İran-ABŞ/İsrail arasında baş verən müharibə hazırda kövrək atəşkəs dövrünü yaşayır.

Bu gün, 00:07           
İran-ABŞ/İsrail arasında baş verən müharibə hazırda kövrək atəşkəs dövrünü yaşayır.
Atəşkəsin əldə olunmasının siyasi baxımdan çoxlu sayda səbəbini sadalamaq olar, ancaq hərbi cəhətdən bu fasilə labüd idi. Çünki ABŞ prosesə qısamüddətli yanaşmışdı. Daha sonra ABŞ prezidenti və bir çox rəsmi şəxslər qeyd edirdilər ki, əməliyyat 4-6 həftəlik müddət üçün nəzərdə tutulub. Bu, təsadüfi bir rəqəm deyil; hər hansı əməliyyata hazırlaşarkən orada istifadə olunacaq vasitələr və onların sayı mütləq şəkildə nəzərə alınır. Yəni, ABŞ İrandakı əməliyyata nə qədər resurs ayırmışdısa, döyüşləri də o qədər davam etdirə bildi. ABŞ mediasında da resursların tükənmək üzrə olduğu açıq şəkildə yazılırdı. Hətta Tramp da bir neçə gün əvvəl etiraf etdi ki, atəşkəs yenidən hazırlıq üçün bir vasitə idi.
40 günlük müharibə zamanı ABŞ öz ehtiyatlarını xeyli tükədib. ABŞ mediasında qeyd olunur ki, döyüşlərdə həssas zərbə raketlərinin 45%-i, THAAD HHM sistemlərinin raketlərinin yarısı, Patriot raketlərinin təxminən 50%-i, Tomahawk qanadlı raketlərinin isə 30%-i istifadə olunub. Yenə ABŞ mediası kəşfiyyat orqanlarına istinadən yazır ki, İranın əlində hələ də 60% raket buraxılış qurğusu qalıb, zədəliləri isə qısa zamanda təmir ediblər. Bundan əlavə, dron ehtiyatının yarısından çoxu qalmaqdadır ki, istehsal prosesini də nəzərə alsaq, bu, kifayət qədər ciddi hərbi resurs anlamına gəlir.
Tərəflər atəşkəs zamanı danışıqlarla paralel olaraq ciddi şəkildə resurs toplamaqla məşğuldur. İran üçüncü ölkələr vasitəsilə Çindən, birbaşa isə Rusiyadan yeni silahlar, xüsusilə daşına bilən, alçaqdan uçan hava hədəflərini məhv etmək üçün vasitələr alır. 40 günlük müharibə göstərdi ki, İranın tək zəif yeri hava hücumundan müdafiə sistemləri yox, həm də daşına bilən zenit-raket komplekslərinin çatışmazlığıdır. Əgər İran çoxlu sayda bu tip raketlər əldə etsə, havada vəziyyət xeyli dəyişə bilər. Üstəlik, İran həmin raketləri İraqdakı qruplaşmalara da verə bilər ki, bu da havada yanacaq dolduran təyyarələr üçün əsl problemə çevrilər.
Müharibənin gedişində ABŞ Cənubi Koreyadan və Avropadakı müttəfiqlərindən "Patriot"un raketlərini tələb etmişdi. Hazırda isə ABŞ oxşar tədarükü Yaponiyadan həyata keçirir. Sahədə tərəflərdən heç biri mütləq üstünlük qazana bilmədiyi üçün masa ətrafında da vəziyyət son dərəcə gərgindir. Şərtlər olduqca ağır olduğundan, razılığın qısa zamanda əldə olunacağı gözlənilmir. ABŞ İranı blokadaya alıb, İran isə Hörmüz boğazını bağlayıb. Düzdür, ABŞ iddia edir ki, bundan ancaq İran zərər çəkir, məsələ ondadır ki, bütün Körfəz ölkələri bu durumdan əziyyət çəkir. Bundan əlavə, ABŞ-nin blokadası keçilməz də deyil. Faktiki olaraq, blokadadan yayınan İranın 30-dan çox tankerin olduğu barədə Qərb mediasında məlumatlar yayılıb. Əslində blokadanın keçilməz olacağı inandırıcı da deyil, çünki bu sahə Venesuelanın blokadasından qat-qat genişdir. Həmçinin qeyd etmək istəyirəm ki, İran atəşkəsdən sonra Körfəzdəki tankerlərin keçidinə say məhdudiyyəti qoymaqla strateji baxımdan doğru addım atıb. Çünki Körfəzin tamamilə boş olması ilə orada tankerlərin olması fərqli vəziyyətlərdir; bununla İran əlində mühüm bir şantaj və təhdid vasitəsi saxlamış olur.
Tramp qeyd edir ki, İrandakı dəmiryollarına, körpülərə və elektrik stansiyalarına zərbələr endirəcək. Fakitki olaraq mülki obyektlər. İran isə rəsmən bəyan edir ki, belə bir halda Körfəzdəki bütün neft və qaz yataqlarını vuracaq. Hazırda dünyada benzinin və qazın qiymətində ciddi artım var. Hətta vəziyyət elə bir həddə çatıb ki, bəzi aviaşirkətlər uçuşları ləğv edib. Məsələn, Almaniyanın "Lufthansa" aviaşirkəti (Lufthansa Group) 2026-cı ilin yay mövsümü üçün 20 000 uçuşun ləğv edildiyini rəsmən elan edib. Bunun səbəbi isə təyyarə yanacağının (kerosin) kəskin bahalaşması və Yaxın Şərqdəki münaqişə fonunda yanacaq xərclərinin iki dəfəyə yaxın yüksəlməsidir. Yəni, Trampın sözdə İrana vurduğu zərbə əslində bütün dünya iqtisadiyyatına endirilən zərbədir. İran Körfəzdəki neft-qaz yataqlarını vuracağı təqdirdə vəziyyət daha da qəlizləşəcək.
Şübhəsiz ki, baş verənlər Rusiyanın xeyrinədir. Düzdür, Ukrayna Rusiyanın neft emalı zavodlarına zərbələr endirsə də, "Drujba" neft kəmərini açmaq məcburiyyətində qaldı. Vəziyyət bir qədər də dərinləşsə, onsuz da xərclənmək üçün istifadə olunan Ukraynanı Avropadakı bəzi tərəfdaşları da gözardı edəcəklər...
Bəzən hadisələr baş verən zaman onlara dəqiq qiymət vermək mümkün olmur, növbət hadisəni gözləmək məcburiyyətində qalırsan. Müharibənin gedişində ABŞ və İsrailin İrandakı xalqları ayağa qalxmağa çağırmasına reaksiya gəlməməsinin səbəbi məhz yanvar ayındakı etirazlar və həmin vaxt hakimiyyətin nümayişçilərə qarşı tətbiq etdiyi sərt tədbirlərdir. Tramp indi qeyd edir ki, etirazlar zamanı İranda 43 min insan öldürülüb. Trampı düşündürən və əsəbləşdirən öldürülən insanların sayı deyil. Əgər o insanlar öldürülməsəydi, müharibə zamanı ayağa qalxa bilərdilər və daxildə xaos yaranardı. Ümumiyyətlə, hər hansı bir ABŞ prezidentinin və ya imperialist ölkə rəhbərinin insanlıq haqqında düşündüyü fikrindən uzağam. Faktiki olaraq, Qəzzada bütün dünyanın gözü qarşısında soyqırımı törədildi və guya insanlığı düşünən Trampın çıxış yolu fələstinliləri oradan köçürüb, Qəzzanı turizm zonasına çevirmək təklifi oldu. İnsanlıq dərsi imiş...
Müharibə yenidən başlayacağı və ya bu şərtlərlə bitəcəyi təqdirdə, bu, Körfəzdə suların durulacağı anlamına gəlməyəcək. İran onsuz da uzun zamandır Bəhreyndə iş aparır. Bəhreyn daxilində ciddi proseslərin olacağı, hətta hakimiyyətlə xalq arasında qarşıdurmanın yaranacağı qaçılmaz görünür. Bundan əlavə, Birləşmiş Ərəb Əmirlikləri istiqamətində də addımlar atılacaq. Onu da əlavə edim ki, müharibə yenidən alovlanacağı təqdirdə, döyüşlərin coğrafiyası genişlənəcək və prosesə əlavə dövlətlər də qoşulacaq.
Səxavət Məmməd












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru