bütöv iqtisadiyyata qədər hər şeyi formalaşdırır və nəticədə milli və qlobal miqyasda böyük dəyişikliklərə səbəb olur. Beləcə, ən böyük dəyişikliklər ailə və icma kimi ən kiçik dairələrdən başlayır, dalğa effekti ilə cəmiyyətə yayılır və xalqların yüksəlişi və ya geriləməsi bəzən məhz bu sosial narrativlərin yönündən asılı ola bilir.
Mahammad Valiyev
TEREF

