Trampı salamlayan İsrail parlamentinin spikeri onu Böyük II Kirlə müqayisə edib
15-10-2025, 16:38

Dünən Trampı salamlayan İsrail parlamentinin spikeri onu Böyük II Kirlə müqayisə edib. Belə müqayisə daha əvvəllər də aparılıb. Əcnəbi üçün yəhudilər tərəfindən layiq görülən bundan yüksək şərəf ola bilməz.
Kimdir II Kir? Eramızdan əvvəl VI əsrdə yaşamış Əhəməni dövlətinin banisidir. Fars qəbilələrini ətrafına toplayaraq o, Midiyanı məğlub edərək bəşəriyyətin ilk klassik imperiyasını qurmuşdur (biz də onun tərkibində idik). Ərazisi üç qitəni (Asiya, Avropa və Afrika) əhatə edirdi. Dövlət yüksək səviyyəli inzibatçılıq və hüquq sisteminə malik idi (M.F.Axundov “Kəmalüddövlə məktubları” əsərində qədim fars dövlətinə yüksək qiymət vermişdir). Dini etiqad azadlığı mövcud idi və ümumiyyətlə xalqlar arasında ayrı-seçkiliyə yol verilmirdi, Əhəmənilər ilk tolerant dövlət qurmuşdular. Təsadüfi deyil ki, Hegel “Tarixin fəlsəfəsi” əsərində farsları ilk tarixi xalq adlandırıb.
Əslində, Azərbaycanda hamı Kirin adını bilir. Əsl adını. “Kir” onun yunanca adıdır. Farsca adı Quruşdur (Kuruş). Onun buraxdığı sikkə əsrlər boyu, hətta Əhəməni dövlətinin süqutundan da sonra çox sabit pul vahidi idi. Lakin sonradan devalvasiyaya uğrayıb və tədricən “quruş” xırda pul mənasını alıb. Buna görə də bizim üçün hazırda “quruş” xırda pul deməkdir.
Bəs niyə yəhudilər Kiri belə çox sevir? Çünki o, Babili fəth etdikdən sonra yəhudilərin “Babil əsirliyi”nə son qoyaraq, Qüdsə qayıtmalarına icazə verdi və onlar Yəhudi məbədini yenidən tikməyə başladılar. Buna görə də Kir Bibliyada adı gedən yeganə qeyri-yəhudi peyğəmbəridir və hətta “Məsih” adlandırılır.
Kirin bütün ömrü savaşlarda keçmişdir və köçəri tayfalarla döyüşdə həlak olmuşdur. Herodot yazır ki, bu massagetlər idi (hökmran mövqeyə görə massagetlər İran dilli tayfalar idi, lakin son zamanlar bəziləri onların guya türk dilli olduqlarını iddia edir) və onların başçısı Tomiris oğlunun həlakına görə Kirdən qısas alaraq şərab piyaləsini insan qanı ilə dolduraraq, ölü Kirin başını piyalənin içinə soxur. Böyük ehtimalla bu əfsanədir. Çünki onun məzarı (türbəsi) indiyədək Pasarqad şəhərindədir. Həm də ki, Kirin həlakından sonra da Əhəməni dövləti çökmədi, əksinə, daha da gücləndi və inkişaf etdi. Makedoniyalı İsgəndər onlara qalib gələnədək. Özü də İsgəndər İranı fəth edən kimi Kirə böyük rəğbət bəslədiyindən onun məzarını ehtiramla ziyarət etmişdir...
P.S. Bəli, yəhudilərin Kirə böyük sevgisi məlumdur. Trampı da sevirlər. Amma açıq deyək: Trampın etdiyi Kirin etdiyi yanında heç nədir. Bəs niyə İsrail inadla Trampl Kirlə müqayisə edir. Zənnimcə, bu İrana ünvanlanmış dialoqa dəvətdir. Nəinki region, ümumiyyətlə, dünya üçün İran-İsrail biriliyi çox ciddi çağırış ola bilər. Tarixə və Kir kimi böyük şəxsiyyətlərə istinadlar bu birliyi reallığa çevirə bilər. Unutmayaq ki, Pəhləvilərin dövründə də İsrail İranın ən yaxın müttəffiqlərindən biri idi. Regionda hələ çox şey dəyişəcək. Hazır olmalıyıq...
Əkrəm Həsənov
TEREF

