TARİXİN DÖNGƏLƏRİ VƏ SEVGİNİN GERÇƏK SİMASI OLAN 3 QADIN OBRAZI

15-01-2026, 07:14           
TARİXİN DÖNGƏLƏRİ VƏ SEVGİNİN GERÇƏK SİMASI OLAN 3 QADIN OBRAZI
Tarixin döngələrində çoxlu maraqlı məqamlar diqqəti çəkir. Hansıları ki, yazılı tarixə yansıtmırlar. Bu məqamların bir çoxu insanı həmin tarixin özündən daha çox etkiləyir. Sizə bu yazıda bəsit “mən səni sevirəm” məzmunlu hekayələrdən danışmayacağam. İnsana gerçək ruhi bağlılığın nə olduğunu anladan ayrıntıları göstərməyə çalışacam...

Tarix: miladi 3 aprel, 687-ci il. Kufə, İraq.
Kərbəla qisasçısı, Əməvilərə qarşı tarixin ən böyük və qabiliyyətlə nəticələnmiş üsyanlarından birinin öndəri Muxtar Səqəfi Zübeyrilərin Kufəyə hücumu və uzunmüddətli mühasirədən sonra açıq döyüşdə öldürüldü. Zübeyrilərin sərkərdəsi Müsəb ibn əl-Zübeyr Muxtarın hər iki xanımına şərt qoyur ki, ya camaatın içinə çıxıb Muxtarın günahkar olduğunu, Zübeyrilərə qarşı gəlməkdə səhv etdiyini deyərək ondan imtina etsinlər ya da öldürüləcəklər. Muxtarın ilk həyat yoldaşı, gənc ikən sevib evləndiyi, Kufənin nüfuzlu ailələrindən birinə mənsub olan Nariyə bint Səmura hər kəsin gözü önündə ərinin ruhuna xəyanət edərək Muxtarın günahkar olduğunu və ondan imtina etdiyini bildirir, bununla canını satın alaraq yaşadığı evdə öz həyatına davam edir. Muxtarın çox sonralar sevib aldığı gənc ÜMRƏ BİNT NUMAN isə hər kəsin gözü önündə sərkərdə Müsəb ibn əl-Zübeyrə üzünü tutub deyir: - “Sənin cəmi sülalən mənim gözümdə Muxtarımın saqqalındakı bir tükdən daha dəyərsizdir, mən canımı satın almaq müqabilində onun ruhuna kölgə salmaram. Muxtardan sonra mənə ölümdən başqa dost yoxdur. Xanimanınız da dağılsın, dünyanız da”. Qəzəblənmiş Müsəb ibn əl-Zübeyrin əmri ilə Ümrə oxlanaraq edam edilir...

Tarix: 20-21 iyun, 1747, Quchan, Xorasan.
Sui-qəsdçilər Nadir Şah Əfşarın çadırına girir, ona ard-ardına zərbələr endirmək üçün qılınclarını siyirir. Şahın yanında olan sevgilisi ZÖHRƏ BƏGÜM sui-qəsdçilərin üzərinə atılıb onların qılınc zərbələrini əlləri və çiyni ilə qarşılayır, sonra hər tərəfdən qılınc endirildiyini görüb yaralı halda özünü şahın üstünə atır və sonunu bilə-bilə bədənini ona sipər edir...

Tarix: 15 yanvar, 1920. İrkutsk şəhər vağzalı, Rusiya.
Rusiyanın Ali Hökmdarı vəzifəsini tutan Admiral Kolçak öz müttəfiqlərinin xəyanəti ilə üzləşir və qatarda ikən əsir götürülərək vağzalda düşmən tərəfə - bolşeviklərə təhvil verilir. Bu zaman onunla birlikdə olan özündən 19 yaş kiçik sevgilisi 27 yaşlı ANNA TİMİRYOVA bolşeviklərdən onu da tutmalarını tələb edir və Kolçakdan ayrılmayacağını deyib ondan yapışır. Onu admiraldan heç cür ayıra bilməyən bolşeviklər Annanı da həbs edir. Sevdiyi kişinin yanında olmaq üçün ərindən ayrılmış gənc Anna admiral Kolçakla son üç ildə hər yanda bir yerdə olmuş, ondan bir addım da ayrılmamışdı. Bolşeviklərə heç bir siyasi təhlükə vəd etmədiyi üçün həbsdən buraxılan Anna Kolçakın güllələnməsindən sonra yenidən həbs edilir və üst-üstə 37 il Rusiyanın ən soyuq və dəhşətli həbsxanalarında məhbus həyatı yaşayır. 1960-cı ildə bəraət verilən bu qadın tənha ömür sürərək 1975-ci ildə dünyasını dəyişir. Ölümündən sonra onun Kolçakla bağlı xatirələrini yazdığı gündəlikləri Kolçakın ona yazmış olduğu məktublarla bir yerdə xaricdə dəfələrlə nəşr olunur...
Bu cür misalları çox çəkmək olar, mən sadəcə üçünü qeyd etdim. Deyir müharibənin qadın üzü olmur. Bəs sevginin necə? Mənimçün sevginin gerçək üzü Ümrə bint Numandır, Zöhrə Bəgümdür, Anna Timiryovadır və onların xarakterində olan qadın obrazlarıdır. Bizdə də şəhid İlhamın Fərizəsi kimi bir nümunə var. Fərq etməz bu qadınlar kişinin həyat yoldaşıdır ya yox. Tərk edilmiş şəxsiyyətlərin aqibətini onunla çiyin-çiyinə bölüşməyə hazır olmaq və sevgisi üçün öz sonrakı taleyini gözardı edə bilmək gerçəkdən də hər qadının işi deyil. Dünya sənə qarşı savaşdığı anda sən səngərdə nəfəsini dərdiyin sırada görürsən ki, yanında həyatının qadını var, o, varlığı ilə sənə “səninləyəm” mesajını verir, sənə qarşı olan dünyanı vecinə almadan sakitcə sənə söykənib sənin silahına güllə doldurur. Bu, özünün bütün məna varlığını bir insana yükləmiş və ondan sonra açılan sabahda özünü görməyən qadınlara məxsus olan, tarixdə ən nadir və ən bahalı sevgidir. Belə qadınlara abidə qoyulsa da, azdır. Tarixi və zamanı üstələyən qadınlar onlardır.
Ceyhun Bayramli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]