İngiltərə yığmasının keçmiş kapitanı Devid Bekhem futbola və Britaniya cəmiyyətinə xidmətlərinə görə rəsmən "Cəngavər" fəxri adına layiq görülüb.
Az BBC xəbər verir ki, iyulun əvvəlində Kral III Çarlzın doğum günü münasibətilə dövlət mükafatları laureatlarının siyahısında Bekhemin də adı olub.
Məlumata görə, noyabrın 4-də Berkşirdə keçirilən təntənəli mərasimdə futbolçuya "Cəngavər" fəxri adı təqdim olunub.
"Belə bir titula layiq olmağımla inanılmaz qürur duyuram. İnsanlar mənim necə vətənpərvər olduğumu bilirlər - mən ölkəmi sevirəm", - keçmiş futbolçu deyib.
Xatırladaq ki, 50 yaşlı Bekhem 2013-cü ildə futbolçu karyerasını başa vurub. O, "Mançester Yunayted", "Real Madrid", PSJ, "Milan" və "Los Anceles Qalaksi" kimi klublarda oynayıb. İngiltərə yığmasında 115 oyun keçirən Bekhem 6 il millidə kapitan olub.