Hörmüz məsələsi.

Bu gün, 09:38           
Hörmüz məsələsi.
İndi hamının bildiyi bir coğrafi nöqtə var – Hörmüz boğazı, gün ərzində bir çox xəbərlərdə adı keçir, amma bu məsələnin mahiyyəti haqqında az yazılıb-danışılır.
Bir çox insan elə anlayır ki, Hörmüz boğazı İrana məxsusdur, ona görə də, kefi istəyəndə bağlaya bilər. Yaxşı, əslində məsələ necədir?!
Hörmüz boğazının hüquqi statusu beynəlxalq gəmiçilik üçün açıq olan boğaz statusudur. Bu status 1982-ci il BMT-nin Dəniz Hüququ Konvensiyası (UNCLOS) ilə tənzimlənir.
Beynəlxalq dəniz hüququna görə, Hörmüz boğazı beynəlxalq gəmiçilikdə istifadə olunan boğaz hesab edildiyi üçün bütün ölkələrin gəmiləri (həm mülki, həm də hərbi) buradan maneəsiz tranzit keçid hüququna malikdir.
Dəniz Hüququ Konvensiyasına görə, hər bir dənizə (okeana) çıxışı olan ölkənin 12 mil dəniz (okean), onun daxili ərazi sularə sayılır (12 mil, təxminən 19,3 km-ə bərabərdir).
Boğazın ən dar nöqtəsinin eni təxminən 33 km-dir. Həm İran, həm də Oman 12 dəniz mili (təxminən 20 km) ərazi suları iddiasında olduqları üçün boğazın bütün suları bu iki dövlətin ərazi suları daxilindədir. Boğazın cənub hissəsi Omanın nəzarətindədir və gəmilərin hərəkətini tənzimləyən əsas gəmiçilik yolları məhz Omanın ərazi sularından keçir.
Yəni, İran indi faktiki olaraq Oman ərazi sularından keçən gəmilərə atəş açır, Hörmüz boğazının bağlanması hüququna malik deyil. İranın özünün 80% idxal-ixrac əməliyyatları Hörmüz boğazındakı limanlardan həyata keçirilir. Körfəz ölkələrindən başqa 45 mln. nəfərlik əhalisi olan İraqın da ərzaq və digər təminatı Hörmüzdən keçir – yəni, boğaz ətraf ölkələrə tək neft-qaz üçün lazım deyil, həm də ərzaq, dərman və s. məhsullar üçün də əsas təminat yoludur.
İran istədiyi vaxt Hörmüz boğazını bağlamaq təhdidi və praktiki tədbiqi ilə həm də özünə ziyan vurur. Bu müharibə Hörmüz məsələsinin həlli ilə bitəcək, ətraf ölkələr və dünya iqtisadiyyatı Hörmüz təhdidi ilə daim yaşaya bilməz.
Anlayıram, İran beynəlxalq hüquqa görə təcavüzə uğrayan ölkədir, İrana qarşı əməliyyat tam qanunsuzdur, onu da anlayıram ki, İran Hörmüz kartından istifadə etməyə, bu yolla dünyaya təsir edib ölkəyə qarşı təcavüzü bitirməyə çalışır, amma, bu həm özünə, həm də dünya iqtisadiyyatına ciddi ziyan vurur. Söhbət heç də neft-qaz qiymətlərinin bahalaşmasından getmir, bəli, bu problemdir, amma, ən böyük problem odur ki, boğazın bağlı olmasının ətraf ölkələrin xalqlarına aclıq və səfalət gətirə, o cümlədən İranın özündə ciddi böhran yaradan faktora çevrilə bilər.
Ona görə də, Hörmüz məsələsi birdəfəlik həll olunmalı, heç bir dövlətin iqtisadi yüklərin daşanmasına istədiyi an maneə yaratmağa imkanı olmamalıdır. Bu imkan İranın əlindən çıxan kimi, müharibə bitəcək, özü də, bu ayın sonuna yaxın bitəcək...
Natig Jafarli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]