27 saylı Şəhər Poliklinikasında xəstələrə dərman niyə verilmir?
Bu gün, 08:24

Binəqədi rayonunda yerləşən 27 saylı Şəhər Poliklinikasında uçotda olan şəkər xəstələrinə dərman verilməsinin dayandırıldığı bildirilir.
TEREF xəbər verir ki,bununla bağlı Publika.az-a şikayət daxil olub.
İddia olunur ki, bir müddətdir sözügedən poliklinikada diabet xəstələrinə dərmanlar verilmir. Buna səbəb tibb müəssisəsində çalışan endokrinoloqun vəzifədən azad olunmasıdır.
Həmçinin qeyd olunur ki, hazırda dərman qıtlığı mövcuddur və bu səbəbdən onların verilməsində gecikmələr yaranır.
Məsələ ilə bağlı 27 saylı Şəhər Poliklinikasının baş həkimi Sevinc Yusifova ilə əlaqə saxladıq. O, problemin bir neçə gün ərzində həll olunacağını bildirdi:
“Endokrinoloqumuzun yaşla əlaqədar işdən çıxarılması səbəbindən dərmanların verilməsində gecikmə yaranıb. İndiyədək dərmanlar elektron sistemdə onun adı ilə rəsmiləşdirilirdi. Hazırda sistem bağlandığı üçün xəstələr 9 saylı poliklinikaya yönləndirilib. Sistem bərpa edildikdən sonra dərmanların verilməsi davam etdiriləcək”.
Baş həkim əlavə etdi ki, poliklinikanın uçotunda mindən çox xəstə qeydiyyatdadır.

