ABŞ-də ilk dəfə olaraq süni yumurta yaratdılar
Bu gün, 17:18

ABŞ-nin "Colossal Biosciences" biotexnoloji müəssisəsi sağlam quş balalarının dünyaya gəlməsinə şərait yaradan süni yumurtaların uğurla hazırlandığını bəyan edib.
Şirkət bununla bağlı rəsmi bəyanat yayıb.
Qeyd olunur ki, sözügedən innovasiya sayəsində Texasdakı təsərrüfatların birində artıq 30-dan çox quş böyüdülüb. Bu unikal "inkubasiya platforması"nın ərsəyə gəlməsi təqribən iki il vaxt aparıb. Yaradılmış sistem embrionun inkişaf prosesini təbii bioloji mühitdən kənarda simulyasiya edir ki, bu da heyvandarlıq və quşçuluq sahəsində köklü dəyişikliklərə səbəb ola bilər.
Şirkətin həmtəsisçisi və Baş direktoru Ben Lamm bildirib ki, bu metod daha böyük bir hədəfə - nəsli kəsilmiş canlıların yenidən bərpa olunmasına doğru atılmış mühüm addımdır.
Məlumata görə, "Colossal Biosciences" hazırda təqribən 600 il əvvəl Yeni Zelandiyada kökü kəsilmiş, uçma qabiliyyəti olmayan nəhəng moa quşlarının "dirildilməsi" layihəsini həyata keçirir.
B.Lammın sözlərinə əsasən, moa yumurtasının ölçüsü adi toyuq yumurtasından 80 dəfəyə qədər böyükdür. Bu səbəbdən standart surroqat inkubasiya metodlarından istifadə etmək qeyri-mümkündür. Məhz buna görə də mütəxəssislər süni inkubator mühitinin yaradılmasına xüsusi önəm verirlər.
Şirkət qlobal miqyasda həm də genetik cəhətdən dəyişdirilmiş heyvan modelləri üzərində araşdırmalar aparır. Bunların sırasına qədim yunlu mamontun bioloji xüsusiyyətlərini bərpa etmək məqsədi daşıyan "yunlu siçan" adlı sınaq layihəsi də daxildir.
B.Lamm əlavə edib ki, bu texnologiyanın təməlində "ekzogen inkişaf" konsepsiyası, yəni rüşeymin tam şəkildə ana orqanizmindən kənarda formalaşması üçün lazımi şəraitin təmin edilməsi dayanır. Onun fikrincə, bu innovativ yanaşma yalnız nəsli kəsilmiş heyvanların bərpası üçün deyil, həmçinin hazırda yox olmaq təhlükəsi ilə üzləşən mövcud növlərin qorunması məqsədilə də mühüm alətə çevrilə bilər.

