İslamın Qızıl Dövrü və Məhsəti Gəncəvi
10-12-2025, 00:01

Abbasilər sülaləsi Əməvilər hakimiyyətini devirib taxta çıxandan sonra imperiyanı gücləndirməyə çalışsa da, daxili çəkişmələr səngimirdi.
Məhz bu dönəmdə, Xəlifə Əl-Mütəsimin vaxtında Mərkəzi Asiyadan gətirilən türklərdən ibarət xüsusi hərbi qvardiya yaradılır.
Zamanla türklər o qədər güclənir ki, xəlifəni saraya qapadıb ölkəni faktiki idarə etməyə başlayırlar. Buğa əl-Türki, Buğa əs-Səğir, Bəykəbək, Musa ibn Buğa kimi Türk generalları xəlifələri istədikləri kimi taxta çıxarır, istədiklərini də devirirdilər.
Məsələn, Xəlifə Əl-Mütəvəkkil türklərin nəzarətindən çıxmaq istədi, nəticədə sarayına girib onu öz oğlunun gözü qarşısında qətlə yetirdilər. Yerinə oğlu Əl-Müntəsiri qoydular, o da söza baxmadı, zəhərlədilər. Sonra Əl-Müstəin, ardınca Əl-Mühtədi. Xəlifətdə kim "mənəm-mənəm" dedi, türk qılıncının qurbanı oldu.
Türklər xəlifələri qapadıb saraya imperiyanı idarə edirlər. Amma xalqın da qəzəbinə gələ bilərlər. Düşündülər, qan tökmək əvəzinə azad fikirə, azad təhsilə, fəaliyyətə yol açdılar.
Bağdadda "Hikmət Evi" fəaliyyət göstərir, əvvəllər "qeyri-İslam" sayılıb oxunmayan Qədim Yunan və Hind əsərləri kütləvi tərcümə edilməyə başlandı. Cəbrin banisi Xarəzmi, böyük riyaziyyatçı Əl-Bəttani, tibb dahisi İbn Sina məhz bu mühitdə yetişdi. Avropa qaranlıq içindəykən, Şərqdə riyaziyyat və astronomiya göylərə qalxmışdı.
Azadlıq təkcə elmdə deyildi. Ədəbiyyatda da inqilab yaşandı. Artıq tək dini mövzular yox, şərab, eşq, qəhrəmanlıq dastanları yazılırdı. Nizaminin "Xəmsə"si, Firdovsinin "Şahnamə"si bu dövrün inciləridir.
Seksual macəraları, intim münasibətləri və erotik yumoru açıq şəkildə təsvir edən şairlər də yarandı. Onların da ağzı yumulmadı.
Bu dövrün ən cəsur imzalarından biri isə Məhsəti Gəncəvi idi. Məhsətinin dünən orginaldan 15 rübayisini oxudum, ikisində rüşvəti konkret "ilişdirir". Deyir: "Məmur işimin keçməsi üçün pul istədi, dedim yoxdur. Hədiyyə istəyirsənsə qabağım, rüşvət istəyisənsə dalım var."
Yenə o 15 rübaidə 2 dəfə yaşlı məmurların gənc qız almasını "yerə-vurur". Deyir "penisiniz" qalxmır, amma gənc qız alırsız, o da məcbur olub gedib cavanına verir, biabır olursuz. Bir rübaidə isə mövhumat danışan mollanı söyür, deyir saqqalına "zad" edim.
O dövrdə tənqid və açıq sözlülük zirvədə idi. Ömər Xəyyamın fəlsəfi üsyanı, Hafiz Şirazinin eşq dolu qəzəlləri buna sübutdur.
İslamın Qızıl Dövrü həqiqətən möhtəşəm idi. Təbrizdə Hülakilər zamanı Rəb-i Rəşidi (ilk universitet şəhərciyi) tikilir, Səmərqənddə ulduzlar öyrənilirdi. Elm, mədəniyyət və memarlıqdakı yüksəlişlə yanaşı, müsəlmanların yaşam şəraiti və mədəniyyətləri də o dövrün standartlarına görə çox yüksək səviyyədə idi.
Lakin Abbasilərlə başlayan, Səlcuq və Hülakilərlə davam edən bu işıq, sonrakı əsrlərdə dini konservatizmin və siyasi durğunluğun artması ilə tədricən sönməyə başladı. Qızıl Çağ növbəsini Qaranlıq Çağdan oyanan Avropa təhvil aldı.
Səbəbləri uzundur, bir deyil, gələn dəfəyə.
Orxan Atabəy
TEREF

