“KQB” arxivindəki adlar: açar kimin “cibində”?
25-02-2026, 11:26

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “KQB arxivlərini açmağın və həm hakimiyyət, həm də müxalifət statusu altında gizlənən "beşinci kolon" üzvlərini göstərməyin vaxtının çatdığını" deyib.
Sabiq nazir vurğulayıb ki, Azərbaycanın milli təhlükəsizliyi naminə arxivlərin bir hissəsinin açılması zəruridir: “Hesab edirəm ki, arxivlərin bir hissəsini açmağın və hər kəsi layiq olduğu adla çağırmağın əsl zamanıdır”.
Onun arxivlərin açılması çağırışı postsovet məkanında həmişə mübahisəli məsələ olub. Çünki SSRİ dövrünün xüsusi xidmət sənədlərinin böyük hissəsi bu gün də əsasən Rusiya ərazisində saxlanılır və onların üzərində nəzarət əsasən varis qurum sayılan Federal Təhlükəsizlik Xidməti (FSB) və dövlət arxiv strukturlarındadır. Xüsusilə siyasi və kəşfiyyat materiallarının bir qismi açıq fondlara verilməyib və “məxfi” statusunu qoruyur.
SSRİ dağıldıqdan sonra ittifaq respublikalarının hər biri öz ərazilərində qalan sənədləri götürsə də, mərkəzi struktur materiallarının əsas hissəsi Moskvada - o cümlədən Rusiya Dövlət Arxivi və xüsusi xidmət arxivlərində saxlanılıb. Buna görə də keçmiş sovet respublikalarının - o cümlədən Azərbaycanın - sovet dövrü agentura şəbəkələri və ya siyasi fəaliyyətlə bağlı tam məlumat əldə etməsi hüquqi və siyasi baxımdan çətin proses sayılır.
Ekspertlərin fikrincə, belə arxivlərin açılması təkcə tarixi araşdırma deyil, həm də geosiyasi alət kimi istifadə oluna bilər. Çünki sənədlərin hansı hissəsinin açıqlanacağına arxiv sahibi qərar verir. Bu isə o deməkdir ki, məlumatların selektiv yayılması informasiya müharibəsinin bir hissəsinə çevrilə bilər.
Arxivlərin açılması çağırışı prinsipcə mümkün olsa da, bu məsələ yalnız siyasi bəyanat yox, eyni zamanda diplomatik və hüquqi müstəvidə uzunmüddətli proses tələb edir.
Milli Məclisin deputatı Elçin Mirzəbəyli “Yeni Müsavat”a dedi ki, SSRİ-nin süqutundan sonra bu mövzu artıq birinci dəfə deyil ki, gündəmə gətirilir: “ Qənaətimə görə, bu kimi məsələlərə ehtimal və fərziyyələr üzərindən, həm də siyasi polemikanın tərkib hissəsi kimi yanaşmaq doğru olmazdı. Çünki siyasətin öz, hüququn öz məntiqi var. Hüququn məntiqi daha konkret və daha ölçüləndir. Bu baxımdan da bu kimi məsələlərin konkret sahə üzrə təcrübəsi olan peşəkar mütəxəssislər tərəfindən dəyərləndirilməsi, zənnimcə, bütün yanaşmaların açarıdır. Hər kəsə məlum olan bəzi məqamlar var. Məsələn, bir qayda olaraq, təhlükəsizlik orqanlarının diqqətini çəkən hansısa məqamlar varsa onlar ilk növbədə əməliyyat məlumatları kimi qiymətləndirilir, şübhələr ciddidirsə, təhqiqat istintaq materiallarına çevrilir, əgər araşdırmalar və istintaq nəticəsində faktın cinayət tərkibli olduğu sübuta yetirilibsə, o zaman cinayət işi məhkəmə istintaqına təqdim olunur. Yəni bu o deməkdir ki, əgər kimlərsə Azərbaycan dövlətinə qarşı xəyanət yolunu tutublarsa, onlar ya layiqli cəzalarını alıblar, ya da daha öncə sadaladığım proseduralar başa çatdıqdan sonra cəzalarını alacaqlar. Məhkəmə istintaqının nəticəsi olaraq da hər kəsin bundan məlumatı olacaq.
SSRİ-nin Rusiyada saxlanılan arxivlərinə gəldikdə isə, düşünürəm ki, bu arxivlərdə yer alan materiallar yalnız Moskvanın geosiyasi maraqlarına uyğun olaraq, açıqlana bilər. Hətta bu halda da açıqlanan məlumatların dezinformasiya xarakterli ola biləcəyinə, Kremlin maraqları kontekstində təqdim olunacağına əminəm. Əgər söhbət hazırda da “beşinci kolon” missiyasını yerinə yetirənlərdən gedirsə, onların işi artıq SSRİ-nin yox, RF-nin arxivində, daha dəqiq desək, əməliyyat masasındadır. Belələri də, əgər vardırsa, Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən ifşa olunacaqlar".
AMİP liderinin köməkçisi, politoloq Əli Orucov da eyni qənaətdədir: “Keçmiş SSRİ xüsusi xidmət və təhlükəsizlik orqanlarının arxivlərinin açılması barədə müzakirələr uzun illərdir ki, aparılır. Azərbaycanda AXC-Müsavat hakimiyyəti dönəmində bu məsələ aktuallaşsa da, iqtidar bunun qəti əleyhinə çıxdı və müxtəlif bəhanələrlə arxivlərin açılmasından imtina etdi. Səbəblərdən biri kimi guya arxivlər açılarsa, vətəndaş qarşıdurması və ayrı-ayrı şəxslərə qarşı qasnamaların baş verəcəyi göstərildi. Halbuki xüsusi xidmət və təhlükəsizlik orqanlarındakı arxivlərın açılması həm də təhlükəsizliklə bağlıdır. Moskva keçmiş ittifaq respublikalarında olan həmin arxiv sənədlərinin çoxunu və ən vacibini süqutun ilk illərindən etibarən köçürüb. Arxiv sənədləri ilə bağlı təlimata əsasən də bəziləri də artıq məhv edilib. Yəni arxiv sənədlərinin açılması ilə bağlı çox gecdir və olanlar da əlçatan deyil. Ona görə də arxiv sənədlərinin açılması və agenturanın ifşası məsələsində çox gec qalmışıq. Digər tərəfdən, bunun ictimaiyyətə açılması və məxfi dosyelərin üzərindən məxfi qrifinin götürülməsində, fikrimcə, hökumət də maraqlı deyil. Heç kəsə sirr deyil ki, bu gün müxtəlif dövlət vəzifələrində təmsil olunan şəxslərin bu və ya digər şəkildə xüsusi xəfiyyə orqanları ilə bağlılığı üzə çıxa bilər. Bu isə həmin şəxslər üçün faciə deməkdir. Hesab edirəm ki, gizli arxiv materiallarının açılması mümkün görünmür. Ancaq bu labüddür. Çünki dövlət maraqları və təhlükəsizliyi bunu tələb edir. Rusiya həmin şəbəkəni istədiyi an hərəkətə gətirərsə, fəsadları ağır ola bilər. Bütün risklərə və çətinliklərə baxmayaraq gizli əlin kəsilməsinə nail olunmalıdır”.
Musavat.com

