Təhsildə islahatlar niyə bu qədər tənqid olunur?
23-12-2025, 11:16

Niyə ölkəmizdə gündəmdən düşməyən sahə məhz təhsildir və niyə ən çox müzakirə olunan şəxslər təhsilimizə rəhbərlik edənlərdir?
Bunun iki əsas səbəbi var: daxili və xarici.
Daxili səbəblərin kökündə sosial münasibətlər, məişət problemləri( uşaqlara kim baxacaq, yeməyi kim bişirəcək, paltarı nə vaxt ütülüyəcəm, qaynatama çayı necə verəcəm), düşüncə və dəyər böhranı dayanır. Təhsil cəmiyyətin güzgüsüdür; cəmiyyətdə hansı problemlər varsa, onların hamısı birbaşa və ya dolayı şəkildə təhsildə özünü göstərir.
Xarici səbəblər isə daha geniş və strateji xarakter daşıyır: siyasi, iqtisadi və hətta son mərhələdə hərbi amillər. Təhsil sadəcə bilik ötürən mexanizm deyil, ölkənin gələcək gücünü formalaşdıran əsas sahədir.
Tutaq ki, biz sosial və məişət problemlərini müəyyən qədər həll etdik. Müəllimlərimiz isti yemək, uşağın baxımını, yoldaşın paltarını, qaynatanın çay məsələsin həll etdik. Bəs bu halda bizi xaricdən hansı təhlükələr gözləyə bilər?
Uğurlu təhsil islahatları və elmi tərəqqi cəmiyyəti istehlakçıdan istehsalçıya, idxalçıdan ixracatçıya çevirir. Bu isə o deməkdir ki, ölkə daxili bazarını özü təmin edə, hətta beynəlxalq bazarda pay sahibi ola bilər. Belə bir dönüş təkcə iqtisadi deyil, eyni zamanda siyasi və hərbi güc deməkdir.
Bəs öz sosial rifahını, iqtisadi və hərbi gücünü başqa ölkələrin istehlakçı bazarı hesabına quran dövlətlərin bu prosesə reaksiyası necə olar? Təbii ki, onlar bütün mümkün vasitələrdən istifadə edərək buna mane olmağa çalışacaqlar. Bu vasitələrə iqtisadi təzyiq, siyasi müdaxilə, informasiya savaşı və zərurət yarandıqda hərbi imkanlar da daxil ola bilər. Hal hazırda tarixi fürsətimiz yaranıb, güclü dövlətimiz, güclü ordumuz və güclü rəhbərimiz var. Bəlkə də başqa vaxt təhsil islahatı edə bilməzdik, amma bu gün edə bilərik. Təhsil ictimaətinin üzərinə böyük yük, böyük missiya düşür. Hər kəs yanan meşəyə ağzında su danışan qarışqa misalı çalışmalıdır. Başqa vaxt belə fürsət olacaqmı, bunu bilmirik.
İstehlakçı ölkələrdə sürətlə yayılan xurafat, siyasiləşmiş dini düşüncələr və elmdən uzaq ideoloji axınların əsas səbəblərindən biri də məhz budur. Çünki düşünən, analiz edən, istehsal edən cəmiyyət idarə olunan yox, qərar verən cəmiyyətə çevrilir.
Müasir və qlobal təhsilin zəruriliyini anlamaq üçün əvvəlcə iqtisadiyyatın fəlsəfəsini, daha sonra siyasətin mahiyyətini dərk etmək lazımdır. Yalnız bundan sonra aydın olur ki, çağdaş təhsil niyə həyati əhəmiyyət daşıyır.
Əmin ola bilərsiniz ki, mövcud təhsil sistemi çağdaş tələblərə tam cavab vermir. Burada “Amerikanı yenidən kəşf etməyə” ehtiyac yoxdur, inkişaf etmiş ölkələrin təhsil sistemlərinə baxmaq, onları analiz etmək və milli reallıqlara uyğun tətbiq etmək kifayətdir.
Tural Abasquliyev
TEREF

