Dünya mərkəzi bankları qızıl alışını rekord səviyyəyə çatdırdı - 289 ton
Bu gün, 00:15

2026-cı ilin ikinci rübündə dünyanın müxtəlif ölkələrinin mərkəzi bankları qızıl alışını kəskin artıraraq bu dövr üçün rekord göstərici olan 289 tona çatdırıb.
Bu barədə "Bloomberg" Dünya Qızıl Şurasının (WGC) məlumatlarına istinadən xəbər verib.
İkinci rüb üçün rekord tələbat (289 ton) əsasən Polşanın aktiv alışları hesabına formalaşıb. Ölkə bu dövrdə 51 ton qızıl alıb və yarım il ərzində qiymətli metal üzrə alışlarını 82 tona çatdırıb. Çin isə rüb ərzində 33 ton qızıl əldə edib.
Bununla belə, "Bloomberg" yazır ki, zəif başlanğıc səbəbindən illik ümumi alış həcminin ötənilki göstəricidən aşağı olması ehtimal edilir. Birinci rübdə mərkəzi banklar cəmi 57 ton qızıl alıb ki, bu da proqnozlaşdırılandan 187 ton azdır. Bu, on ildən çox müddətdə ilin ilk rübü üçün ən aşağı göstəricidir.
WGC-nin hesabatında qeyd olunur ki, külçə və sikkələrə tələbat ötən illə müqayisədə 3% azalaraq 307 ton təşkil edib. Zərgərlik sənayesində qızıl istehlakı isə 17% azalaraq 278 tona düşüb ki, bu da pandemiyanın başlanğıcından bəri ən aşağı səviyyədir.
İranla müharibənin başlanmasından sonra qızılın qiyməti təxminən 25% ucuzlaşıb. Buna enerji qiymətlərinin artmasının inflyasiya ilə bağlı narahatlıqları gücləndirməsi və pul-kredit siyasətinin yumşaldılması gözləntilərini azaltması səbəb olub. Yanvar ayında pul-kredit siyasətinin sərtləşdirilməsi ilə bağlı narahatlıqlar fonunda rekord qiymətə çatan qızıl iyunun sonuna doğru unsiyası təxminən 4000 dollar səviyyəsində olub.
Yanvarda qeydə alınan rekord səviyyədən enişdən sonra qızıl iyunun sonlarından etibarən unsiya üzrə həmin qiymət ətrafında dəstək tapıb.
Aprel ayında WGC bildirmişdi ki, dünya mərkəzi bankları qızıl ehtiyatlarını artırmaqda davam edir, lakin artım tempi zəifləyir. Şuranın məlumatına görə, 2025-ci ildə tənzimləyicilərin xalis qızıl alışları rekord həddə – 1185 tona çatıb. Ən böyük alıcılar Çin, Türkiyə və Hindistan olub.

