Tomiris Xatunun 2600 illik tarixə həkk olunmuş vəsiyyəti
16-10-2025, 16:04

Antik tarixçi Herodotun yazdığına görə, Əhəməni kralı Kir Massagetin dul qalmış xanım hökmdarı Tomirisə elçi göndərib onunla evlənmək istəyir. Tomiris bu təklifin romantik məhəbbətdən irəli gəlmədiyini, sadəcə Massaget ölkəsini ilhaq etmək istəyindən qaynaqlandığını anlayır və dünyanın super gücünün kralına rədd cavabı verir. Massaget əyanları Tomirisin bu qərarını birmənalı qarşılamır və ona Əhəmənilərlə döyüşməkdənsə, onlarla dostluq münasibəti qurmağın daha ağıllı hərəkət olacağını bildirirlər. Tomiris Xatun isə bu etirazlardan sonra bütün qəbilə başçılarını bir araya toplayıb onlar qarşısında çıxış edərək deyir:
-Əziz Massaget ağsaqqalları, Kir mənimlə evlənmək istəyərkən bizim torpaqlarını özünə birləşdirmək istəyir. Məqsədi sizləri vergilərə bağlamaq, övladlarınızı öz işğalçılıq siyasəti naminə bizə düşmən olmayan başqa xalqlarla döyüşdürməkdir. Nəzərə alın ki, mən ona ərə gedəndən sonra qadınlarınız Massagetli yox, Əhəmənli doğacaq və biz bir millət kimi Yer üzündən silinəcəyik. Bu durumda özümüzü və ölkəmizi xilas etmək üçün yeganə yolumuz qalıb – savaşmaq.
Beləcə, Tomiris anamız öz vətəninin suverenliyini qorumaq üçün həqiqətən savaşır və Kir üzərində misli görünməmiş qələbə çalır.
Əhəmin kralı Kirin bizim eradan əvvəl 6-cı əsrdə yaşadığını nəzərə alsaq, Tomiris Xatunun bu əsrarəngiz savaşının üzərindən 2600 il zaman keçir. Amma təəssüf ki, onun qarşı çıxdığı hiyləgər siyasət bu gün Rusiya tərəfindən yenə türk xalqlarına qarşı həyata keçirilir. Rusiyada yaşayan türklər, o cümlədən bizim övladlarımız müxtəlif hiyləgər metodlarla Ukraynaya aparılır və rus imperializminin maraqları uğrunda qurban edilirlər. Vaxtilə II Dünya müharibəsində olduğu kimi. Xatırladım ki, o dövrdə yalnız Azərbaycandan 600 min insan müharibəyə aparılmış və onların yarısı geri qayıtmamışdır. Yəni II Dünya savaşında ən azı 300 min Azərbaycan kişisini itirmişdik.
Şükürlər olsun ki, bu gün Azərbaycan da, Mərkəzi Asiya ölkələri də müstəqildir və övladlarımız kütləvi şəkildə başqalarının müharibəsində iştirak etmək məcburiyyətində qalmırlar. Bununla belə, Rusiyanın işğalından hələ də azad olmayan Dağıstan, Tatarıstan, Başqırdıstan, Saka və s. kimi ərazilərimiz var və o torpaqlarda yaşayan qardaşlarımız indi də rus imperializminin məkrli siyasətinin qurbanına çevrilirlər. Niyə? Çünki Putin onların Tomiris anasının mövcud olmadığını düşünür.
Düşünürəm ki, Türk Dövlətlər Təşkilatı Rusiyaya onun ərazisində yaşayan türklərin yetim olmadığını müəyyən mesajlarla Moskvaya çatdırmalı və eyni kökdən gələn qardaşlarımıza qahmar çıxmağı bacarmalıdır. Ziyalılarımız, əli qardaşlarımıza çatanlarımız Tomiris anamızın 2600 illik vəsiyyətini əsarət altında yaşayan soydaşlarımızla həmrəylik nümayiş etdirməli, onları kimlərinsə imperialist müharibəsində qurban olmamağa, hansı yolla olursa olsun, əsgərlikdən yayınmağa, lazım gələrsə, öz canları və vətənlərinin müstəqilliyi uğrunda dirənməyə çağırmalıdır.
Kimsə düşünməsin ki, bu gün Rusiya güclüdür və bizim buna gücümüz çatmaz. Prinsipcə, Kir Əhəmənisi də heç indiki Rusiyadan zəif deyildi, amma Tomiris Xatun öz əzmkarlığı ilə onu diz çökdürə bilmişdi. Biz də birbaşa müharibəyə qoşulmasaq da, heç olmasa siyasi bəyantlarımız və təbliğat imkanlarımızla Tomiris anamıza layiq övlad olduğumuzu ortaya qoymalıyıq.
Heydər Oğuz
TEREF

