ABŞ-də dinləmələr: - “Paşinyan yaydan ”sağ çıxmasa", Bakı isə..."
25-02-2026, 11:46

Ötən həftəsonu Vaşinqtondakı Hudson İnstitutu diplomatlar və ekspertlərlə ABŞ administrasiyasının Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəliləməsi üçün atdığı addımlar barədə dinləmə keçirib.
“Yeni Müsavat” xəbər verir ki, əsas məruzəçilər arasında dövlət katibinin müavini və Avropa və Avrasiya Məsələləri Bürosunun direktoru Sonata Coulter, Atlantik Şurasının Avrasiya Mərkəzinin direktor müavini Endryu Danieri, Hudson İnstitutunun Avropa və Avrasiya Mərkəzinin baş elmi işçisi Luke Coffey və ABŞ beyin mərkəzlərinin digər nümayəndələri olub.
ABŞ-nin dəstəyi ilə Azərbaycan və Ermənistan son aylarda davamlı sülhə doğru əhəmiyyətli irəliləyişlər əldə ediblər. Lakin analitiklər davamlı risklər barədə xəbərdarlıq edirlər. Bunlardan ən başlıcası iyun ayında Ermənistanda keçiriləcək seçkilərdir: Rusiyanın dəstəklədiyi revanşist qüvvələrin qalib gələcəyi təqdirdə regionun yeni gərginlik və qarşıdurma mərhələsinə qədəm qoyması təhlükəsi var.
Atlantik Şurasının nümayəndəsi Endryu Danieri Ermənistandakı seçkiləri sülh prosesinin trayektoriyasına təsir göstərə biləcək “həlledici amil” adlandırıb. “Hazırda ən böyük sual Ermənistandakı seçkilərlə bağlıdır”, - deyə o bildirib və qeyd edib ki, Paşinyanın partiyası hakimiyyətdə qalmaq üçün daha bir mandat təmin etməlidir. Danieri əlavə edib ki, bir çox müşahidəçilər Rusiyanın səsvermənin nəticəsinə təsir göstərməyə çalışacağını gözləyir və Moskvanın Paşinyanın praqmatik sülh kursu yürütmək istəyini tənqid etdiyini vurğulayıb. “İyun ayında keçiriləcək seçkilərdən sonra sülh perspektivləri haqqında daha çox məlumat əldə edəcəyik”, - deyə o qeyd edib.
ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç Ermənistan və Azərbaycan rəhbərliyi arasında münasibətlərin siyasi səviyyədə sabitləşdiyini bildirib. “Görünür, rəhbərlik səviyyəsində münasibətlər müsbət vəziyyətdədir”, - deyə o, "AzadlıqRadiosu"na bildirib və qeyd edib ki, Vaşinqtonda keçirilən son görüş iki liderə ABŞ-nin dəstəyi ilə əməkdaşlığı nümayiş etdirməyə imkan verib. Lakin o, bunun hələlik yekun sülh müqaviləsi ilə nəticələnmədiyini vurğulayıb.
Kozlariç həmçinin daha geniş geosiyasi gərginliyin irəliləyişi çətinləşdirə biləcəyi barədə xəbərdarlıq edib. O qeyd edib ki, ABŞ və İran arasındakı gərginlik fonunda Tehran, xüsusən də TRIPP təşəbbüsü vasitəsilə Cənubi Qafqazda Amerika təsirinin genişlənməsi kimi qəbul etdiyi şeyə qarşı çıxmağa cəhd edə bilər.
O, həmçinin qeyd edib ki, Moskva getdikcə həm Ermənistanda, həm də Azərbaycandakı ABŞ fəaliyyətinə ritorik olaraq qarşı çıxır, o cümlədən Rusiya ABŞ-Ermənistan nüvə əməkdaşlığı ilə bağlı narahatlığın gizlətmir. “İran və ya Rusiyanın Cənubi Qafqazda ABŞ-ın asan qələbəsini qəbul etməsini gözləmirəm”, - deyə Kozlariç bildirib.
BDU-nun Konstitusiya hüququ kafedrasının baş müəllimi Qulamhüseyn Əlibəylinin sözlərinə görə, ABŞ vitse-prezidenti Vensin Ermənistana və Azərbaycana səfəri region üçün unikal bir şans, Cənubi Qafqaz uğrunda qlobal rəqabətdə yeni strateji mərhələnin başlanmasının göstəricisi oldu. Onun fikrincə, ABŞ uzun müddət Cənubi Qafqazda öz siyasətini Gürcüstan üzərindən qurmağa çalışsa da, buna müvəffəq ola bilməyib. Hüquqşünas hesab edir ki, hazırda ABŞ Cənubi Qafqazda Rusiya və İranın təsir imkanlarını əhəmiyyətli dərəcədə zəiflədib. Ona görə də Q.Əlibəyli Azərbaycan və Ermənistan üçün risklərin azaldığını müşahidə edir: “Çünki regionda sabitlik, təhlükəsizlik və qarşılıqlı faydalı əməkdaşlığın əsası qoyulub. Bu səfəri bölgədə Zəngəzur dəhlizinin işə düşməsinin sürətlənməsi, energetika, müdafiə, təhlükəsizlik, süni intellekt və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlıq istiqamətləri üzrə dəyərləndirmək olar. Zəngəzur dəhlizi həm də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında və Rusiyadan asılılığın aradan qaldırılmasında strateji əhəmiyyətə malikdir”.
Onun sözlərinə görə, ABŞ Zəngəzur dəhlizini təkcə Azərbaycanla Ermənistan arasındakı məsələ, Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirə bir marşrut kimi deyil, özünün Cənubi Qafqazda iştirakının həlledici amili kimi görür: “Başqa sözlə, ABŞ Cənubi Qafqazı özünün "həyati maraqları" dairəsinə aid olan qlobal geosiyasi məkan kimi, enerji və tranzit mərkəzi baxır. Bundan başqa, ABŞ Zəngəzur dəhlizinin işə düşməsini Azərbaycanla Ermənistan arasında qalıcı sülhə xidmət edən, bütövlükdə regional təhlükəsizliyə təminat verən amil kimi qiymətləndirir. Amerikanın himayəsi altında dəhlizin işə düşməsi həm də Rusiyanın bölgədən sıxışdırılıb çıxarılmasına, İranın bölgəyə təsir imkanlarının məhdudlaşdırılmasına gətirib çıxara bilər".
“World Panorama” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Ramiyə Məmmədova isə Ermənistanda seçkilərin kritik mərhələ olduğunu dəyərləndirməklə yanaşı, Paşinyanın çətin bir qələbə qazanacağına inanır. Onun fikrincə, Rusiya seçkilər ərəfəsində hibrid hücumları gücləndirəcək, Karapetyan və digər siyasi müxalifət fəallığını artıracaq, amma son sorğularda Paşinyan yenə üstündür: “Bu seçkilər Rusiyanın, yoxsa Avropanın seçimidir. Bu seçki sülh, ya yeni hərbi eskalasiyalar seçimi olacaq. Erməni ictimai şüuru isə qəflət yuxusundan oyanıb. Cəmiyyət müharibə zamanı "şok terapiyası" yaşayıb və “Rusiya bizi satdı” fikri hakimdir. Ona görə Rusiyanın dəstəklədiyi və himayə etdiyi qüvvələrin qələbəsi real görünmür. Üstəlik, Paşinyan ölkəyə investisiya cəlb edib, Bakı ilə əldə olunan benzin, taxıl razılaşmaları, 4 məhkumun təhvil verilməsi, dəhlizin ABŞ-yə həvalə olunması Paşinyanın uğurları kimi piar edilir. Əgər fors-major vəziyyət yaranarsa, Paşinyan hakimiyyətdən gedərsə, onda təəssüf ki, sülh prosesinə əvvələ qayıdacağıq".
Ekspert hesab etmir ki, Paşinyanla Rusiyanın münasibətləri həddən artıq pisdir: “Son bir ildə Ermənistan Rusiyaya doğru addımlarını yaxınlaşdırıb. Paşinyan Moskvaya səfərlər edib, Simonyan son olaraq Lavrovla görüşüb, eyni zamanda ticarət dövriyyəsində yüksəliş və eniş müşahidə olunur, sanksiyalardan yayınmaqda Ermənistan Rusiyaya kömək edir... Yəni başı müharibəyə qarışmış və hələlik başqa bölgələrdə dəyişiklik gücü qalmayan Rusiya üçün Paşinyan hakimiyyəti ilə oynamaq daha sərfəlidir”.
“Yeni Müsavat”

