Psixologiya təhsilin əsas tərkib hissəsinə çevrilib.

19-12-2025, 09:14           
Psixologiya təhsilin əsas tərkib hissəsinə çevrilib.
Və bu gün insanlara daha çox təlqin edilən şey budur ki, sən ona görə beləsən ki, travma almısan. Bu məsələnin PR-ı o qədər güclü olub ki, valideynlər uşaqlarını dəhşətli dərəcədə qoruyurlar ki, vay aman, birdən uşağım travma alar. Müəllim uşaqdan nəsə tələb edir, valideyn bildirir ki, ay aman, uşaq travma aldı. Uşaq uşaqla oynayıb mübahisə edir, valideyn dəhşətlər içində qalır ki, vay aman, övladım travma aldı. Hətta öz övladım da bəzən məni manipulyasiya edir ki, “ata, travma alıram ha, bax”.
Yaxşı, indi gəlin baxaq görək bu travma təbrizlilər demiş “nə mənə şeydi”? qarabağlılar demiş hardan çıxıfdı?
Ümumiyyətlə, mənə görə psixologiya insan davranışı haqqında elmdir. Burada əsas iki nəzəriyyə var. Birincisi Sigmund Freudundur. O düşünür ki, insan davranışının əsas mənbəyi şüuraltıdır, xüsusən də instinktlərdir. Mərkəzdə libido, cinsi və aqressiv impulslar dayanır. Uşaqlıq travmaları insanın bütün həyatını müəyyən edir. İnsan daha çox keçmişinin məhsuludur. Əsas sualı budur:
“Məni nə formalaşdırıb?”
Bu nəzəriyyə ilə insan keçmişdə qalır və yaşadığı hər şeydə keçmişini, uşaqlığını, valideynlərini günahlandırır, irəliyə baxa bilmir və hər zaman keçmişdə yaşayır. Freudun bu nəzəriyyəsi onun davamçıları üçün böyük biznesə çevrildi. İndi hər kəs bir saatı bəzi ölkələrdəki aylıq minimum əmək haqqının yarısı qədər ödəniş edərək keçmişindən qurtulmağa çalışır. Ən pisi odur ki, hələ də travmasından qurtulan, sağalan və dəyişən insan yoxdur. Saatlarla danışıb dinlənilmək ağrıkəsici dərman effekti verə bilər, amma yaranı sağalda bilməz.
Freud fərdi keçmiş travmaların məhbusu kimi görür, cəmiyyəti isə çox vaxt fərdin basqılandığı mexanizm sayır. Freudun nəzəriyyəsinə görə cəmiyyət insanın düşmənidir. Buna görə də insanlar ultra azadlıq axtarışına düşür, keçmişdən qurtulmaq və mütləq azadlıq axtarırlar. Ancaq mənə görə insanın aid olduğu, doğulduğu cəmiyyət onun düşməni yox, gələcəyidir. İnsan öz gələcəyi, yəni cəmiyyəti üçün çalışmalıdır.
Alfred Adler də belə düşünür. İnsan davranışının əsasında keçmiş travmalar, aqressiya və libido yox, məqsəd, məna, nüfuz, hörmət, diqqət və üstün olma arzusu dayanır. Biz bu gün dadlı yeməklər verən restoranlara yox, yaxşı xidmət edən restoranlara daha çox üstünlük veririk. Çünki orada özümüzü daha hörmətli hiss edirik. Bu həqiqətdir ki, hamımız hörmət, diqqət və nüfuz üçün çalışırıq, sözümüzün keçərli, iradəmizin güclü və sayılan olmasını istəyirik.
Adlerə görə əsas anlayış aşağılıq kompleksi və onu aşmaq cəhdidir. İnsan yalnız özü üçün yox, cəmiyyət üçün mənalı olmaq istəyir. Freud birmənalı olaraq səhv düşünmür. Keçmiş təsir edir, amma gələcək hədəflər daha önəmlidir. Burada əsas sual “məni nə formalaşdırıb?” yox,
“Hara gedirəm və nəyə xidmət edirəm?” sualıdır.
Bu nəzəriyyə insanı keçmişdən gələcəyə aparır. Amma hazırkı psixologiya elmi bizi keçmişdə yaşadır. Bir fikir də var ki, guya fərqindəliyə çatacağıq. Çatırıq da, amma bu fərqindəlik praktikada həyatımızda heç nəyi dəyişmir. Gözəl düşünürük, amma gözəl yaşaya bilmirik.
Adlerin düşüncəsi həm türk düşüncəsində, həm Çin–Yapon fəlsəfəsində, həm də səmavi dinlərlə uyğun gəlməsinə baxmayaraq, aktuallığı günümüzə gəlib çıxmayıb. Çünki bu düşüncənin təməlində kapitalizm ənənələri Freudun nəzəriyyəsi qədər güclü deyil.
Adlerin nəzəriyyəsi türk düşüncəsindəki şərəf, törə, məsuliyyət, yəni el üçün yaşamaq, törəyə bağlılıq, qoruyucu–yolgöstərən kişi modeli ilə birbaşa üst-üstə düşür.
İslam dini ilə müqayisə etdikdə Freud insanın əsas hərəkətverici gücünü instinktdə görür, nəfsi çox vaxt idarəolunmaz sayır, dini isə bəzən psixoloji mexanizm kimi izah edir.
Bu yanaşma İslamda qəbul edilmir. Çünki İslamda nəfs tərbiyə olunandır, öldürülən yox. İnsan iradə və məsuliyyət sahibidir. Əsas məqsəd instinkti doyurmaq yox, haqqa yönəlməkdir. Freud “İnsan nəfsinin əsiridir” deyir. İslam isə “Nəfs tərbiyə oluna bilər” deyir.
Çin fəlsəfəsi ilə müqayisədə Konfutsiçilikdə əsas anlayışlar məsuliyyət, nizam, harmoniya və xidmətdir. İnsanın dəyəri cəmiyyətdəki roluna görə ölçülür. Bu, Adlerlə çox oxşardır: sosial məsuliyyət, eqonun arxa plana keçməsi, özünü aşma. Freud isə fərdi istəyi önə çəkdiyi üçün Konfutsi dünyagörüşünə uzaqdır.
Yapon fəlsəfəsi ilə müqayisə etdikdə isə şərəf, məsuliyyət, xidmət və özünü aşma ön plandadır. Bu, Adlerlə demək olar ki, eyni xəttdir: fərdi istək yox, daha böyük məqsəd üçün yaşamaq.
Freudun yanaşmasının mərkəzdə qalması insanı daha çox travmalarının, instinktlərinin və keçmişinin məhsulu kimi təqdim etdi. Bu baxış fərdi məsuliyyətdən çox izaha və bəraətə yönəltdi. Nəticədə müasir dünyada insanlar “niyə belə oldum?” sualında ilişib qalır, “nə etməliyəm?” sualı isə arxa plana keçir.
Adlerin nəzəriyyəsi isə insanı məqsədli, cavabdeh və cəmiyyətə fayda verməyə qadir varlıq kimi görürdü. Bu baxışın geniş yayılmaması, xüsusən təhsil və sosial modellərdə, məsuliyyət, xidmət və məna anlayışlarının zəifləməsinə səbəb oldu. Bugünkü mənəvi boşluq, fərdi eqonun şişməsi və kollektiv məsuliyyətin aşınması bunun təzahürlərindəndir.

Tural Abasquliyev
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]