Piterdə sirli Zəngəzur söhbəti - Moskvanın hədəfi
25-12-2025, 09:47

Liderlərin dəhliz müzakirəsi açıq suallar qoyur, Trampın adamı isə təməlqoyma mərasiminə gəlir - Kremlin planı
Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ ilə “Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu” (Zəngəzur dəhlizi - red.) layihəsi çərçivəsində aparılan danışıqların konstruktiv xarakter daşıdığını bildirib. O, bu prosesdə Ermənistan-Rusiya münasibətləri ilə bağlı bir sıra nüansların mövcud olduğunu qeyd edib.
Paşinyan həmin fikirləri MDB dövlət başçılarının Sank-Peterburqdakı qeyri-rəsmi sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüşdə səsləndirib. Onun sözlərinə görə, ABŞ ilə TRIPP layihəsinin icrasına və yol infrastrukturunun qurulmasına dair danışıqlar region üçün mühüm və məzmunlu dəyişikliklər vəd edir. Paşinyana görə, bu məsələlər Ermənistanın Rusiya ilə ikitərəfli münasibətlərinə də toxunduğundan, mövzunun ətraflı müzakirəsi üçün görüş yaxşı fürsətdir.
Qeyd edək ki, az öncə Paşinyan Qərbi Zəngəzurdan Azərbaycan sərhədinə və Türkiyəyə qədər mövcud olmuş dəmir yolu xətlərinin maksimum tez bərpa etməyi təklif etmişdi (Ermənistanın dəmir yolları Rusiya şirkətinin hesabındadır).
Moskva və Tehranın məqsədi bölgədə gedən proseslərdə yer almaqdan ibarətdir. Bunun üçün də müxtəlif bəhanələr axtarırlar. Həm də bununla ABŞ-nin bölgədə sülh yaratmaq və kommunikasiyaların açılması ilə bağlı təşəbbüslərinə də şərik çıxmaq niyyətləri var. Amma bunu nə şəkildə edəcəkləri ilə bağlı yollar düşünürlər. Sözsüz ki, burada bir çox məsələlər Ermənistandan asılıdır. Danışıqlar məhz İrəvan administrasiyası ilə aparıldığına görə bu onların görəcəyi bir işdir. Kremlin iddiasına görə, Zəngəzurda mövcud olmuş dəmir yolu şəbəkəsi onlara məxsusdur. Bu isə həqiqətdən uzaq bir yanaşmadır. Çünki dəhlizin Mehri hissəsi Azərbaycana məxsusdur. Ermənistanın bu ərazini kiməsə verməsi qeyri-qanunidir. Amma Paşinyan ruslardan dəmir yolunun bərpası üçün kömək istəyib.
Yeri gəlmişkən, 2026-cı ilin fevralında ABŞ-nin çox yüksək vəzifəli bir məmurunun Ermənistana səfəri gözlənilir. Bunu beynəlxalq məsələlər üzrə ekspert Suren Sarkisyan yazıb. O xatırladıb ki, Ermənistanda indiyə qədər ən yüksək vəzifəli Amerika məmuru Nümayəndələr Palatasının spikeri və dövlət katibi olub. Jurnalist Jirayr Voskanyan isə qeyd edib ki, onda olan məlumata görə, ABŞ-nin vitse-prezidenti Ceyms Di Vens 2026-cı ilin fevral ayında Ermənistana səfər edəcək. Voskanyan yazıb ki, Meğridə TRIPP layihəsinin (Zəngəzur dəhlizi) təməlqoyma mərasimi gözlənilir.
Mümkündür ki, ABŞ-nin vitse-prezidenti Ceyms Vens TRIPP layihəsinin təməlqoyma mərasimində iştirak etsin.
Rusiya üçün Zəngəzur dəhlizi ilə bağlı konkret hədəf hazırda nədir? Bu hədəf 8 avqust üçlü Vaşinqton görüşündən sonra dəyişikliyə uğrayıbmı? Kreml 10 noyabr (2020) kapitulyasiya sənədinin 9-cu bəndindən (həmin bəndə əsasən dəhlizə Rusiya nəzarət etməlidir), imtina edibmi? Nəhayət, Paşinyanın fikirlərinə Putinin reaksiya verməməsi nədən xəbər verir? Kremlin atacağı addımlar nə ola bilər?
Professor Qabil Hüseynli Azərbaycandan Azərbaycana keçidi qaçılmaz hesab edir. Onun fikrincə, Rusiyanın dəhlizə nəzarət etmək niyyəti isə reallaşmayacaq: “Dəhliz 99 il müddətinə ABŞ şirkətinə icarəyə verilir. Bu da Ermənistanla ABŞ arasında əldə olunan razılaşmadır. O deməkdir ki, əvvəlki razılaşma öz işinə getdi. Yəni söhbət üçtərəfli sənədin 9-cu bəndindən gedir. Ermənistan dəhlizə rus qoşunlarının yerləşməsinə razılaşmadı. Ona görə də Amerika şirkəti fəaliyyət göstərəcək. Bu məsələdə Ermənistan uğrunda bir rəqabətin güclənəcəyi dəqiqdir. Bizə maraqlı olan isə Naxçıvana quru yolun təmin olunmasıdır. Vaşinqtonla Moskva arasında Zəngəzurla bağlı hansı strateji qarşıdurma olacaq, Ermənistan bu prosesdə necə manevrlər edəcək, Rusiya Paşinyanı sıxışdıracaqmı - təbii ki, bunlar ciddi məsələlərdir, amma Azərbaycanın müdaxilə etməsinə ehtiyac yoxdur. Biz İrəvandan öhdəliyini yerinə yetirməsini gözləyirik”.
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədlinin fikrincə, Rusiya yeni reallıqla barışmış kimi görünür: “İndi yeni doktrina budur ki, Zəngəzur dəhlizinin imkanlarından istifadə etsinlər. Rusiyaya bu logistika lazımdır. Moskva anlayır ki, hazırda dəhlizə nəzarət imkanı və təzyiq gücü yoxdur. Amma gələcəkdə əlverişli şərait yarana və Ermənistana ciddi basqı göstərə bilər. Ukrayna müharibəsi Rusiyanın əl-qolunu bağlayıb. Cənubi Qafqazda əsas oyunçular - Azərbaycan, Türkiyə, ABŞ, Rusiya və İran öz maraqlarını ön plana çəkmək imkanlarına malikdir, Ermənistan isə bu toqquşmada daha çox yekun nəticə ilə razılaşmaq məcburiyyətində olan tərəf rolunda çıxış edir”.
S.Əsədli hesab edir ki, Rusiya dəhlizə nəzarəti itirib, lakin ABŞ-la Donbas mövzusunda bazarlığa gedilməsi mümkündür: “Orta dəhliz qlobal bir layihədir. Zəngəzur onun bir hissəsidir və buna sona qədər əngəl olmaq mümkün deyil”.
Onu da qeyd etmək lazımdır ki, son günlər Ermənistana taxıl partiyalarının Azərbaycan və Gürcüstan üzərindən növbəti tranziti ilə bağlı verilən açıqlamalar ilk baxışdan, sadəcə, sırf iqtisadi və texniki xarakter daşımış kimi görünür. Ancaq əslində bu, Cənubi Qafqaz regionunda formalaşmaqda olan yeni nəqliyyat-kommunikasiya düzəninin real siyasi mahiyyətini də açıq şəkildə üzə çıxarır. Və Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyanın bu barədə daha ehtiyatlı açıqlamaları rəsmi İrəvanın bu proseslərdə real qərarverici subyekt olmadığını da göstərir.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”

