Azərbaycanda dini mənzərə I hissə: Biz nə qədər dindarıq?
15-01-2026, 11:34

Giriş
Vaxtaşırı olaraq ölkə mətbuatında azərbaycanlıların dünyanın “ən az dindar xalqları siyahısında üst pillələrdə olduğu”na dair xəbərlər dərc edilir. Son dövrlərdə mediada yenidən bu məzmunlu yazılar yayımlandı. Cəmiyyətin fərqli dünyagörüşünə malik üzvləri bu xəbərlərə fərqli şəkildə reaksiya verdilər: sekulyar seqmentin nümayəndələri bu xəbərləri alqışla qarşıladı, dindarlar isə bu məlumatların etibarlı olmadığını iddia etdilər. Bəs əslində söhbət nədən gedir? Azərbaycanlılar həqiqətənmi bu qədər “dinsiz”dirlər? Və əgər bu məlumatlar doğrudursa, hazırkı vəziyyəti, yəni Azərbaycan əhalisinin dinə qarşı soyuq münasibətini necə izah etmək olar?
Qəribədir ki, mətbuatda bu statistik göstəriciləri izah etmək üçün sosioloqların deyil, adətən ilahiyyatçı və ya siyasətçilərin rəyi soruşulur. Nəticə etibarilə, ən azı populyar məcralarda bu kimi xəbərlərin qaynağı olan statistik datanın həqiqi mənzərəsi öz əksini tapmır. Əslində, oxucular söhbətin nədən getdiyini görə bilmir, sadəcə sensasiya yaratmaq həvəsilə tirajlanan yarımçıq hekayə ilə tanış olurlar.
Din və sekulyarlaşma bütün sosioloji nəzəriyyələrin izah etməyə çalışdığı ən vacib məsələlərdən biridir. Bu gün də sosial elmlərdə dinin gələcəyi, sekulyarlaşma və onun mümkün səbəbləri ilə bağlı fərqli nəzəriyyələr mövcuddur. Azərbaycandakı dini mənzərə ilə bağlı nəşr olunmuş akademik ədəbiyyatda da hazırkı vəziyyət bu və ya digər nəzəriyyələr ilə izah olunmağa çalışılır. Lakin bu qəbildən olan ədəbiyyat dar mütəxəssis çevrəsi tərəfindən oxunur, yuxarıda qeyd olunan qəbildən olan xəbərlərin sıravi oxucuları isə belə nəşrlərdən xəbərsiz qalırlar. Bu yazının əsas məqsədi məhz bu boşluğu doldurmaqdan ibarətdir.
İki hissədən ibarət olacaq bu yazının birinci hissəsində bir neçə kəmiyyət data dəstinə istinadla Azərbaycanda dindarlıq səviyyəsini, dini dünyagörüşünün ölkə əhalisi arasında yayılma dərəcəsini göstərməyə, habelə fərqli illərdə həyata keçirilmiş sorğuların nəticələrinə əsasən, dinə münasibətin hansı istiqamətdə dəyişməyə meylli olduğunu başa düşməyə çalışacağıq. Burada, əsas istinad kimi Ümumdünya Dəyərlər Sorğusu (World Values Survey), (bundan sonra, qısaca, ÜDS) tərəfindən fərqli illərdə həyata keçirilmiş və Azərbaycanı da ehtiva etmiş iki sorğunun nəticələrindən istifadə edəcək, lakin ümumi mənzərəni daha yaxşı başa düşmək üçün nəticələrini ictimaiyyətə açıq şəkildə dərc edən digər bir neçə araşdırmalara da baxacağıq. Yazının ikinci hissəsində isə hazırkı dinsizlik/dindarlıq dərəcəsinin nəzəri baxımdan necə izah edilə biləcəyini, başqa sözlə, mövcud nəzəri alətlərdən hansı birinin sözügedən mənzərəni daha yaxşı açıqlaya biləcəyini öyrənməyə cəhd edəcəyik.
Başlamazdan öncə onu da qeyd edim ki, Azərbaycan mətbuatında vaxtaşırı olaraq ölkənin “dünyanın ən az dindar 5-ci ölkəsi” olması və ya “dinsiz ölkələrin ilk onluğunda” qərarlaşması ilə bağlı iddialar[1] datanın müəyyən qədər manipulyasiya edilməsinin nəticəsidir. Buna görə də istinad edilən xəbərlərdə rəyi soruşulmuş (əsasən) ilahiyyatçıların sözügedən statistikanın səhihliyinə yönəlmiş şübhələri əsassız deyil.
Bəs, əslində, Azərbaycanda dini etiqadla bağlı mənzərə necədir və beynəlxalq sorğuların nəticələrini necə oxumalıyıq? Bu sualı cavablandırmağa Azərbaycanı əhatə etmiş ilk ÜDS datasını nəzərdən keçirməklə başlayacağıq.
Müstəqilliyin ilk illərində
ÜDS 1981-ci ildən etibarən yüzə qədər ölkədə həyata keçirilən kəmiyyət araşdırmalarının nəticələrini ictimaiyyətə açıq şəkildə nəşr edən sosioloji sorğu layihəsidir. İndiyə qədər ÜDS-nin 7 dalğasının nəticələri dərc edilib və hazırda 8-ci dalğa davam etməkdədir. Azərbaycan ilk dəfə 1995-1998-ci illərdə həyata keçirilmiş 3-cü ÜDS dalğasına[2], ikinci dəfə isə 2010-2014-cü illərdə icra edilmiş 6-cı dalğaya[3] daxil edilib. Bu araşdırmaların nəticələri layihənin internet səhifəsində hər dalğa və hər bir dalğaya daxil edilmiş bütün ölkələr üçün ayrı-ayrılıqda nəşr edilir.[4]
Bəs ilk (3-cü) ÜDS araşdırması Azərbaycanda dindarlığın səviyyəsi haqqında bizə nə deyir? Üçüncü dalğa üzrə Azərbaycandakı sorğular 1997-ci ildə həyata keçirilib və araşdırma çərçivəsində 49%-i (981 nəfər) kişi, 51%-i isə (1021 nəfər) qadın olmaqla, cəmi 2002 nəfərin rəyi soruşulub. Anketin ölçməyə çalışdığı dini dəyərlər arasında ilk nəzərə çarpan sual “dinin əhəmiyyəti” ilə bağlıdır. 1997-ci ildə azərbaycanlı respondentlərin, ümumilikdə 29,5%-i dinin onlar üçün “olduqca əhəmiyyətli” olduğunu bildirib. Rəyi soruşulanlar cinsiyyətə görə paylananda isə kişilərin qadınlarla müqayisədə dinə əhəmiyyətli dərəcədə daha az dəyər verdiyi aydın olur. Belə ki, qadınların 33,5%-i, kişilərin isə sadəcə 25,3%-i sözügedən suala “olduqca əhəmiyyətli” cavabını veriblər. Rəyi soruşulanların yarısından çoxu (52,5%) isə bu suala cavab olaraq “kifayət qədər əhəmiyyətli” bəndini seçib. İnsanların sadəcə 3,3%-i dinin “heç də əhəmiyyətli olmadığını” bəyan edib ki, bu göstəricidə də kişilərlə qadınlar arasında nəzərəçarpan fərq var. Belə ki, nəticələrə görə, kişilərin 5,1 faizi, qadınların isə cəmi 1,7 faizi dinin əhəmiyyətsiz olduğunu düşünüb.[5] Qurumun nəşr etdiyi nəticələr göstəriciləri yaş qruplarına görə müqayisə etməyə də imkan verir. Burada biz yaşı 30-a qədər olanların (31,2%) və 50-dən yuxarı olanların (35,1%) dini nisbətən daha əhəmiyyətli hesab etdiyini, orta yaş qrupuna (30-49 yaş) aid olanların isə dinə daha az əhəmiyyət verdiyini (26,1%) görə bilirik.[6]
Dataya görə, 1997-ci ildə azərbaycanlıların cəmi 1,5%-i hər hansı dini icmanın aktiv, 2,8%-i isə qeyri-aktiv üzvü olduğunu deyib. Rəyi soruşulanların 95,7%-nin isə hər hansı dini icma ilə bağı olmayıb. İcma üzvləri arasında əsas pay isə yaşlılara aid olub, belə ki, yaşı 50-dən çox olanların 5,1 %-i dini icmaların aktiv üzvü olduğunu bildirib. Həmçinin gözlənilən şəkildə, bu göstərici üzrə qadınlarla kişilər arasında kişilərin xeyrinə cüzi bir fərq var (kişilər arasında üzv olanların nisbəti qadınlarla müqayisədə azca çoxdur).[7]
Lakin insanların hansı dinə mənsub olduğu soruşulduqda, respondentlərin 91%-i müsəlman olduğunu və sadəcə 6%-i hər hansı dinə mənsub olmadığını deyib. Dini ayinlərdə iştiraka gəldikdə, insanların sadəcə 2,4%-i “həftədə bir dəfədən çox”, 3,2%-i “həftədə bir dəfə” dini ayinlərə qatıldığını, 39,7%-i isə “yalnız əlamətdar günlərdə” dini ayinlərdə iştirak etdiyini, rəyi soruşulanların 16%-i isə ümumiyyətlə dini ayinlərə qoşulmadığını bildirib. Dinlə bağlı digər bütün göstəricilərdə qadınların kişilərlə müqayisədə daha dindar olduğu görülsə də, ayinlərdə iştirakla bağlı kişilərin, az da olsa, daha fəal olduğu aydın olur. Həmçinin, “ibadət edib-etməməyinizdən asılı olmayaraq, özünüzü dindar hesab edirsinizmi?” sualına rəyi soruşulanların 83,7%-i müsbət cavab verib. Bu göstərici baxımından da qadınlarla kişilər arasında fərq nəzərə çarpır. Belə ki, kişilərin 81%-i, qadınların isə 86,3%-i özünü “dindar” adlandırıb (p < 0.002). Həmçinin, sorğunun ateizmin faktiki rəsmi inanc sistemi statusunu itirməsindən cəmi bir neçə il sonra keçirilməsinə baxmayaraq, iştirak edən azərbaycanlıların 1 faizindən də azı (0,9%) özünü “əqidəli ateist” (convinced atheist) adlandırıb. Həmçinin rəyi soruşulanların 95,2%-i Allaha, 47%-i axirət həyatına, 60%-i insanların ruhu olduğuna, 39,2%-i şeytanın varlığına, 48,2%-i cəhənnəmin və 50,1%-i isə cənnətin varlığına inandığını bildirib. Respondentlərdən “Allahın həyatlarındakı əhəmiyyətini” 10 ballıq (1– əhəmiyyətsiz; 10 – çox əhəmiyyətli) şkala üzrə dəyərləndirmələri istənildikdə, insanların 60 faizə yaxını (59,3%) tanrının onlar üçün əhəmiyyətini 10 balla qiymətləndirib. Habelə, sorğuda iştirak edən kişilərin 69,4%-i, qadınların isə 77,2%-i, ümumilikdə isə rəyi soruşulanların73,4%-i “dində təsəlli və güc tapdıqlarını” deyiblər.[8]
Həmçinin, sorğu 1990-cı illərdə dinin azərbaycanlıların həyatındakı əhəmiyyətini başa düşməyə kömək edə biləcək digər sualları da ehtiva edib. Məsələn, rəyi soruşulanlardan “uşaqlara evdə öyrədilməli olan dəyərlər”i sadalamaqları istənildikdə, sadəcə onlardan 18,6%-i dini bu dəyərlərin siyahısına daxil edib, onlardan isə sadəcə 5,7%-i dini bu baxımdan “ən əhəmiyyətli dəyər” sayıb. Habelə sorğudan insanların fərqli dinlərə mənsub olanlarla birgəyaşayışda problem görmədikləri də aydın olur. Məsələn, nəticələrə əsasən, iştirakçıların 81,6 faizi başqa dinə mənsub olanlarla qonşuluqda yaşamaqdan narahat olmayacaqlarını bildirib. Halbuki, bənzər sual homoseksuallarla bağlı verildikdə respondentlərin 90 faizindən çoxu onlarla qonşu olmaq istəmədiklərini bildiriblər.[9]
Ümumilikdə, ÜDS-nin Azərbaycanda həyata keçirdiyi 1997-ci il tarixli sorğusunun nəticələri, gözlənilə biləcəyi kimi, digər bütün (ailə, seksuallıq, uşaqların tərbiyəsi və s.) məsələlərdə cəmiyyətin kifayət qədər mühafizəkar olduğunu göstərir. Bu yazının mövzusuna, yəni dinə münasibətə gəldikdə isə, 1990-cı illərdə azərbaycanlıların böyük əksəriyyətinin inanclı (Allaha iman) olduğu və özünü dindar hesab etdiyi, habelə olduqca cüzi bir hissəsinin inancsız (ateist) olduğu məlum olur. Lakin dataya yaxından nəzər salındıqda əksər azərbaycanlıların (gündəlik ibadətləri icra etmək kimi) dini əmrlərə riayət etmədiyi və beləliklə, xüsusilə gündəlik dildə başa düşülən mənada dindar olmadığı aydın olur. Həmçinin, demək olar ki, dünyanın hər yerində müşahidə edildiyi kimi, qadınların daha dindar olması fenomeni də bu data nümunəsində öz əksini tapır.
Bəs bu datanın toplanıldığı tarixdən etibarən keçən dövr ərzində Azərbaycan cəmiyyətində dini mənzərə necə dəyişib. İndi ÜDS-6 araşdırmasının nəticəsi olaraq Azərbaycan ilə bağlı nəşr olunan datanı, habelə yaxın tarixdə nəşr olunmuş digər araşdırma nəticələrini nəzərdən keçirməklə hazırda ölkədə dini inancla bağlı vəziyyətin nə yerdə olduğunu göstərməyə çalışacağam.
Hazırkı vəziyyət
ÜDS layihəsinin 6-cı dalğası çərçivəsində Azərbaycandakı sorğular 2011-ci ildə həyata keçirilib və sorğuda 495-i kişi, 507-i qadın olmaqla, ümumilikdə 1002 nəfərin rəyi soruşulub. Bu dalğada qadınların 38,3 faizi, kişilərin 33,5 faizi, ümumilikdə isə respondentlərin 35,9 faizi, dinin onlar üçün “olduqca əhəmiyyətli” olduğunu bildirib[10]. Göründüyü kimi, ilk sorğudan keçən təxminən 15 il ərzində dinə xüsusi əhəmiyyət verən insanların nisbəti 6 faizdən çox artıb. Dini “kifayət qədər əhəmiyyətli” hesab edənlərin payı isə əhəmiyyətli dərəcədə azalaraq, 33,3%-ə düşüb. Həmçinin, dinin “heç də əhəmiyyətli olmadığını” bildirənlərin nisbəti 3 dəfə artaraq, 10,2%-ə bərabər olub.
Bu data dəstində qarşımıza çıxan ən maraqlı məqam, sözügedən araşdırmada gənclərin yuxarı yaş qrupları ilə müqayisədə daha dindar olduğunun görülməsidir. Belə ki, yaşı 30-a qədər olanların 40,5%-i, yaşı 30-49 aralığında və 50-dən çox olanların isə müvafiq olaraq, 37,2 və 29%-i sorğuda dinin “olduqca əhəmiyyətli” olduğunu bildirib.[11] Azərbaycanda yaş artdıqca insanların dinə yönəlməsi, başqa sözlə, yaşlıların daha dindar olması gözlənildiyinə görə bu nəticə ilk baxışdan təəccüb doğura bilər. Belə ki, Azərbaycan cəmiyyətində, adətən, gənclərə nisbətən daha sərbəst yaşamaq haqqı tanınır, yaşlıların isə həyatlarını dini normalara uyğunlaşdırması, başqa sözlə, insanların yaşlandıqca “Allah yoluna gəlməsi” gözlənilir.
Həmçinin, ABŞ mərkəzli araşdırma institutu olan Pew Araşdırma Mərkəzi (bundan sonra, qısaca, Pew) tərəfindən eyni tarixdə (2011) həyata keçirilən araşdırmada da tamamilə eyni nəticə əldə olunub. Belə ki, qurumun nəşr etdiyi hesabata görə, azərbaycanlıların 36%-nin həyatında din “olduqca əhəmiyyətli” rol oynayır.[12] Həmçinin, sözügedən qurumun 2018-ci ildə yayımladığı başqa bir hesabatdan yaşlıların (36%) gənclərlə (39%) müqayisədə dinə nisbətən daha az əhəmiyyət verdiyi aydın olur.[13] Yeri gəlmişkən, qeyd edək ki, mediadakı “dinsiz ölkə” xəbərlərinin bir çoxunda məhz Pew sorğularına istinad olunur və həmin “dinsiz” etiketi məhz bu “dinin əhəmiyyəti” göstəricisindən qaynaqlanır. Lakin dataya yaxından baxdıqda məhz bu spesifik göstəriciyə əsasən, Azərbaycanın nəinki dünyada, hətta müsəlman postsovet ölkələri arasında da “ən dinsiz” olmadığını görmək olar. Belə ki, müsəlman postsovet ölkələrindən olan Qazaxıstanda rəyi soruşulanların 18, Özbəkistanda isə 30%-i dinin onlar üçün çox vacib olduğunu qeyd edib. Həmçinin, Bosniya və Herseqovinada müvafiq göstərici Azərbaycanla eyni (36%), Albaniyada isə 15% həddindədir.[14]
ÜDS-6 datasına qayıdası olsaq, 2011-ci ildə Azərbaycanda rəyi soruşulanların cəmi 1,8%-i hər hansı dini icmanın aktiv üzvü olub, qeyri-fəal üzvlərin nisbəti 1 faizə düşüb, ümumiyyətlə hər hansı dini qurumla bağı olmayanların nisbəti isə müəyyən qədər artaraq, 97% həddini keçib. Həmçinin, maraqlıdır ki, aktiv üzvlər cinsiyyətlər və yaş qrupları arasında bərabər paylanıb, qeyri-fəal üzvlər arasında isə qadınlar (1,5%) kişilərdən (0,8%) iki dəfə çox təmsil olunub.[15]
Sözügedən araşdırmada respondentlərin 97,1%-i özünü müsəlman adlandırıb (əvvəlki sorğu ilə müqayisədə 6 faiz çox) və sadəcə 1,1%-i (əvvəlkindən 5 faiz az) hər hansı dinə mənsub olmadığını bildirib. Həmçinin burada da gənclərin (97,2%) yaşlılarla (95,5%) müqayisədə özünü daha çox müsəlman adlandırmağa meyilli olduğu görünür. Dini mərasimlərdə iştiraka gəldikdə, bu barədə mənzərənin dəyişmədiyini demək olar. Belə ki, bu sorğuda rəyi soruşulanların 2,6%-i “həftədə bir dəfədən çox”, 2,3%-i “həftədə bir dəfə”, 38,4%-i isə “ancaq əlamətdar günlərdə” dini mərasimlərə qoşulduğunu bildirib (yenə, qadınların kişilərlə müqayisədə daha az dini mərasimlərdə iştirak etdiyi qeydə alınıb). Dini mərasimlərdə “demək olar ki, heç vaxt” iştirak etmədiyini bildirənlərin nisbəti isə dramatik şəkildə artaraq, 42,5%-ə bərabər olub. Özünü dindar hesab edənlərin nisbətində də əvvəlki araşdırma ilə müqayisədə əhəmiyyətli fərqlər qeydə alınıb. Belə ki, rəyi soruşulanların sadəcə 26,7%-i (əvvəlki göstəricidən hardasa dörd dəfəyə yaxın az) özünü “dindar” adlandırıb. Ateistlərin nisbəti isə daha da azalaraq, sıfıra yaxınlaşıb (0,1%). Burada da qadınların (28,9%) kişilərlə (24,4%) müqayisədə, gənclərin (29,8%) isə yaşlılarla (19,8%) müqayisədə daha dindar olduğunu görmək olar.[16]
Bu dalğada əvvəlki araşdırmadan fərqli olaraq, iştirakçılardan hansı tezlikdə ibadət etdikləri də soruşulub və azərbaycanlı respondentlərin yalnız 13,5%-nin “gündə bir neçə dəfə” ibadət etdiyi məlum olub. Burada gündəlik ibadətləri icra edən qadınların nisbətinin (15,2%) kişilərdən (11,8%) müəyyən qədər, habelə gənclərin nisbətinin (18,1%) yaşlılardan (11,6%) əhəmiyyətli dərəcədə (p < 0.001) daha çox olduğu məlum olub. Həmçinin, datadan “demək olar ki, heç vaxt” ibadət etməyən azərbaycanlıların cəmiyyətin 40 faizindən çoxunu təşkil etdiyi görünür ki, burada da kişilər qadınlarla, yaşlılar isə gənclərlə müqayisədə daha çox təmsil olunur.[17]
Pew sorğusunda da respondentlərə bənzər sual ünvanlanıb, lakin bu sorğuda əldə olunan nəticələr mübahisəli görünür. Belə ki, bu sorğunun nəticələrinə görə, azərbaycanlıların 21%-i gündəlik namazları qıldığını, 49%-i isə “bütün namazları qılmasa da, gündə bir neçə dəfə ibadət etdiyini” bildirib. Beləliklə, bu sorğuya görə, Azərbaycanda əhalinin 70 faizi gündəlik olaraq ibadət edir. Təəssüf ki, sorğuda iştirakçılara təqdim olunan anketin mətninə çıxış əldə edə bilmədim, lakin ümumi nəticələrə baxmaqla araşdırmanın metodologiyasında müəyyən kobud səhvlərə yol verildiyini təxmin etmək olar. Təxminimcə, burada pray/prayer anlayışı azərbaycanlı respondentlərə təqdim olunan anketlərdə düzgün tərcümə olunmayıb və azərbaycanlılar onu dua/Allaha yalvarmaq kimi başa düşüblər. Məsələn, eyni göstəricinin Türkiyə üçün 43 faiz həddində olması türkiyəli respondentlər üçün söhbətin namazdan getdiyinə işarə edir. Əlbəttə, burada gündəlik həyatdakı şəxsi təcrübəyə istinadən, azərbaycanlıların 70%-nin gündəlik namaz ibadətini yerinə yetirdiyinin və Azərbaycanın Türkiyə ilə müqayisədə gündəlik ibadətlərə davamiyyət baxımından daha dindar olması iddiasının inandırıcı olmadığını iddia edirəm. Digər tərəfdən, sorğu nəticələrində də bu şübhəyə haqq qazandıran məqamlar var. Belə ki, azərbaycanlı respondentlərin sadəcə 1%-i “ən azı həftədə bir dəfə məscidə getdiyini” deyib ki, Türkiyə üçün bu göstərici 44% həddindədir. Üstəlik, rəyi soruşulan azərbaycanlıların 64%-i “heç vaxt məscidə getmədiyini” qeyd edib. Habelə, Azərbaycanda Ramazan orucunu tutduğunu deyənlərin nisbəti (43%) Türkiyə ilə müqayisədə (84%) az qala iki dəfə az olub.[18] Bütövlükdə data dini ayinlərə dəvamiyyət baxımından Türkiyə cəmiyyətinin Azərbaycanla müqayisədə daha dindar olduğunu göstərir. Bu baxımdan Türkiyə üçün olan data tutarlıdır. Lakin Azərbaycan üçün təqdim edilmiş datada ziddiyyətlər var. Məsələn, azərbaycanlıların 64%-i heç vaxt məscidə getmədiyini bəyan etdiyi halda, digər tərəfdən data həm də əhalinin 70%-nin gündəlik ibadətləri yerinə yetirdiyini göstərir. Bu tutarsızlıqlar insanların dini davranışlarında müşahidə olunan ziddiyyətlərdən daha çox araşdırmada yol verilmiş metodoloji xətalara işarə edir.
ÜDS-6 sorğusuna görə, 2011-ci ildə azərbaycanlıların mütləq əksəriyyəti, yəni 99,7%-i Allaha inandıqlarını deyib. Həmçinin, cəhənnəm və cənnətin varlığına inananların nisbəti də dramatik şəkildə artaraq, 81%-ə bərabər olub. Allahın həyatlarında “olduqca əhəmiyyətli” yer tutduğunu bildirənlərin nisbəti də xeyli artaraq, 90 faizi keçib (90,2%). Üstəlik, insanların 70 faizindən çoxu özlərinin aid olduqları dinin “yeganə həqiqi din” olduğunu bildiriblər, başqa sözlə, rəyi soruşulanların 32,6%-i bu müddəa ilə “tamamilə razılaşdığını”, 38,5%-i isə “razılaşdığını” bildirib.[19] Pew sorğusuna görə, Azərbaycanda rəyi soruşulanların 98%-i Allaha və Məhəmmədin peyğəmbər olduğuna inandıqlarını qeyd edib. Bu göstərici Tacikistan (99%) istisna olmaqla, bütün müsəlman postsovet ölkələrindən (ən aşağı göstərici 83% ilə Qazaxıstanda qeydə alınıb), habelə cüzi də olsa, Türkiyədən (97%) belə yuxarıdır.[20]
ÜDS-ə görə, uşaqların dindar böyüdülməli olduğunu düşünənlərin nisbəti də qismən artaraq, 20 faizə yaxınlaşıb. Başqa dinlərin daşıyıcıları ilə qonşu olmaq istəməyənlərin nisbəti də əhəmiyyətli dərəcədə artıb. Belə ki, qadınların 38,2%-i, ümumilikdə isə respondentlərin 35%-ə yaxını fərqli dinlərin nümayəndələri ilə eyni məhəlləni bölüşmək istəmədiklərini deyiblər. Digər bir maraqlı məqam “din və elm arasında yarana biləcək fikir ayrılıqlarında” azərbaycanlıların ⅓-nin dinə üstünlük verilməli olduğunu düşünməsidir. Üstəlik, yaşlılarla (11,1%) müqayisədə iki dəfədən çox (23,1%) gənc bu müddəa ilə “tamamilə razılaşıb”.[21]
Beləliklə, təxminən 15 il fərqlə həyata keçirilmiş iki kəmiyyət araşdırmasının nəticələrinə baxdıqda, ümumi mənzərənin ilk baxışda müəyyən qədər ziddiyyətli olduğunu görə bilərik. Başqa sözlə, bəzi göstəricilərə görə, azərbaycanlıların ötən dövr ərzində dindarlaşdığını, digərləri isə, əksinə, sekulyarlaşdığını deməyə əsas verir. Bəs bu ziddiyyətləri necə izah etmək olar?
Datanı necə başa düşməliyik?
Yuxarıda bəzi məqamlarda kəmiyyət datasının nəticələrinin bizim müşahidələrimizlə örtüşmədiyini gördük. Əslində, sosial məsələlərdə kəmiyyət araşdırmasının ümumiyyətlə nə qədər etibarlı nəticələr verdiyini də mübahisələndirmək olar. Fikrimcə, bu yazıda müzakirə olunan məsələ kimi sosial reallıqları araşdırmaq üçün statistik metodlara ehtiyacımız var. Lakin istənilən halda bu metodlar tək başına yetərli deyil və kvalitativ, yəni keyfiyyət araşdırmaları ilə də dəstəklənməlidirlər. Ona görə də oxucu növbəti abzasda yazılanları avtoetnoqrafiya nümunəsi kimi qəbul etməlidir.
Məncə, datada görünən ən vacib ziddiyyət iki araşdırma arasında keçən dövr ərzində dini “olduqca əhəmiyyətli” hesab edənlərin, habelə özünü müsəlman sayanların nisbətinin artmasına, habelə özünü heç bir dinə aid etməyənlərin nisbətinin sıfıra yaxınlaşmasına baxmayaraq, “dindar”ların nisbətinin dramatik dərəcədə azalmasıdır. Fikrimcə, bu faktı dindarlıq konseptinə yüklənən mənanın dəyişməsi ilə izah etmək olar. Bu platformada yayımlanan başqa bir yazımda[22] müzakirə etdiyim kimi, yaxın dövrlərə qədər Azərbaycanın bir çox yerində daha çox xalq dini adlandıra biləcəyimiz dinin hakim olduğu və ortodoks İslamın yalnız Sovet İttifaqının çöküşündən sonra tədricən ölkəyə idxal edilməyə başlandığını düşünürəm. Əslində, modern dövrdən öncə şəhərlərdən uzaqda, ucqarlarda inanılan dinin həmişə və demək olar ki, bütün coğrafiyalarda heterodoks din olduğu qənaətindəyəm. Bu fenomen qərb ölkələrində nisbətən öyrənilib, lakin Azərbaycan nümunəsində hələ də sənədləşdirilməyə ehtiyacı var. Lakin oxucuların bir çoxu öz təcrübəsindən sıravi insanların inanclarının əhəmiyyətli dərəcədə xurafat ehtiva etdiyini xatırlaya bilər. Əslində, dini modernləşdirməyə çalışan cərəyanların xalq dininə hücumunu da bu ortodokslaşdırma cəhdi ilə izah edə bilərik. Bu məsələnin müzakirə edilən data ilə əlaqəsinə gəldikdə, özünü dindar hesab edənlərin nisbətinin kəskin şəkildə azalmasının məhz bu ortodokslaşmayla izah edilə biləcəyini düşünürəm. Başqa sözlə, ortodoks İslam öz yerini xalq dininə verdikcə, “dindar” sözü daha bahalı hala gəlir və artıq bütün inanclılar deyil, sadəcə dinə kifayət qədər resurs ayıra bilənlər özlərini bu qrupa aid hesab edir. Beləliklə, ümumilikdə cəmiyyət dindarlaşsa da, özünü dindar hesab edənlərin nisbəti azalır.
Məncə, əlimizdəki data bizə sadəcə birinci araşdırmanın icrasından keçən dövr ərzində cəmiyyətin az da olsa, dindarlaşdığını deməyə əsas verir. Başqa sözlə, mediyadakı sensasiyalı xəbərlərin əksinə, Azərbaycan dinsizlər ölkəsi deyil, əksinə tədricən də olsa, dindarlaşan ölkədir. Həmçinin, müzakirə olunan 2-ci ÜDS data dəstində bir çox göstəriciyə görə (gözlənilənin əksinə), gənclərin yaşlılarla müqayisədə (ən azı bəzi göstəricilərə görə) daha dindar olmasının müşahidə edilməsi də yuxarıdakı iddianı dəstəkləyir. Gələcəkdə bu meylin davam edib-etməyəcəyi isə başqa müzakirənin mövzusudur.
Beləliklə, aydın olur ki, mediada vaxtaşırı peyda olan xəbərlərin iddia etdiklərinin əksinə, azərbaycanlılar dinsiz və Azərbaycan ən az dindar ölkələrin ilk onluğunda deyil. Sözügedən xəbərlər adətən “dinin həyatınızdakı əhəmiyyəti” başlığı altında ölçülən göstəriciyə istinad edir ki, hətta bu baxımdan belə Azərbaycandan daha az dindar olan müsəlman postsovet ölkələri var. Hərçənd data azərbaycanlıların sekulyar müsəlman ölkələri arasında qərarlaşdığını göstərsə də, dindarlıq səviyyəsindəki azalmanın davam etdiyini demək üçün heç bir əsas yoxdur. Əksinə, data ilk sorğudan keçən müddət ərzində azərbaycanlıların ən azından qismən və tədricən də olsa, dindarlaşmağa meyilli olduğunu deməyə əsas verir. Bir çox göstəriciyə görə, gənclərin yaşlılarla müqayisədə daha dinə meyilli olması bu iddianı dəstəkləyən əsas dəlil kimi qəbul edilə bilər. Lakin bəzi göstəricilərə görə, dinin əhəmiyyətinin artdığı, digər göstəricilərə görə isə, azaldığı müşahidə olunur ki, bunun da cəmiyyətin differensiallaşması ilə (ikinci hissədə bu mövzuya qayıdacağıq) izah oluna biləcəyi qənaətindəyəm.
Həmçinin, data qadınların kişilərlə müqayisədə daha dindar olduğunu göstərən qlobal fenomenin Azərbaycanda da keçərli olduğunu deməyə əsas verir. Sadəcə dini mərasimlərdə iştirak göstəricisi üzrə kişilər qadınları üstələyir ki, bunu da İslamın icma halında icra edilən ibadətləri sadəcə kişilər üçün nəzərdə tutması ilə asanlıqla açıqlamaq olar. Yazının ikinci hissəsində məhz qadınların kişilərdən, habelə gənclərin yaşlılardan daha dindar olmasını sosioloji nəzəriyyələr tərəfindən necə izah edildiyini cavablandırmağa çalışacağıq.
[1] Məsələn, bax.: https://www.trend.az/azerbaijan/politics/1424629.html;
https://www.meydan.tv/az/article/azerbaycan-dindarliq-derecesi-en-az-olan-olkeler-sirasindadir/ və sair.
giriş tarixi: 02.11.2025
[2] Inglehart, R., C. Haerpfer, A. Moreno, C. Welzel, K. Kizilova, J. Diez-Medrano, M. Lagos, P. Norris, E. Ponarin & B. Puranen et al. (eds.), (2014). World Values Survey: Round Three – Country-Pooled Datafile Version: www.worldvaluessurvey.org/WVSDocumentationWV3.jsp. Madrid: JD Systems Institute.
[3] Inglehart, R., C. Haerpfer, A. Moreno, C. Welzel, K. Kizilova, J. Diez-Medrano, M. Lagos, P. Norris, E. Ponarin & B. Puranen et al. (eds.), (2014). World Values Survey: Round Six – Country-Pooled Datafile Version: www.worldvaluessurvey.org/WVSDocumentationWV6.jsp. Madrid: JD Systems Institute.
[4] https://www.worldvaluessurvey.org/wvs.jsp, giriş tarixi: 31.10.2025
[5] Müşahidə olunan gender fərqləri nümunəgötürmə xətasından qaynaqlanmır, başqa sözlə, sözügedən fərqlər statistik əhəmiyyətlidir (p < 0.001).
[6] WV3_Results, Azerbaijan, (1995), səh.2
[7] Yenə orada, səh.5
[8] Yenə orada, səh. 40-43
[9] Yenə orada, səh. 4-5; 11
[10] Bu spesifik göstərici baxımından müşahidə olunan gender fərqi statistik əhəmiyyətli deyil: p ≈ 0.11
[11] WV6_Results, Azerbaijan, (1995), səh.2-3.
[12] James Bell və b. (2012), The World’s Muslims: Unity and Diversity, Pew Research Center (http://pewrsr.ch/13sxjuP), səh.40. Sözügedən araşdırma 2011-2012-ci illərdə dünya müsəlmanlarının 70%-ə yaxının yaşadığı 39 dövlət və bölgədə həyata keçirilmişdir. Azərbaycandakı sorğu 2011-ci ilin dekabrında icra olunmuş və bu sorğuya 996-ı müsəlman olmaqla, təsadüfi qaydada seçilmiş 1000 yetkin fərd cəlb olunmuşdur.
[13] Conrad Hackett və b. (2018), The Age Gap in Religion Around the World, Pew Research Center, (https://www.pewresearch.org/religion/2018/06/13/the-age-gap-in-religion-around-the-world/), səh.64.
[14] The World’s Muslims: Unity and Diversity, səh. 40.
[15] WV6_Results, Azerbaijan, səh. 9.
[16] Yenə orada, səh. 73-75.
[17] Yenə orada, səh. 74-75.
[18] The World’s Muslims: Unity and Diversity, səh.43-47; 54
[19] WV6_Results, Azerbaijan, səh. 76-78
[20] The World’s Muslims: Unity and Diversity, səh. 38
[21] WV6_Results, Azerbaijan, səh. 6; 16; 77
[22] Araz Bağırov (2018), “Azərbaycanın cənub rayonlarında Məhərrəm əzadarlığı”, (https://bakuresearchinstitute.org/az%c9%99rbaycanin-c%c9%99nub-rayonlarinda-m%c9%99h%c9%99rr%c9%99m-%c9%99zadarligi-2/) , giriş tarixi: 04.11.2025
Araz Bağırov
Müstəqil araşdırmaçı. Bakı Dövlət Universitetində tarix üzrə bakalavr, Eskişehir Anadolu Universitetində sosiologiya üzrə magistr təhsili alıb.
bakuresearchinstitute.org

