Wildberries anbarlarına ardıcıl zərbələr: Ukrayna niyə məhz oranı hədəfə alıb?!

Bu gün, 00:04           
Wildberries anbarlarına ardıcıl zərbələr:
Son günlər Ukrayna Ordusunun uzaqmənzilli dronları Rusiyanın ən böyük onlayn ticarət platforması olan Wildberries-in anbarlarını bir-birinin ardınca vurur. Artıq söhbət təsadüfi hücumlardan deyil, sistemli iqtisadi strategiyadan gedir.
Təkcə iyulun 18-dən bu günə qədər Wildberries-in təxminən 10-12 logistika mərkəzi müxtəlif regionlarda zərbəyə məruz qalıb. Məlumatlara görə, şirkətin 5,6 milyon kvadratmetr anbar sahəsinin 10-20%-i artıq sıradan çıxıb və ya fəaliyyətini dayandırıb. İlkin hesablamalara əsasən, maddi zərər 50-60 milyard rubldan başlayır və ümumi iqtisadi itkilərin 150 milyard rubla (təxminən 1,8-2 milyard ABŞ dolları) yaxınlaşdığı bildirilir.
Bu hücumların məqsədi nədir. Əvvəla, bu hücumlar Rusiyanın logistika sisteminə zərbə vurur. Müasir müharibələrdə logistika cəbhə qədər vacibdir. Wildberries yalnız geyim və məişət əşyaları daşımır. Platforma vasitəsilə taktiki avadanlıqlar, rabitə vasitələri, FPV dron komponentləri, optik qurğular və digər ikili təyinatlı məhsullar da dövriyyəyə daxil olur. Ukrayna məhz bu logistika zəncirini zəiflətməyə çalışır.
İkincisi, iqtisadi təzyiq artırılır. Wildberries Rusiyada milyonlarla alıcını və yüz minlərlə satıcını birləşdirən ən böyük elektron ticarət platformasıdır. Anbarların sıradan çıxması minlərlə kiçik sahibkarın malının məhv olması, sifarişlərin gecikməsi və bizneslərin maliyyə problemləri ilə üzləşməsi deməkdir. Artıq yüzlərlə şirkətin kreditlərinin restrukturizasiyasına ehtiyac yarandığı bildirilir.
Üçüncüsü, psixoloji effekt əldə edilir. Müharibə uzun müddət Rusiyanın böyük şəhərlərində yaşayan insanlar üçün sanki uzaqda gedirdi. İndi isə Moskva, Sankt-Peterburq və digər iri şəhərlərin yaxınlığında nəhəng anbarların yanması milyonlarla insana müharibənin iqtisadi nəticələrini gündəlik həyatında hiss etdirir. Bu, "müharibə yalnız cəbhədədir" təsəvvürünü zəiflədir.
Dördüncüsü, Ukrayna yeni konsepsiya nümayiş etdirir. Əgər əvvəllər əsas hədəflər neft bazaları, hərbi aerodromlar və sursat anbarları idisə, indi bunlara ölkənin ticarət və logistika infrastrukturu da əlavə olunur. Bu yanaşma Rusiyanın iqtisadi dayanıqlığını zəiflətməyi və müharibənin maliyyətini artırmağı hədəfləyir.
Müasir müharibələr artıq yalnız tank və raketlərlə aparılmır. Logistika, elektron ticarət, təchizat zəncirləri və iqtisadi infrastruktur da döyüş meydanına çevrilib. Wildberries anbarlarına ardıcıl zərbələr göstərir ki, XXI əsrdə iqtisadiyyatın "damarlarına" endirilən zərbə bəzən hərbi obyektə vurulan zərbə qədər strateji əhəmiyyət daşıya bilər.
Bu səbəbdən Ukraynanın son dron əməliyyatları təkcə hərbi deyil, həm də iqtisadi və psixoloji müharibənin yeni mərhələsidir və əminəm ki, Rusiyada daxili vəziyyətin gərginləşməsinə gətirib çıxaracaq.
Аслан Исмаилов












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru