Ayda 925 manata kim ev ala bilər? - ŞƏRH
Bu gün, 00:09

İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən yaşayış kompleksində 237 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edir.
Yaşayış sahələri 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 925 manatdan başlayır.
Müraciətlərin qəbulu və mənzil seçimi Elektron Hökumət İnformasiya Sisteminə (e-gov.az) inteqrasiya edilmiş Elektron İpoteka və Kredit Zəmanət sistemi üzərindən həyata keçirilir.
İndiyə qədər satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 9 306 kirayə müqaviləsi bağlanıb.
Bu qiymətlə təqdim olunan mənzillər real ehtiyacı olan ailələr üçün nə dərəcədə əlçatandır?
Mövzu ilə bağlı "Cebheinfo.az"- a açıqlamasında əmlak eksperti Elnur Azadov bildirib ki, mənzil bazarında qiymətlər artdığı üçün kirayə qiymətləri də bahalaşıb:
"Bir çox vətəndaşlar 925 manatın, ümumiyyətlə, qiymətlərin yüksək olduğunu bildirirlər. Məsələ ondadır ki, İpoteka və Kredit Zəmanət Fondu qiymətləri bazar qiyməti ilə formalaşdırır, yəni bazarda olan orta qiymət nə qədərdirsə, onu da uyğun götürürlər.
Son aylar ərzində Bakı şəhərində və bir çox ərazilərdə pilot layihələrin başlaması ilə bağlı kirayə qiymətlərində kəskin bahalaşma müşahidə olunur. Məsələn, o şəxslər ki 7–8 il əvvəl bu mexanizm ilk tətbiq olunanda ev almışdılar, onlar "udub".
Satmaq öhdəliyi ilə kirayə yoluyla o vaxt elə evlər var idi ki, 300 manatla kirayə götürülmüşdü. Orta hesabla 300–350 manat olan həmin evlərin icarəsi hazırda demək olar ki, bu qiymətdən 2 dəfə çoxdur, yəni 550–750 manat arasında dəyişir".
Ekspertin sözlərinə görə, qiymətlərin müəyyənləşdirilməsində bazar amili əsas rol oynadığı üçün sabitlik zəifləyir:
"İnflyasiyanı, daşınmaz əmlakın bahalaşmasını və icarə qiymətlərinin stabil artımını nəzərə alsaq, bu tendensiyanın davamlılığını ehtimal etsək, bir neçə il əvvəl bu formada uyğun qiymətlərlə ev alan insanlar xeyli irəli düşüb".
Ekspert qeyd edib ki, gəlirlər və əmlak qiymətləri arasında ciddi uyğunsuzluq var:
"Bu gün bu qiymətlər vətəndaşların gəlirlərinə uyğun deyil. Əslində bu problem ümumi iqtisadi problemdir. Vətəndaşların gəlir səviyyəsi daşınmaz əmlak sektorundakı qiymətlərlə mütənasib deyil.
Bunu bir çox ekspertlər də vurğulayırlar. Mən də hesab edirəm ki, daşınmaz əmlak qiymətləri normadan çox bahalaşıb. Lakin bu istiqamətdə hələlik hər hansı ciddi tədbirlər görülmür".

