Dilbər Axundzadənin taleyi...
15-01-2026, 00:03

1937-ci ilin iyununda Mikayıl Müşfiq evində həbs edilir. Həyat yoldaşı olan Dilbəri Müşfiqdən sonra, 1937-ci ilin noyabrında həbs edirlər. Dilbər qadınlar üçün ümumi kamerada saxlanılır.
Onunla eyni kamerada dustaq həyatı yaşamış qadınlardan biri öz xatirələrində yazırdı: “Bütün gecə gözümü yummadım. Dilbər özündə deyil. Onu xəstəxanaya, düz bizim üstümüzdəki bir nəfərlik palataya apardılar. Dünən ona iynə vurdular və sakitləşdirdilər. O, axşama kimi yatdı. Gecə hər şey yenidən başladı. Səhərə kimi kamerada ayaq döydü, nə isə deyirdi, isterika içində çırpınırdı. Sözlərini tam anlamaq olmurdu. “Müşfiq gəlsin... Atamı çağırın... Atama deyin ki, məni buradan aparsın... Sevdiyim üçün ölərəm... Burada hamı hesab edir ki, mən dəli olmuşam... Ay Allah, onlar deyir ki, sən yoxsan, mənə rəhm et...” O, nəvazişlə Müşfiqlə danışırdı, sanki o kamerada idi. Sonra yenə qışqırır və yenə də isterikaya düşürdü.
Anlayanda ki, Dilbərdən heç nə əldə edə bilməyəcəklər, o isə işgəncələrdən aşkar surətdə özündə deyil, onu həbsxana xəstəxanasından psixiatrik xəstəxanaya köçürdülər. Lakin orada qalmaması üçün onu tanıyan həkimlər guya sağlam olması barədə arayış verirlər. Getdikcə qarabasmalar görən Dilbər xanımın vəziyyəti daha da çətinləşir. Buna görə də 7 mart 1939-cu ildə respublika prokurorluğunun xüsusi işlər şöbəsi D.Axundzadənin həbsdən azad olunması üçün təqdimat yazır. 10 mart 1939-cu ildə NKVD-nin rəis müavini Kərimovun imzaladığı qərara əsasən D.Axundzadə həbsdən azad edilir və istintaq işi arxivə verilir.
Qədim Rəfibəyli.
TEREF

