DİLİMİZDƏN RUSİZMLƏRİ RƏDD EDƏK
13-03-2026, 17:18

Azərbaycan türkcəsində Rus dilinin təsiri ilə qalmış elementlər
Azərbaycan ədəbi dilinin formalaşdırılması və qrammatikasının yeni dövrə uyğunlaşdırılması sovet dönəminə təsadüf etdiyinə görə Rus dilinin qrammatikasına məxsus çoxlu sayda məqamlar dilimizdə təsbit edilib. 1930–1950-ci illərdə SSRİ-də bütün dillər üçün vahid qrammatik təsnifat modeli tətbiq edilmişdi. Azərbaycan dilində də dərsliklər bu model əsasında yazılıb. İndi 35 ildir Sovetlər yoxdur. Dilimizdə isə rus dilinə məxsus olub ona uyğunlaşdırılmış elementlər hələ də qalmaqdadır. MEA Dilçilik İnstitutu bu məqamları ötən 35 il ərzində addım-addım təsbit edərək dəyişdirməli idi, heç olmasa innən belə bu dəyişiklikləri etməsi lazımdır. Bu gün qardaş türk xalqları ilə ortaq türkcə formalaşdırılması yönündə iş yad elementlərdən mümkün qədər qurtulmağı da tələb edir.
1. Dilimizdə nitq hissələri məhz rus dilindəkinə uyğun yaradılmışdır. Yəni ardıcıllıqla İsim, Sifət, Say, Əvəzlik, Feil, Zərf deyirik. Bu, rus dilindəki sxemə uyğundur. Halbuki türk dillərinin klassik təsnifatında Say və Sifət çox vaxt ayrıca nitq hissəsi kimi yox, İsim qrupuna daxil edilirdi.
2. Cümlə quruluşunun tədrisi rus qrammatikasının sxeminə uyğun təqdim edilib. Yəni Mübtəda, Xəbər, Tamamlıq, Təyin, Zərflik. Halbuki Xəbər türk xalqlarının cümlə quruluşunda rus dilindəki kimi öndə yox, ən sonda gəlir.
3. Azərbaycan dilində müasir durğu qaydalarının əksəriyyəti rus normativ sisteminə əsaslanır. Vergülün qoyulması halları minimuma endirilməlidir. Rus “ki”dən sonra vergül qoyursa, mən də qoymaq zorunda deyiləm. Əgər danışıq dilində həmin yerdə pauza yoxdursa. Düşüncə bu olmalıdır.
4. Fonetikada və orfoqrafiyada daha böyük problemlər var.
* Türk dillərində sözlər orijinala yaxın yazılıb. Yəni necə eşidiriksə elə də yazılmalıdır əslində. Rus dili bu sarıdan süni ağırlaşdırılmış dildir və onun təsiri ilə bizdə də lazımsız ağırlaşdırmalar qalmaqdadır. Məsələn, rus dilində “ı” hərfi ilə başlayan söz olmaması səbəbindən həmin hərf böyük yazılmır və bununla bağlı qayda var. Bizdə isə buna ehtiyac yoxdur, belə ki, türk dillərində “ırmak”, “ıssız” kimi kifayət qədər “ı” hərfi ilə başlayan söz var.
* Və ya bu gün heç kim “teatr”, “kinoteatr”, kimi sözləri yazıldığı kimi tələffüz eləmir. Türklər bu kimi ağırlaşdırmalardan qurtulub, “tiyatro”, “sinema” deyirlər. Bizdə də “tiyatr”, “sinema” deyə lüğətdə qeyd oluna bilər. Zatən kino və kinologiya sözləri arasındakı böyük məna fərqi bizə rusdan gəlmə KİNO kəlməsindən qurtulmağın vacibliyini başa salır.
* Sonu “-iya” ilə bitən elm və cəmiyyət sahələrinin adlarından rus dilinə məxsus sonluq götürülərək sadələşdirmə aparılmalıdır. Türklər teologiyaya “teoloji”, akademiyaya “akademi”, komissiyaya “komisyon”, missiyaya “misyon”, psixologiyaya “piskoloji”, demokratiyaya “demokrasi” deyir. Və düz edir. Bizsə bu sonluq məsələsində hələ də rusun yedəyində getməkdəyik, sanki rus olmasaymış, Azərbaycan xalqı akademi nədi, demokrasi nədi bilməyəcəkmiş.
* Rus dilindən qalma daha bir qayda qoşa samitli bəzi sözlərlə bağlıdır. Yəni komissiya sözündə iki “S” yazılsa nə, yazılmasa nə. Dissertasiya sözündə bir “S” oldu ya iki “S”, nə fərq edir? Gördüyümüz kimi, heç bir fərq yoxdur. Elə isə nə üçün bu günə kimi bu qoşa samitləri saxlamışıq?
* Bəzi sözlərdə “o” hərfi ilə yazılıb “a” kimi tələffüz edilmə halları sadələşdirilməlidir, ya yazıldığı kimi oxunmalı, ya da tələffüz edildiyi kimi yazılmalıdır. Rus belə deyib elə yazırsa, Azərbaycan vətəndaşı öz dilində rus dilindəki kimi yazıb-oxumaq zorunda deyil.
* Dilin lüğət fondunda olan sözlər rusca yazılış formasından türk dillərinin yazılış formasına uyğunlaşdırılmalıdır. Buraya ölkə, qitə, okean və s. adları da daxildir. Ümumiyyətlə, ölkələrin adlarını əsasən həmin ölkələrin özünü adlandırdığı formada dəyişiklik edilməlidir. Uzun illər biz bilmədik ki, məsələn, Çernoqoriyaya Qaradağ Respublikası deyək, Monteneqro deyək, yoxsa Çernoqoriya. Rus dilində LİVAN adlandırılan ölkəyə biz də Livan deməli deyilik, Türkiyə türkləri o ölkənin adını LÜBNAN deyə qeyd edir, ölkənin adı isə LEBAN və ya LEBANİS şəklindədir. Göründüyü kimi, Türkiyə türkcəsində həmin ad variantı orijinala daha yaxındır nəinki Rus dilində. Bu məsələyə xüsusi diqqət yetirilməlidir, artıq müstəqilliyin 35-ci ilindəyik. VƏ əgər mən rusun ağzı ilə Amerika Birləşmiş Ştatları deyirəmsə, bu rus dilinin təsiridir. İngilis dilini bilən hər kəs yaxşı bilir ki, orijinal ad variantındakı STATE sözü ştat kimi tərcümə olunmamalıdır, DÖVLƏT sözüdür bu, və Türkiyə türkcəsindəki Amerika Birleşik Devletleri ad variantı orijinalı doğru şəkildə qeyd edir. Bizlər də buna uyğun öz dilimizdə düzəlişlər etməliyik.
Deyiləsi çox söz var, uzatmadan yekun olaraq bildirirəm ki, orta türkcəyə dair müzakirələrə girməzdən öncə bizlər hələ dilimizi rus dilinin təsirindən qurtarmalı, qəliz ərəb-fars sözlərindən arındırıb saflaşdırmalı, bir çox sözlərin Türkiyə türkcəsindəki və əski türkcədəki ekvivalentlərini tək nəzəriyyədə yox, praktik həyatda da tətbiq etməliyik. Dilimizin gələcəyi də, ortaq türkcəyə daha rahat keçmək də bu qeyd olunanları etməkdən xeyli dərəcədə asılı olacaq.
Ceyhun Bayramli

