Azərbaycanda və dünyada din qütbləşməsi: tarixi, səbəbləri və nəticələri
18-12-2025, 16:44

Təəssüf ki, həm Azərbaycanda, həm də ümumiyyətlə dünyada həqiqətən də açıq fikirli olan, mövcud normaları sorğulayan, intellektual marağını qoruyub saxlayan və həyatda sadəcə dolanışıq qazanmaq, istehlak etmək və mülk toplamaqdan əlavə məqsədlər güdən insanların sayı getdikcə azalır. Bu trendin əsas səbəblərindən biri həyat sürətinin olduqca artması, rəqabətin güclənməsi, normal dolanışığı təmin etməyin getdikcə çətinləşməsi və ümumən həyatın bir çox aspektində stabilliyin azalmasıdır. Lakin bir çox insan rahat yaşayış səviyyəsinə çatdıqdan sonra belə, çox vaxt “yeterlilik” anlayışını inkişaf etdirmədən, pul, status, mülk və tanınma dalınca qaçmağa davam edir. Müasir həyatda mövcud olan müxtəlif növ əyləncələr, qida bolluğu və s. da bu vəziyyətə təsir göstərərək getdikcə hedonist həyat tərzini gücləndirir; ani həzzlər intizamı və həyatda daha dərin məna axtarışını əvəz edir. Bu trendlərlə sıx bağlı olan məqam isə fərdiyyətçiliyin artmasıdır: getdikcə daha az insan şəxsi maraq və çıxarlarından əlavə nəyisə düşünmək istəyir. Kollektiv maraqlar, başqalarına, təbiətə, millətə, dünyaya diqqət arxa plana keçir; səthi görünüşlərdən kənarda həqiqi dəyərlərlə yaşayan, davranışlarında mənanı və dəyər yaratmağı hədəfləyən insanların sayı azalır. İnternetin və süni intellekt alətlərinin sürətlə yayılması da orijinallıq və dərin düşüncə əvəzinə qısayolları və kütləvi məzmun istehsalını təşviq etdiyindən, yaradıcılıq da tənəzzül əlamətləri göstərir. Bütün bunları ümumiləşdirsək, fikrimcə, həyatımızın bir çox sahəsində kəmiyyət artsa da, keyfiyyət aşağı düşür.
Bu həftə də qütbləşmə mövzusu ilə davam etmək istəyirəm. Dünyada, Azərbaycanda və ümumilikdə insanlıq tarixi boyunca qütbləşmənin ən qədim və ən güclü mənbələrindən biri din olmuşdur. Dinin qütbləşmə yaratmasının əsas səbəblərindən biri həyatın bir çox aspektinə sərt sərhədlər çəkməsidir. Xüsusilə də İslam dini çox qütbləşdirici ola bilər. Çünki təqdim olunan qaydalar və dəyərlər, xüsusilə də onlar hərfi təfsir olunub sərt şəkildə tətbiq edildikdə, bugünkü pozitivist, dünyəvi və həyatın hər sahəsində azadlığı ön plana çəkən dünya ilə kəskin ziddiyyət yaradır. Qütbləşmə adətən yalnız dini və dünyəvi qruplar arasında deyil, həm də dinlər arasında və dinlərin daxilində müxtəlif məzhəblər vasitəsilə baş verir. Üstəlik, əksər dinlərdə başqalarını həqiqətə yönləndirmək təşviq olunur. Lakin bu missiya bəzi qruplar tərəfindən ehtiyac olmadığı halda, xoşagəlməz şəkildə və sərt formada həyata keçirildikdə, insanlarda narazılıq, mənfi təəssürat və bəzən də qarşıdurma yaradır.
Ümumiyyətlə, dinlər dünyada fərqli növ, çox ciddi və hələ də təsirləri hiss olunmaqda olan neqativ hadisələrə səbəb olublar. Din səbəbindən baş vermiş münaqişələr və müharibələr onilliklər, hətta əsrlərlə davam etmişdir, Səlib yürüşləri, Otuzillik müharibə, cihadlar, müqəddəs savaşlar və günümüzdə terror aktları buna nümunədir. Dinlər daxilində yaranan parçalanmalar, məsələn, İslamda sünni-şiə qarşıdurması və xristianlıqda protestant-katolik bölgüsü, əsrlərlə siyasi və sosial gərginliklərə yol açmışdır. Bundan əlavə, dini təlimlər çox vaxt fərqli inanca malik insanlara qarşı təqiblərə, işgəncələrə və zorakılıqlara səbəb olmuşdur - inkvizisiya, cadugər ovları və “kafir” elan edilənlərin cəzalandırılması kimi. Elmi tərəqqi də dini müqavimətə rast gəlmişdir, məsələn, Qalileo’nun mühakiməsi. Hakimiyyətlər isə tarixən dini alətlərdən istifadə edərək xalqları idarə etmiş, köləliyi, kast sistemini, kolonializmi və monarxiyaları “ilahi haqq” adlandıraraq legitimləşdirmişlər. Bütün bunlarla yanaşı, dini qaydalar qadınların azadlıqlarını məhdudlaşdırmış, incəsənət və ədəbiyyatı senzura ilə məhdudlaşdırmış, sərt gender rollarını və mənəvi polisliyi gücləndirmişdir. Əlavə olaraq, dini baxışlar insanların davranış və fikirlərində də müəyyən neqativ xüsusiyyətlərin formalaşmasına səbəb ola bilir. Bu xüsusiyyətlərə dözümsüzlük, dogmatizm, mənəvi üstünlük hissi, dəyişikliklərə müqavimət, mühakiməedici yanaşma və s. daxildir.
Eyni zamanda, neqativ aspektlərlə yanaşı, dinlərin təqdim etdiyi müsbət cəhətləri də vurğulamaq lazımdır. İlk növbədə, dinlər insanlara yaxşı ilə pisi aydın şəkildə fərqləndirməyi öyrədərək, həyatın müxtəlif sahələrini əhatə edən güclü mənəvi çərçivələr təqdim etmişdir. Bundan əlavə, dinlər insana həyatın mənası, məqsədi, varlığın mahiyyəti və kainatın yaradılışı kimi ən fundamental suallara cavablar verir. İnsanların yalnız özləri üçün deyil, həm də insanlıq, icma və başqaları üçün yaşaması, qayğıkeşlik, birlik və mənsubiyyət hissi təşviq olunur. İslamda ümmət anlayışı, xristianlıqda isə “qonşunu sevmək” çağırışı buna nümunədir. Eyni zamanda, mənəvi çərçivə ilə sıx bağlı olan intizam və özünə nəzarət insanları həyatın çətinliklərinə və müxtəlif məsuliyyətlərinə qarşı daha möhkəm, dözümlü və dayanıqlı etməyə kömək edir. Dinlər həm də insanlara ümid mənbəyi olmuş, hər səhvdən sonra yeni bir şansın olmasını və daim düzəliş etməyin mümkünlüyünü vurğulamışdır. Nəhayət, dinlər insanlarda bir çox müsbət insani keyfiyyətlərin inkişafına töhfə verir: ehtiyacı olanlara maddi və mənəvi dəstək olmaq, bağışlamaq, minnətdarlıq hissi, təvazökarlıq, əliaçıqlıq, ədalətli ticarət, dürüst davranışlar və s. Bu prinsiplər insanlar tərəfindən düzgün mənimsənildikdə, ümumən cəmiyyətlər, icmalar, ölkələr və dünya yaşamaq üçün daha gözəl məkana çevrilə bilər. Məsələn, birinci paraqrafda sadalanan bütün problemlərin həlli əslində dinlər tərəfindən təşviq olunur. Bununla belə, qeyd edilməlidir ki, cari yaşadığımız dünyada qabaqcıl və inkişaf etmiş cəmiyyətlərin əksəriyyəti sekulyardır. Daha detallı analiz başqa bir yazının mövzusu ola bilər. Qısaca fikrimcə bildirmək olar ki, bunun səbəbi bir çox hallarda dinin daha çox yayğın olduğu ölkələrdə onun düzgün interpretasiya və tətbiq olunmaması, sekulyar ölkələrin üstüörtülü şəkildə hələ də davam edən müstəmləkə meylləri, ədalətsiz prinsipləri və ümumən görünən inkişafın bəzən davamlı olmamasıdır.
Azərbaycanın çox unikal dini tarixi var. Əsrlər boyu ümumən Azərbaycan ifrat dini, dogmatik və dinin irəli sürdüyü qaydalarla tam uyğunlaşan bir cəmiyyət, ölkə olmamışdır. Qeyd etmək lazımdır ki, tarixən burada müxtəlif millətlər, etnik qruplar və fərqli din mənsubları rahat yaşamış, tolerantlıq hökm sürmüşdür. Bəzi insanlar düşünür ki, Azərbaycana dini təsir əsasən İrandan gəlib, lakin bu tam doğru deyil. Azərbaycanda din çox qədimdən mövcud olub. İslamdan əvvəl burada Zərdüştilik və Xristianlıq yayılmışdı. Daha sonra Ərəb Xilafəti regiona İslamı gətirdi. Şiə İslamı isə Səfəvi dövlətinin banisi Şah İsmayıl Xətai dövründə Azərbaycanda dövlət dini səviyyəsinə qaldırıldı. Ümumiyyətlə, bölgədə və İranda dini mədəniyyəti daha çox yalnız farslar deyil, türk xalqları yaşatmışdır. Bakıya və bütövlükdə Azərbaycana müsəlmanlar da, xristianlar da, yəhudilər də öz töhfələrini vermişlər. Qurani-Kərimdə bəzi tənqidi fikirlər olsa da, yəhudilər ölkəmizdə heç vaxt təqib edilməmiş, əksinə hörmətlə qarşılanmış və cəmiyyətə asanlıqla inteqrasiya olunmuşlar. Ümumən qeyd etmək lazımdır ki, yəhudilər təkcə Azərbaycanda deyil, digər müsəlman ölkələrində də çox vaxt xoş qarşılanmış və rahat yaşamışlar. Holokostdan əvvəl və Holokost dövründə onlar Avropadakı xristianların təqiblərindən qaçaraq əsasən müsəlman ölkələrinə sığınmışdılar. Avropada isə Holokost dövründə yəhudiləri müdafiə edən və faşizmdən qoruyan ölkələr arasında xüsusilə Türkiyə və Albaniya fərqlənmişdir. Ümid edirəm ki, Azərbaycan gələcəkdə də çoxmillətli, çoxdinli və tolerant bir cəmiyyət olaraq qalacaq, bütün dini inanc və müxtəlif ölkələrdən, rənglərdən olan insanları qonaqpərvərliklə qəbul edəcək. Eyni zamanda, xalqımızın açıq fikirli, tolerant olması, məsələləri sorğulaması və fərdi səviyyədə düzgün mənəvi kompaslarını tapmaları vacibdir. Daha dindar insanlar üçün xatırlatmaq lazımdır ki, Məhəmməd Peyğəmbər (s.ə.s.) İslamı yalnız 40 yaşında təbliğ etməyə başlamış və 23 illik fəaliyyəti dövründə daim öyrənməyə, öyrəndikcə dəyişməyə və inkişaf etməyə davam etmişdir. O, həmçinin İslam icmasını daim bölünmək əvəzinə birliyə və həmrəyliyə çağırmışdır. Eyni zamanda xüsusi olaraq vurğulamışdır ki, gətirdiyi din yeni deyil, İbrahim peyğəmbərin gətirdiyi təslimiyyət dininin bərpası və saflaşdırılmasıdır. Məsələlərin həqiqi məğzini anlamaq adətən vaxt tələb edir və ümumən dinin əsas məqsədi müxtəlif ibadət formaları ilə yanaşı, əsasən insanın xarakterini yaxşılaşdırmaqdır. Qurani-Kərimdə də vurğulandığı kimi, ibadət ritualları ilə yanaşı, ən vacib olan insanın xarakteri və yaxşı əməlləridir. İbadət anlayışına həm də bilik axtarmaq və elm öyrənmək daxildir.
Mahammad Valiyev

