Okeanda üç gecə: Stanislav Kurilovun SSRİ-dən qaçışı
18-12-2025, 16:24

1974-cü ilin dekabrında heyrətamiz bir hadisə baş verdi. Ekvatora yaxınlaşan “Sovetskiy Soyuz” kruiz gəmisindən bir nəfər özünü okeana atdı. O, üç gün ərzində 100 km üzərək Filippin sahillərinə çıxdı. Bununla da məqsədinə - SSRİ-nin dəmir pərdəsindən qurtulmağa nail oldu.
***
Stanislav Kurilov 1936-cı ildə Orconikidzedə (indi: Vladiqafqaz) anadan olub, amma Qazaxıstanın Semipalatinsk (indi: Semey) şəhərində böyüyüb. Uşaq yaşlarından dənizə böyük maraq göstərib. Özü sonralar yazırdı: “Yaxın qohumlarım və onların əcdadları müstənsa dərəcədə torpaq adamı idilər. Bütün dünyada Semipalatinsk qədər dənizdən uzaq şəhər tapılmaz”.
Semipalatinsk dənizdən uzaqda yerləşsə də, İrtış çayının sahilində idi. Amma anası balaca Slavaya çayda çimməyə icazə vermirdi. Əvəzində yay tətilində getdiyi düşərgənin yaxınlığında yerləşən göldə üzməyi öyrənir. Cəmi 10 yaşı olanda tay-tuşları ilə mərcə gəlib İrtış çayının bir sahilindən digərinə və geriyə üzür.
O, dəniz haqqında əlinə keçən bütün əsərləri acgözlüklə oxuyur. Onların təsiri altında 15 yaşında evdən qaçır və Baltik donanmasında yunqa olmaq üçün Leninqrada gedir. Amma məlum olur ki, bunun üçün sənədlər, eləcə də xaricə çıxış üçün viza lazımdır. Arzusu həyata keçməsə də, ömründə ilk dəfə dəniz – Fin körfəzini – görür: “Mən paltarla qurşağa qədər suya girdim və and içdim ki, qayıdacağam”.
Stanislav hərbi xidmətdən sonra dənizçilik məktəbinə daxil olmaq istəyir, amma gözünün uzağı pis görməsi səbəbindən tibbi komissiya tərəfindən yararsız sayılır. Naçar qalıb Leninqrad hidrometeoroloji institutunun “okeanşünaslıq” ixtisasına daxil olur. Məzun olduqda Baykalda mühəndis-hidroloq işləyir. Sonra isə Qara dəniz sahilində yerləşən Gelencik şəhərinə dəvət edilir, buradakı “Çernomor” sualtı tədqiqat laboratoriyasında işləyir.
O, dünyanın bütün dənizlərini, okeanlarını tədqiq etməyi arzulayırdı. Amma SSRİ-dən kənara çıxmaq asan deyildi. Bunun üçün o zaman xüsusi icazə - çıxış vizası lazım idi. Sovet vətəndaşları sosialist ölkələrinə turist səfərini xəyal edə bilərdilər. Kapitalist ölkələrinə getmək isə yalnız seçilmişlərin imtiyazı idi.
Çıxış üçün müraciətlər çox vaxt səbəb göstərilmədən rədd edilirdi və adətən imtinanın səbəbini anlamaq mümkün olmurdu. Amma Stanislav Kurilovun aydın səbəbi vardı: bacısı SSRİ-də təhsil alan hindli ilə ailə qurmuş, əvvəlcə Hindistana, oradan da Kanadaya köçmüşdü. Sovet rəsmilərinin fikrincə, Kurilov bacısının yanında qala bilərdi. Amma heç bir sirr daşıyıcısı olmayan adam xaricdə qalsaydı, nə olacaqdı – bu sualın cavabı aydın deyil.
“Çernomor” tədqiqatçılarının fəaliyyəti sualtı tədqiqatçı Jak-İv Kustonun diqqətini çəkir. Məşhur fransız onlara birgə ekspedisiya keçirməyi təklif edir, amma yenə də çıxış vizasının verilməməsi səbəbindən bu ekspedisiya alınmır.
Əvvəllər sovet rejiminə qarşı heç bir iradı olmayan Kurilov bu imtinalardan sonra özünü əsir kimi hiss etməyə başlayır: “Yəqin ki, dünya haqqında heç nə bilməmək — çox şey bilib görmək fürsətinin olmamasından daha yaxşıdır. Öz yuxulu şəhərində oturub yaxınlıqda nəhəng, gözəl bir dünyanın olduğunu, onun həyatının sənin yanından keçdiyini bilmək dəhşətdir. Özünü uça bilməyən quş kimi, yelkənləri salınmış gəmi kimi, əlil arabasına əbədi zəncirlənmiş insan kimi hiss edirsən”.
***
Stanislav Kurilov 1974-cü ilin noyabrında “Veçernıy Leninqrad” qəzetində bir elanla rastlaşır. Həmin elanda Vladivostokdan yola düşəcək sovet kruiz gəmisinin ekvatora qədər gedib qayıdacağı yazılırdı. Dekabrın 8-də başlayacaq səyahət iyirmi gün çəkəcəkdi. “Qışdan yaya” adlanan bu turist gəzintisinin əsas cəlbedici cəhəti çıxış vizasının tələb olunmaması idi: çünki gəmi xarici limanlara yan almayacaqdı.
Məlumatı oxuyan Kurilov bir müddət tərəddüd keçirir. O, SSRİ-dən qaçmaq istəmirdi: “Mənim burada o qədər yaxın, doğma adamlarım var ki, ömürlük onlardan ayrılmalıyam. Sadəcə vəhşi təbiətdə gəzib, ürəyini boşaldaraq evə qayıtmaq nə gözəl olardı. Mən isə başqa dünyaya təkyönlü, geriyə dönüşü olmayan yolçuluğa çıxmalı idim. Nə qədər cazibədar olsa da, yenə çox, çox qorxulu idi”. Götür-qoydan sonra anlayır ki, arzularını yaşamaq üçün başqa yolu yoxdur və kruizə bilet alır.
Gəminin adı “Sovetski Soyuz” (Sovet İttifaqı) idi. 1923-cü ildə Almaniyada istifadəyə verilən və İkinci dünya müharibəsindən sonra təzminat şəklində SSRİ-yə çatan bu gəmi inşasından 50 il keçəndən sonra sovet sərnişin gəmiləri arasında ən böüyüyü və ən yaraşıqlısı sayılırdı. “Sovetski Soyuz” dekabrın 8-də Vladivostokdan ayrıldı. Artıq üç gün sonra sərnişinlər göyərtədə günəş vannası qəbul edir, hovuzda çimirdilər. Ən populyar məşğuliyyət isə, Kurilovun xatirələrinə görə, içmək idi.
Kiminsə gəmidən atılıb başqa bir ölkəyə qaçacağı yəqin ki, ağlagəlməz hesab olunurdu. Bununla belə, kruizin marşrutu sərnişinlərə açıqlanmırdı. Məlum olan o idi, gəmi Koreya yarımadası və Yaponiya adaları arasındakı Koreya boğazından keçəcək, burada rus-yapon müharibəsi zamanı Tsuşima adlanan yerdə darmadağın edilən rus donanması dənizçilərinin xatirəsi yad ediləcək. Buradan Ekvatora qədərki marşrut isə naməlum idi.
Amma dekabrın 11-də Kurilov zalların birində gəminin marşrutunu, özü də tarixlərlə göstərilən marşrutu əks olunan xəritə görür. Gəmi Tayvan yaxınlığında Şərqi Çin dənizi ilə, daha sonra Filippin adalarının şərq sahili ilə üzərək Sulavesi dənizinə keçəcəkdi. Burada Sulavesi və Kalimantan adaları arasında ekvatora çatacaq və iki gün dayanıb geri dönəcəkdi.

Xəritəni diqqətlə nəzərdən keçirən Kurilov kiçik Siarqao və ya böyük Mindanao adasının yanından keçərkən qaçmaq fürsəti olması qərarına gəlir. Həm məsafə nisbətən yaxın idi, həm də, ən əsası, gəmi bu adaların yanından gecə keçəcəkdi. O, Siarqao adasını seçir.
***
Dekabrın 13-də hava qaralandan sonra Stanislav Kurilov səfər tanışlarının məclisindən qalxıb kayutuna getdi. Üzmək rahat olsun deyə qısa mayka və dar şort, sahildə qayalıqlara çıxanda ayaqları kəsilməməsi üçün üst-üstə bir neçə cüt corab geyindi, mümkün yaranı sarımaq üçün boğazına yaylıq bağladı. Əl və ayaq üzgəclərini, nəfəs borusunu, üzgüçülük maskasını çantaya qoydu və kayutdan çıxdı.
Səfərin ilk günlərindən müəyyən etmişdi ki, gəminin quruluşuna görə lap yuxarıda yerləşən əsas göyərtədən tullanmaq mümkündür. Hündürlük 15 metr idi. Suya düşəndən sonra gəminin pərlərinin altına düşməmək üçün tələsik uzaqlaşmaq, bu zaman çantanı əldən buraxmamaq lazım idi. Saat 20:15-i göstərirdi. Sovet İttifaqını (həm gəmini, həm ölkəni) tərk etmək vaxtı gəlmişdi.
Hündürlükdən suya tullanmaq Kurilov üçün problem deyildi, bunu dəfələrlə etmişdi. Pərlərdən qurtulmağı çətinliklə bacardı, çantanı da buraxmadı. Üzgəcləri geyindi, maskanı və borunu taxdı, daha lazımsız olan çantanı tulladı. İndi əgər onu akulalar yeməzdisə, yorulub batmazdısa, su axını açıq okeana aparmazdısa, dalğalar qayalara çırpmazdısa, Siarqao adasına çata biləcəkdi.
Slava xatirələrində ehtiyat üzündən kompas götürmədiyini, ulduzlara əsasən üzməyi planlaşdırdığını yazır. Amma həmin gün göy üzünü bulud örtmüşdü. Buna görə də bir müddət uzaqlaşan gəmiyə istinadən, daha sonra isə qarasına üzür. O, okeanda planlaşdırdığından çox vaxt keçirir: üç gecə, iki gün. Həm məsafəni düz hesablamamışdı, həm də istinadı itirdiyindən su axını okeana tərəf aparmışdı.
Mütəmadi yoqa ilə məşğul olan Kurilov üçün ac və susuz qalmaq problem deyildi. Öz iddiasına görə, bir dəfə iki həftə susuz və 36 gün qidasız qala bilmişdi. Amma yuxusuzluqdan əziyyət çəkir. Üçüncü gecə ayaqları artıq işləmirdi, yalnız əllərinin köməyi ilə üzürdü. Akulalara rast gəlməməsi möcüzə idi. Yalnız dekabrın 15-dən 16-a keçən gecə sahilə çıxdı. Bu müddət ərzində təxminən 100 km məsafə qət etmişdi.
***
Gəmidə əvvəlcə onun göyərtədən yıxıldığını (yəqin ki, sərxoşluq səbəbindən) güman etdilər. Amma bir neçə gün sonra xarici radiostansiyalar heyrətamiz qaçış haqqında məlumat yaydılar. SSRİ-də Kurilov qiyabi olaraq 10 il azadlıqdan məhrum edildi.
Filippində də əvvəlcə casus ola biləcəyini düşündülər və 1,5 ay həbsdə saxladılar. Amma həbsxana rəisi casus olduğuna inanmadığından Kurilov üçün yumşaq rejim tətbiq edir, hətta bəzən gecələr özü ilə bara aparır. Elə rəisin köməyi ilə Kanada səfirliyi ilə əlaqə saxlanılır, Kurilovun bu ölkədəki bacısı tapılır. Sənədləşmə işləri bitdikdə, 1975-ci ilin iyununda Filippini tərk edərək Kanadaya gedir.
O, burada bir müddət müxtəlif işlərdə işləyir, daha sonra isə ixtisasına uyğun iş tapır. 1986-cı ildə İsrailə səfəri zamanı tanış olduğu qadınla evlənir və “vəd olunmuş torpaqlarda” məskunlaşır. Hayfa okeanşünaslıq institutunda çalışır. “Qaçış və ya okeanda tək” povesti çapdan çıxır.
Onun qaçışı SSRİ-də gizli saxlanılırdı. Yalnız 1991-ci ildə “Oqonyok” jurnalında povestindən parçalar çap olunanda geniş kütlələr bu heyrətamiz hadisədən xəbər tutdular. Haqqındakı məhkəmə hökmü ləğv olunsa da, SSRİ dağılandan sonra Rusiyada olmadı.
Stanislav Kurilov 1998-ci il yanvarın 29-da Təbəriyyə gölündə həlak oldu. O, tərəfdaşı ilə birlikdə gölün dibində qoyulan və balıqçı toruna ilişən aparatı azad etməyə çalışarkən özü tora dolanır və balondakı oksigeni işlətdikdən sonra boğulur.
Yadigar Sadiqli
TEREF

