Ədəbiyyat qurbağasız daha yaxşıdır
Dünən, 16:44

Böyük rus şairi və yazıçısı Boris Leonidoviç Pasternak 23 oktyabr 1958-ci ildə “Doktor Jivaqo” romanına görə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü. Həmin ilin oktyabr ayının 27-də şairi Yazıçılar İttifaqından xaric etdilər. Yazıçılar İttifaqında yeganə bitərəf qalan şair, dramaturq, məşhur “Oqonyok” jurnalının redaktoru Anatoli Safronov olub. O, fikrini belə izah edib: “Mən kitabı o zaman da oxumamışam indi də...Lakin Latın Amerikasından görkəmli Peru yazıçısı Delmaqdan eşitmişəm ki, Pasternakın romanı zərərlidir və antisovet təbliğatına işarələr verir”.
Uzun illərdən sonra məlum olub ki, Delmaq adlı Latın Amerika yazıçısı olmayıb.
Sonra qəzetlərə zəhmətkeş müraciətləri daxil olmağa başlayıb: Ən maraqlısını “Literaturnaya qazeta”ya Stalinqraddan maşinist-ekskvatorçu Filipp Vasilsev yazıb:
“Qəzetlər hansısa Pasternakdan yazırlar. Sanki belə bir yazıçı var. Onun və əsərlərinin haqqında heç nə oxumamışam. Tutaq ki, qurbağa narazıdır və həm də quruldayır. Mənim kimi inşaatçı ona heç zaman qulaq asmaz. Biz işlə məşğuluq. Yox, mən Pasternakı oxumamışam. Ancaq bilirəm ki, ədəbiyyat qurbağasız daha yaxşıdır...”
Etibar Əliyev

