Tan sülaləsi dövrü Çinin qızıl dövrlərindən biri sayılır: həm siyasi, həm iqtisadi, həm də mədəni cəhətdən

15-10-2025, 11:54           
Tan sülaləsi dövrü Çinin qızıl dövrlərindən biri sayılır:
Çin tarixi ilə maraqlananlar bilir ki, Tan sülaləsi dövrü Çinin qızıl dövrlərindən biri sayılır: həm siyasi, həm iqtisadi, həm də mədəni cəhətdən.
Sülalənin qurucusu imperator Qaoçu (Gaozu - 唐高祖) olsa da, əsas qurucu personaj onun oğlu Taiçonq (Taizong - 唐太宗) sayılır. Taiçonqun hakimiyyət dövrü Şərqi Türk xaqanlığının* son dövrlərinə rast gəlir.
Taiçonqun ilk vəliəhdi, onun ən böyük oğlu Li Çenqçian (李承乾) olub. Atası 630-cu ildə Şərqi Türk xaqanlığını fəth edəndə hələ 12 yaşı vardı. Vəliəhd və ən böyük övlad olmağına, bəzən atası paytaxtda olmayanda onun yerinə dövləti idarə etməyinə baxmayaraq heç vaxt imperator ola bilmədi.
Çin mənbələrində deyildiyinə görə şahzadə bir ayaq xəstəliyindən əziyyət çəkirdi. Xəstəliyin adı dəqiq deyilmir amma bu fakt onun vəliəhdliyini sual altına alırdı. İmperator hətta şahzadənin əcdad məbədlərini qoruya bilməyəcəyini qeyd edərək, yalnız bir yaş kiçik olan və anabir kiçik qardaşı Li Taini tərifləmişdi.
Bunu eşidən Li Tai varislik üçün manevr etməyə başladı, bəzi məmurlara rüşvət verdi və özünü qanuni vəliəhd elan etdi. Xəbərlər imperatora çatdı, lakin o, səssiz qaldı, bu da Li Çenqçianın vəliəhdlikdən salınmaq qorxusunu daha da artırdı və Li Tainin dəstəkçilərini fraksiyasını cəsarətləndirdi.
O həmçinin ənənəvi Konfutsiçilikdənsə Daoist dininə meyl edirdi. 639-cu ildə Daoistlər və Buddistlər arasında mübahisələr zamanı Daoist rahib Qin Ying rahib Falini imperator ailəsinə böhtan atmaqda ittiham etdi. İmperator Falini sürgün etsə də daha sonra 12 yaşında ağır xəstə olan zaman şahzadə üçün dua edən Qin Yinqi edam etdi. Bu, şahzadəni atasına qarşı qəzəbləndirən ilk şey oldu.
Şahzadə həm də Çin ənənələri yerinə Türk adətlərinə üstünlük verir, onlar kimi çadırda yaşamağı sevir, onların geyimini geyir, ovçuluqla məşğul olur və hətta səlis Türkcə danışırdı. O həmçinin gənc, türk oğlan saray musiqiçisinə və ya sevgilisinə Çenhsin (Chengxin - 稱心 - qəlbimi xoş edən) ləqəbi vermişdi. İmperator isə bu münasibətdən xəbərdar olaraq şahzadənin xidmətçisini edam etdirir. Şahzadə kədərə qərq olaraq mərkəzi saray iclaslarına qoşulmur və öz sarayında gənc türk üçün məbəd inşa etdirir, heykəl qoydurur. İmperator isə bu cür nümayişləri bəyənmirdi. Ata və oğul arasında münasibətlər bir az da soyudu.
Kiçik qardaşı Li Tai ilə rəqabətə başlayan şahzadə tezliklə atasının məmurlarına rüşvət verərək özü ilə bağlı yaxşı imic formalaşdırmağa çalışır. Vəliəhd şahzadə tezliklə öz əmisi Li Yuançanq (李元昌), sərkərdə Li Anyan (李安儼), bibisioğlu Jao Cie (趙節) və qaynı Du He (杜荷) ilə anlaşaraq öz saraydaxili qruplaşmasını yaratdı. Bu qruplaşmaya şahzadənin kiçik qardaşı Li Yu da qoşuldu.
Növbəti 643-cü ilin əvvəlində imperator şahzadənin ayaq xəstəliyinin onun yeriməyə mane olmadığını və lazım gələrsə, varisliyin şahzadənin oğlu Li Şianqa (李象) keçəcəyini bildirdi. Amma hər şey üçün gec idi. Tezliklə kiçik qardaş Li Yu böyük səhv edərək üsyana qalxdı və onun əsgərlərindən biri qruplaşma haqda məlumat verdi. 6 aprel 643-cü ildə imperator Çenqçianı vəliəhd şahzadəsi vəzifəsindən uzaqlaşdırdı.
Li Tai fürsətdən sui-istifadə etmək istəsə də imperator vəliəhdliyi ona da yox, üçüncü oğlu Li Çiyə (李治, daha sonra İmperator Qaoçonq - 高宗) verdi. Li Çenqçian rəiyyət statusuna endirildi və sürgün edildi. Onun əmisi Li Yuançanq intihara məcbur edildi, digər müttəfiqləri isə edam edildilər.
Çinli tarixçilər düşünürlər ki, əgər Li Çenqçien atasından sonra imperator olsaydı Çin Türklərlə əlaqələri daha da möhkəmləndirə bilərdi. Lakin tarix belə davam etmədi. Vəliəhd edilən qardaş İmperator Qaoçonq dövründə türklər bir daha üsyan edir və 682-ci ildə İkinci Türk xaqanlığı qurulur.
*Artıq Göytürk yerinə, daha akademik olan Türk sözünü istifadə edirəm.
Şəkildə: Şahzadə Li Chengqian rolunu oynayan tayvanlı aktyor Lee Lee-zen
Cavid Ağa
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]