İranda son etirazların səbəbləri və bu günə gətirib çıxaran proseslər
17-01-2026, 11:18

28 dekabr 2025-ci il, valyuta qiymətinin artması səbəbilə İranın paytaxtı Tehran bazarında dükanların bağlanması ilə başlayan etirazlar sürətlə bütün İrana yayıldı. İlk baxışda iqtisadi xarakter daşıyan bu hadisə qısa müddət ərzində struktur və siyasi məzmun qazandı və dövlət–cəmiyyət münasibətlərindəki dərin böhranı üzə çıxardı. Etirazların müxtəlif sosial təbəqələri, şəhər və bölgələri əhatə etməsi, problemin təkcə bazar mexanizmləri və ya iqtisadi idarəetmə ilə məhdudlaşmadığını, əksinə, siyasi legitimliyin aşınması, institusional etimadsızlıq və uzunmüddətli sosial gərginliklərlə sıx bağlı olduğunu göstərdi.
İranda baş verənlər, İran İslam Respublikasının mövcud idarəçilik modelinin davamlılığı və adaptasiya qabiliyyəti baxımından ciddi suallar doğurur. Bu etirazlar, İslam Respublikası hökumətinin struktur problemləri, İranda yoxsulların həyat şəraiti, ədalətsizlik, bərabərsizlik, sosial dəyişiklik və ya inqilab və hökumətin devrilmə ehtimalı ilə bağlı müzakirələri bir daha gücləndirdi. Bu barədə, cavablandırılması lazım olan əsas suallar budur ki, xalqın narazılığının və etirazların əsas və struktur səbəbləri nələrdir? Etirazçıların tələbləri nədən ibarətdir? İran hökumətinin aksiyalara reaksiyası və strategiyası nədir? Habelə İslam Respublikasına alternativ varmı? Müxalif qüvvələrin və qrupların davranışı və planı nədir?
Bu sualları cavablamaq üçün həm hazırda davam edən etirazların, həm də bundan əvvəlki etirazlar və bu günə gəlib çatan sosial və siyasi hərəkatlara baxmaq vacibdir.
Etirazlar necə başladı və nələr yaşandı?
Uzun müddətdir hökumətlə həmrəy olduğu bilinən (ya da iddia edilən) Tehran bazarının ənənəvi mühafizəkar əhalisinin 2025-ci ilin 28 dekabrında İran pulunun kəskin enişinə qarşı başlatdığı etirazlar, digər sosial siniflər və qrupların iştirakı ilə davam etdirildi. Tehrandan sonra İsfahan, Kərəc və Məşhəd kimi şəhərlərin bazarları da sürətlə etirazlara qatıldı. Tezliklə şüarlar siyasiləşdi və İslam Respublikasının liderini və hökumət quruluşunu hədəf aldı. Təhlükəsizlik qüvvələri etirazçılara zorakılıqla cavab verdi, etirazçılar isə dağılışmaya müqavimət göstərdilər. Təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı zorakı davranışı xalqın daha çox qəzəblənməsinə və etirazların genişlənməsinə yol açdı. 2026-cı ilin ilk günlərində tələbələr, gənclər, işçilər və müxtəlif şəhər qrupları da daxil olmaqla, daha böyük izdiham küçələrə çıxaraq siyasi şüarlar səsləndirdilər.
Təhlükəsizlik qüvvələri etirazçıları dağıtmaq üçün hərbi tüfənglərdən istifadə ediblər. Nəticədə, dəqiq sayı bəlli olmasa da, bu günə qədər minlərlə etirazçı öldürülüb və minlərlə insan yaralanıb. Xüsusilə internetin geniş şəkildə kəsilməsindən sonra öldürülən etirazçı sayı çox artıb. İnternet kəsintisinə baxmayaraq, ölkə xaricinə çıxan foto və videolar ölənlərin sayının zənn ediləndən çox artıq olduğunu sübut edir. 13 yanvar 2026-ci il İran rəsmiləri Reuters agentliyinə bildiriblər ki, təxminən 2000 nəfər (rəqəmə etirazçılar və təhlükəsizlik qüvvələri daxildir) həyatını itirmişdir.[1] İran İnsan Haqları təşkilatının 12 yanvar 2026-ci ildə yaydığı ilkin hesabatlarına görə, birbaşa təsdiqlənmiş hallar da daxil olmaqla, ən azı 648-734 nəfər həlak olub,[2] lakin mənbələr bu rəqəmin daha yüksək ola biləcəyini göstərir, çünki bu hesabatda yalnız birbaşa təsdiqlənmiş hallar nəzərə alınıb. İran xaricindəki bəzi müxalifət mediaları 12.000 və ya daha çox insanın öldüyünü deyirlər. New York Post 13 yanvardakı xəbərində ölənlərin sayının 20 minə çata biləcəyi barədə xəbər yayıb.[3] Lakin bu rəqəmlər müstəqil şəkildə təsdiqlənə bilmir və ölkə daxilində internet kəsintiləri səbəbindən hələlik qəti olaraq qəbul edilə bilməz.
Hökumətin etirazlara yanaşı baxışı da diqqət çəkən mövzulardan biridir. İslam Respublikasının Ali Rəhbəri Əli Xamenei etirazçıları “Amerika prezidentini razı salmağa” çalışan “təxribatçılar” və “terrorçular” adlandırdı və İslam Respublikasının “təxribatçılar qarşısında geri çəkilməyəcəyini” vurğuladı.[4] İnqilab Keşikçilərinin kəşfiyyat İdarəsi “bu vəziyyətin davam etməsinin qəbuledilməz olduğunu” və “son terror hadisələrində ölənlərin qanının onu planlaşdıranların çiyinlərində olduğunu” dedi.[5] Görünən odur ki, hökumət etirazların mənbəyini də ABŞ və İsrail kimi qüvvələrə bağlayır. Hökumətin etirazçıları terrorçu adlandırması, həbs edilənlərə ağır cəzalar veriləcəyini göstərir.
İrandakı hadisələrə yanaşı xarici ölkələrin və beynəlxalq təşkilatların reaksiyası da diqqətəlayiqdir. İran hökumətinin xalqa qarşı zorakılığı əvvəldə ilk olaraq ABŞ prezidenti Donald Trampın diqqətini çəkdi və o, İslam Respublikası İran xalqını öldürməyə cəhd edərsə, tədbir görəcəyi barədə xəbərdarlıq etdi. Tramp son mesajında İran xalqını etirazlarını davam etdirməyə çağırdı və söz verdi ki “kömək yoldadır.”[6] ABŞ bildirib ki, həmçinin zorakılıq dayanana qədər İran rəsmiləri ilə bütün danışıqları dayandırıb və siyasi və iqtisadi təzyiq üçün variantları araşdırır.[7] Habelə İran hökumətinə təzyiq göstərmək məqsədilə İrana qarşı yeni və daha geniş sanksiyalar da planlaşdırılıb.
Britaniya, Almaniya və Fransa başda olmaqla, Avropa ölkələri və Avstraliya da İran təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı zorakılığı barədə narahatlıqlarını ifadə ediblər. Avropa Birliyinin Ali Nümayəndəsi İran xalqının etirazları ilə həmrəyliyini bildirdi. [8] BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı həmçinin İran etirazlarında həlak olanların ölümü ilə bağlı “müstəqil və şəffaf” araşdırma aparılmasına çağırdı. Habelə çoxlu beynəlxalq təşkilatlar ölkədə internetin bağlanmasına və informasiya axınına qoyulan məhdudiyyətlərə qarşı xəbərdarlıq ediblər. Bəzi ölkələr və liderlər isə İrandakı humanitar böhranla bağlı narahatlıqlarını ifadə etsələr də, mövqeləri fərqlidir. Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər və Misir kimi ölkələr, böhranın şiddətlənməsinin qarşısını almaq üçün birbaşa hərbi müdaxiləyə qarşı xəbərdarlıq ediblər.[9]
İranda etirazların və narazılığın əsas və struktur səbəbləri
1979-cu ildə İslam Respublikasının qurulmasından sonra İranda davamlı etirazlar olmuşdur. İnqilabdan sonra bu günə qədər etirazlara baxdıqda, hər il etirazlar olduğunu görürük. Buna görə hazırda davam edən etirazların səbəblərini təhlil etmək üçün bundan əvvəlki etirazlara da diqqət yetirilməliyik. Yəni etirazları uzun bir prosesin son nöqtəsi kimi analiz etmək lazımdır.
İnqilab illərindəki etirazlar bir tərəfdə qalsın- yeni dövr etirazlar 1999-cu il Tehran Universitetində başladı. Bu etirazlar tələbələrin ifadə azadlığı tələbləri ilə bağlı idi. 2003-cü ildə də Tehran, Təbriz və digər şəhərlərdə yenidən Tələbə Hərəkatı baş tutdu. Sonra ən əhəmiyyətli etirazlar 2006-cı ildə İran qəzetində yayılan karikaturaya qarşı Azərbaycan şəhərlərində və Tehranda baş tutdu.[10] Azərbaycanda sonrakı illərdə ətraf mühit (Urmiya Gölü etirazları) və ayrıseçkilik kimi məsələlərə qarşı da dövrü etirazlar yaşandı.
İranda müasir siyasi-sosial hərəkatlarda əhəmiyyətli olan hadisələrdən biri də Yaşıl Hərəkatı idi. 2009-cu ildə prezident seçkilərindən sonra yaranan Yaşıl Hərəkat, seçki nəticələrinə etiraz etmək və ölkənin siyasi strukturunda islahatlar aparmaq məqsədi daşıyan vətəndaş hərəkatı idi. Hərəkat vətəndaş azadlıqları, insan hüquqları, seçki şəffaflığı və bəzi hökumət institutlarının gücünün məhdudlaşdırılması tələbi ilə başladı. Yaşıl Hərəkat daha çox sistemdə islahatlara və insanların siyasi iştirakının artırılmasına diqqət yetirirdi.
İranda siyasi-sosial hərəkatlar və etirazlar 2017-ci ildən sonra yeni xarakterə büründü. Bu ildə hökumətin maliyyə qurumları və Qarz-ül-Həsənə adlanan fondlara nəzarət edən qurumların məsuliyətsizliyi və insanların şikayətlərinə cavab verməməsinə qarşı Məşhəddə ilk etiraz mitinqləri başladı. Bu etirazlar sürətlə yayıldı və bir həftədən az müddətdə İranın 70-dən çox şəhərində etiraz nümayişləri keçirildi. Bu etirazlar sosial tərkib və tələblər baxımından əvvəlki etirazlardan əhəmiyyətli dərəcədə fərqlənirdi. Məsələn, 2009-cu ildəki etirazlar şəhər orta təbəqəsinin bir hissəsi, siyasi və islahatçı tələblərə diqqət yetirərək mərkəzi rol oynayarkən, 2017-ci ildəki etirazçılar əsasən cəmiyyətin məhrum və marginal təbəqələrindən idilər. Bu etirazlar əsasən çörək üsyanı və acların üsyanı kimi adlandırılırdı.
2017-ci il etirazları hazırda davam edən etirazların da haradasa başlanğıc nöqtəsidir. Həmin etirazlardan bəri hökumətə qarşı şüarlar (o cümlədən bütün siyasi sistemə və Xameneiyə qarşı şüarlar) daha radikallaşdı və yavaş-yavaş hökuməti devirmək məqsədinə yönəldi. Xüsusilə nüvə sazişindən (2015) sonra siyasi və iqtisadi açılışa ümid edən bir çox əhali, 2017-ci ilin yanvar etirazlarından sonra hökumətdən məyus oldular; bu məyusluq məşhur Fundamentalist, islahatçı, artıq hekayə bitdi şüarında da əks olundu. Bu etirazlar və onların yatırılması cəmiyyətlə hökumət arasındakı uçurumu dərinləşdirməkdə dönüş nöqtəsi oldu və bu uçurumu azaltmaq üçün bir mexanizm kimi sözdə seçkilərin rolunu əsasən aradan qaldırdı; bu proses sonrakı etirazlarda daha intensiv şəkildə davam etdi.
2019 Qanlı Aban (Noyabr) etirazları, İranda yanacağın yenidən rasionlaşdırılması və benzin qiymətlərinin 200% artırılmasından sonra yaşandı. Bu etirazların əsas xüsusiyyətlərindən biri təkcə böyük şəhərlərə deyil, həm də çox sayda kiçik şəhərə də yayılması idi. Bu etirazlarda iqtisadi problemlərin yanında şəxsi, sosial və siyasi azadlıqlar da tələb edildi.
Yanvar 2020-ci il, İnqilab Keşikçiləri tərəfindən Ukrayna Hava Yollarına məxsus təyyarənin vurulmasından və İran İslam Respublikası hökuməti tərəfindən ört-basdır edilməsindən sonra başladı. Hökumət bu etirazlarda interneti məhdudlaşdırdı, zorakılıqla etirazçıları yatırdı və çox sayda insanı həbs etdi. Bu etirazların özü uzun çəkməsə də, təsirləri uzunmüddətli oldu.
2021-ci ildə ərəb əhalinin çoxluqda olduğu Xuzistan əyalətinin müxtəlif şəhərlərində etirazçılar su və elektrik kəsintilərinə etiraz etmək üçün dinc mitinqlər keçirdilər. Ancaq bu mitinqlər hərbi və təhlükəsizlik qüvvələri tərəfindən toqquşmalar və repressiyalarla qarşılandı. Etirazların miqyası və Xuzistan etirazçıları ilə həmrəylik dalğası Şərqi və Qərbi Azərbaycan, Lorestan və İsfahan da daxil olmaqla, digər əyalətlərə də yayıldı.
2022-ci ildə vətəndaşların pulları və etibarlarının kredit fondları tərəfindən qaytarılmaması, bank və maliyyə müqavilələrinin pozulması, əmək haqqının gecikdirilməsi, banklarda oğurluq, su və quraqlıqla bağlı problemlər və s. kimi səbəblərdən ötrü etirazlar yaşandı. 2022-ci ilin may ayında Abadanda Metropol binasının uçması etiraz miqyasını artırdı.
Son illərdə ən çox danışılan və təsirli olan hadisə, 16 sentyabr 2022-ci ildə Mahsa Əmininin təhlükəsizlik qüvvələri tərəfindən öldürülməsi ilə baş tutan etirazlardır. Qadın, Həyat, Azadlıq şüarı altında ölkə miqyasında keçirilən bu etirazlarda etirazçılar ölkənin sosial və siyasi vəziyyətində fundamental dəyişikliklər tələb edirdilər. Bu hərəkatın ön sıralarında qadınlar, gənclər və tələbələr olubdur. Etirazlar ölkədə geniş yayıldı və yüzlərlə etirazçının ölümünə və Zahidanda Qanlı Cümə kimi tanınan hadisələrə səbəb oldu. Etirazlar yatırıldıqdan sonra hökumət bir sıra etirazçını edam etdi. Demək olar ki, Qadın, Həyat, Azadlıq hərəkatı sosial tələblər sahəsində, xüsusən də qadınların geyim azadlığı sahəsində çox təsirli olub; hətta bu etirazlardan sonra bir çox qadın küçələrdə, ictimai məkanlarda, mədəni dairələrdə və hətta bəzi dövlət qurumlarında hicablarını atıblar.
Sosioloji baxımdan, bu etirazlar göstərdi ki, iranlıların sosial məhdudiyyətlərə, qadın hüquqlarına, kimliyə və mədəni zülmə qarşı etirazları artıq müəyyən bir qrup və ya bölgə ilə məhdudlaşmır, geniş yayılmış və şəbəkələşmiş hərəkatlara çevrilə bilir.
Hazırda davam edən etirazların iqtisadi səbəbləri
Yuxarıda da qeyd edildiyi kimi, 28 dekabr 2025-ci ildə İran rialının dəyəri ən aşağı səviyyəyə çatdı və bazarda dollar təxminən 1,4-1,5 milyon rial (140-150 min tümən) səviyyəsinə yüksəldi. Bu kəskin eniş bütün idxal mallarının və bir çox yerli istehsal xammalının qiymətlərinin sürətlə artmasına səbəb oldu. Bu dalğalanmalar bazar və ticarətdə sabit qiymətlər təyin edilməsini və ya inventarı idarə etməni qeyri-mümkün etdi. Bu da bazar əhalisinin dükanlarını bağlayaraq etiraz etmələrinə səbəb oldu. Yəni iqtisadi problemlər bu etirazların ən əhəmiyətli amilidir. Artan inflyasiya və alıcılıq qabiliyyətinin azalması, xüsusən də ərzaq, dərman və yanacaq kimi əsas mallarda bazar satıcılarına, işçilərə və cəmiyyətin orta və aşağı təbəqələrinə ciddi təzyiq göstərib. Valyuta məzənnəsinin kəskin dəyişməsi istehsal qiymətinin artmasına səbəb olub.
Hökumətin valyuta ehtiyatlarının qıt olması, beynəlxalq sanksiyalar və məhdudiyyətlərin hər gün artması, iqtisadi aktyorların hökumətin valyuta siyasətinə inamsızlığına səbəb oldu. İllik inflyasiya səviyyəsi, xüsusən də əsas mallarda (ərzaq, yanacaq, dərman) yüksək səviyyələrə çatması və alıcılıq qabiliyyətinin azalması, insanlar və iş adamlarının gəlirlərinin qiymətlərin artması ilə uyğun gəlməməsinə səbəb oldu. Ölkənin bankları və maliyyə sistemi isə sanksiyalar və səhv siyasətlər səbəbindən likvidlik çatışmazlığı ilə üzləşdi. Dövlət valyutasına məhdud çıxış və rəsmi məzənnə ilə sərbəst bazar məzənnəsi arasındakı böyük fərq valyuta və qızıl bazarlarında spekulyasiyanı gücləndirdi. Bu, bazarın son dərəcə qeyri-sabit olmasına və investorların və istehlakçıların etibarının azalmasına gətirib çıxardı. Bu hadisələr Mərkəzi Bank sədrinin istefası və hökumətin təklif etdiyi büdcə layihəsinin parlamentə təqdimatı ilə üst-üstə düşdü. Büdcə layihəsində hökumətə yaxın olan ideoloji, mədəni və dini qurumlara böyük bir pay ayrılmışdır ki, bu məsələ də etirazçıların qəzəbini artırdı və iqtisadi etimadsızlığı üzə çıxardı.[11]
Hökumətin iqtisadi siyasətdə şəffaf olmaması və qərar qəbuletmənin qeyri-sabitliyi insanları və marketoloqları etiraz etməyə vadar etdi. İnsanlar valyutanın dəyərini və bazar sabitliyini qorumaq üçün etibarlı iqtisadi mexanizm olmadığını hiss etdikdə, kütləvi reaksiyalar və tətillər başladı. Başqa sözlə, valyuta şoku və inflyasiya təzyiqi dükanların və mağazaların bağlanmasının birbaşa səbəbi idi, hökumətin idarəetmə zəifliyi və struktur problemləri isə bu etirazların sürətlə yayılmasına səbəb olmuşdu.
Etirazlarda İran Azərbaycan türklərinin mövqeyi
İranda davam edən etirazlarda İran türkləri (azərbaycanlılar) müəyyən rol və funksiya oynasalar da, onlar olaraq bir neçə xüsusiyyətə malik olublar. 2025-ci ilin dekabr ayının sonlarında başlayan etirazlarda ilk günlərdə Azərbaycan küçələrində etirazlar olmadığı, sonrakı günlərdə isə geniş iştirakın mərkəzi şəhərlərə nisbətən daha az olduğu görünür. Analitiklər bunu ümumxalq etirazlarına marağın olmamasından daha çox, yerli mürəkkəblik, əvvəlki repressiyalar və etnososial tələblərin spesifik təbiətinin nəticəsi kimi görürlər. Bəzi analitiklər qeyd edirlər ki, son etirazlarda geniş iştirakın olmaması Azərbaycan xalqının özündənrazılığı və ya hərəkətsizliyi əlaməti kimi deyil, repressiya qorxusu, acı tarixi təcrübələr və ilkin etirazların sadə iqtisadi tələblərə yönəlməsinin nəticəsi kimi şərh olunmalıdır.[12]
Etirazların sonrakı mərhələlərində Təbriz, Urmiya, Ərdəbil və Azərbaycanın digər mərkəzləri kütləvi hökumət əleyhinə mitinqlərin və təhlükəsizlik qüvvələri ilə toqquşmaların səhnəsi oldu. Etirazçılar sosial ədalət tələbləri ilə etnik kimlik arasındakı əlaqəni göstərən Azadlıq, Ədalət, Milli Hökumət kimi şüarlar səsləndiriblər. Habelə Azərbaycanlı-türk jurnalistlər, bəzi siyasi təşkilatlar və insan haqları təşkilatları və fəalları xaricdə aktiv olublar: bunlardan ən vacibləri repressiyaları sənədləşdirmək, etiraz bəyanatlarını dərc etmək, türk etnik qruplarının vətəndaş hüquqlarını müdafiə etmək və mədəni-linqvistik ayrı-seçkiliyi tənqid etmək olub. Azərbaycanlı insan haqları fəalları etirazlara cavabın xəyanət və ya hərəkətsizlik ittihamları ilə müşayiət olunmamalı olduğunu vurğulayıblar və türklərin səslərinin dəyişiklik prosesində cəmiyyətin fəal üzvləri kimi eşidilməsinə çağırıblar.[13]
Azərbaycan və xüsusilə Təbrizin etirazlara qoşulmaqda tərəddüd etməsinin müxtəlif siyasi və sosioloji səbəbləri var. Birincisi, türklərdə qalib fikir budur ki, mərkəzçi qruplar, o cümlədən İrançılar Azərbaycanı keçmişdəki etirazlarında dəstəkləməyiblər. Baxdığımız zaman, keçmiş Azərbaycan etirazlarında həmin qruplar türkləri separatçı, pantürkist və İran düşməni kimi adlandıraraq hökumətin təzyiqlərini dəstəkləyiblər. Bu məsələ azərbaycanlıların kollektiv yaddaşına o qədər dərin həkk olunub ki, əksəriyyəti mərkəzçi hərəkatlara qoşulmağı qəbul etmir. Mən mərkəzçi qruplar və ya hərəkatlar deyəndə siyasi, inzibati, iqtisadi və mədəni gücün ölkənin paytaxtında və ya mərkəzində cəmləşməsini zəruri hesab edən və real hakimiyyətin bölgələrə, etnik qruplara və ya yerli hökumətlərə ötürülməsinə qarşı çıxan hərəkatları və qüvvələri nəzərdə tuturam. İran siyasi ədəbiyyatında mərkəzçilik çox vaxt tək kimlikli millət-dövlət, tək dil (fars dili) və mərkəzləşdirilmiş hakimiyyətlə əlaqələndirilir.
Azərbaycanın etirazlara qoşulmaqdakı tərəddüdünün vacib səbəblərindən biri də ideolojidir. Son illərin etirazlarını nəzərə alsaq, demək olar ki, Azərbaycanda tərəddüd, xalqın hüquqları uğrunda apardığı etirazların totalitar ideologiyalar tərəfindən müsadirə olmasından qaynaqlanır. Yəni, problem bəzi siyasi qrupların, xüsusən də Pəhləviçilərin özlərini etirazların aparıcısı və lideri kimi göstərmələridir. Nəticədə, türklər bu diskursun içinə girməmək və mərkəzçi qruplardan ayrılmaq üçün etirazlara qatılmağa tərəddüdlə yanaşdılar.
Pəhləviçi və mərkəzçi qrupların şüarları, həqiqətən də, mürtəce və aşırı ideolojidir. Deyə bilərik ki, məsələn, Rza Şah, ruhun şad olsun kimi şüarlar bu tip şüarlardır. Bu tip şüarlar etirazçıların əsas məsələsini kənara qoyur, etirazın gərgin atmosferində ittihamları və inkarları gücləndirir və etirazın həyəcanını azaldır. Bu məsələ, xüsusən də Azərbaycan kimi bölgələrdə daha mənfi təsirlər göstərir. Çünki türklər həm Vilayət-e-Fəqih ideologiyasının, həm də Pəhləvilərin ideologiyasının totalitar və mərkəzçi olduğunu bilirlər.[14]
Son olaraq, reallıq budur ki, tarixi bir proses nəticəsində və son yüz ilin yaşanmış təcrübəsinə əsaslanaraq, Azərbaycan xalqının siyasi məsələlər, hökumətlər, mərkəzçi və fundamentalist ideoloji hərəkatlar haqqında anlayışı dəyişib. Çünki İslam Respublikası hökuməti, mərkəzçi cərəyanlar və böyük fundamentalist ideologiyalara (məsələn, İranşəhri və Pəhləviçilik) malik diskurslar hər zaman Azərbaycan-türk kimliyini inkar edibdir.
Tarixən İran türklərinin və Azərbaycan şəhərlərinin etiraz davranışı uzun müddətli siyasi marginallaşma, mədəni repressiya və mərkəzə qarşı inamsızlıq təcrübəsi kontekstində başa düşülməlidir. Etirazların ilk mərhələlərində Azərbaycan küçələrindəki etirazlara iştirakın gecikməsi passivlikdən qaynaqlanmırdı. Bu siyasi davranış 1979-cu il inqilabından sonrakı repressiyaların və əvvəlki ümumxalq etirazlarının uğursuzluq təcrübəsinin nəticəsidir. Bu kollektiv yaddaş türklərin siyasi fəaliyyətində bir növ ehtiyatlı rasionallığı formalaşdırmışdır ki, etirazın Azərbaycan üçün zərərləri və faydaları, hərəkatın mərkəzçi diskurslar tərəfindən ələ keçirilməsi ehtimalı və etnik tələblərin aradan qaldırılması riski burada əhəmiyyətli rol oynayır.
Etirazların sonrakı mərhələlərində Azərbaycanın iştirakı, ictimai tələblər və etnik kimlik arasında ikili əlaqəni nümayiş etdirir. Təbriz, Urmiya və Ərdəbildəki şüarlar və hərəkətlər sırf iqtisadi və ya sırf kimliyə əsaslanmır, əksinə həm yoxsulluğa, korrupsiyaya və avtoritarizmə qarşı həm də dil, mədəni və siyasi tələbləri də əks etdirir. Bu, İran türklərinin özlərini ölkədə etiraz icmasının bir hissəsi kimi gördüyünü, lakin mərkəz diskursunda tamamilə həll olmadığını göstərir. Yəni türk xalqı və təşkilatlarının, jurnalistlərin və insan haqları institutlarının rolu diskursiv olaraq təhlil edilməlidir.
Mərkəzçi müxalifətin, xüsusilə Pəhləviçilərin dominant narrativləri ilə etnik tələblər arasındakı boşluq türk cəmiyyətinin bir hissəsinin İslam Respublikasından sonrakı gələcəyə pessimist yanaşmasına səbəb olub. Buna görə də, hazırkı etirazlarda İran türkləri özlərini eyni zamanda həm digər İran xalqlarının müttəfiqləri, həm də mərkəzin güc strukturunun və diskursunun tənqidçiləri kimi görürlər.
Nəticə
Etirazlar əvvəlcə iqtisadi məsələlərlə əlaqəli olsa da, əsasən daha geniş tələblərin və hökumət strukturundan qaynaqlanan problemlərin əksidir. Bu hadisələr cəmiyyətin müxtəlif sahələrində onilliklər ərzində formalaşmış və bir çox hallarda effektiv şəkildə təqdim edilə və aydın şəkildə cavablandırıla bilməyən mülki, sosial və humanitar tələblərin toplanmasını əks etdirir. Etirazların miqyasından və müddətindən asılı olmayaraq, struktur iqtisadi və siyasi problemlərin davam etməsi, beynəlxalq sanksiyaların təsirləri və vətəndaşlığın minimum siyasi tələblərinin yerinə yetirilməsinə ümidin azalması həmişə İranda siyasi və sosial narazılıq və etirazlar üçün əsas yarada bilər.
Ümumiyyətlə, bu etirazların mürəkkəb siyasi, sosial, etnik və dini ölçüləri də əhəmiyyət daşıyır. Siyasi baxımdan, bu etirazlar vətəndaş azadlıqlarının boğulmasına, hökumətin səmərəsizliyinə və əsas qərarların qəbul edilməsində ictimaiyyətin real iştirakının olmamasına birbaşa cavabdır və struktur islahatlarına və ya hakimiyyət dəyişikliyinə çağırır. Sosial baxımdan, narazılıq əsasən iqtisadi təzyiq, işsizlik, korrupsiya və geniş yayılmış bərabərsizlikdən qaynaqlanır və şəhər əhalisini, gəncləri küçələrə çıxarıb. Etnik baxımdan, etirazlar qeyri-fars etnik qruplarının mərkəzsizləşdirmə, bərabər siyasi və mədəni hüquqlar və struktur ayrı-seçkiliyə son qoymaq kimi uzun müddətdir davam edən tələblərini əks etdirir. İranın müxtəlif bölgələri fərqli zülm və bərabərsizlik təcrübələrinə malikdir və etiraz hərəkatlarında aktiv rol oynayırlar. Dini baxımdan, etirazlar həmçinin zülmü qanuniləşdirmək üçün dinin ideoloji istifadəsinə qarşı çıxmağı, dini azadlıqlara məhdudiyyətləri və dini azlıqlara təzyiqi əhatə edir, cəmiyyətin bir hissəsi siyasi hakimiyyətin dini ideoloji təcrübələrdən ayrılmasını tələb edir. Etirazların bu çoxqatlı təbiəti mövcud hərəkatların, eyni zamanda iqtisadi, siyasi, sosial, etnik və mədəni olması və İran cəmiyyətinin tələblərinin mürəkkəb ölçülərini təmsil etməsi deməkdir.
Həmçinin, İranda ümumiyyətlə etirazların artmasında təsiri olan faktlardan biri də ümidsizlik böhranıdır. Bu da iqtisadi təzyiqlərin, siyasi repressiyaların, sosial bərabərsizliklərin və fərdi azadlıqların məhdudlaşdırılmasının kombinasiyasının məhsuludur. Bütün bu problemlər üçün cəmiyyətdə aydın bir vizyonun olmaması əhalinin böyük bir hissəsinin, xüsusən də gənclərin səylərinin faydasız olduğunu və real dəyişiklik imkanlarının məhdud olduğunu hiss etməsinə səbəb olub. Etirazların yatırılması, vətəndaş cəmiyyəti fəallarının həbsi, ictimai və media məkanının məhdudlaşdırılması, dövlət qurumlarına inamsızlıqla birlikdə bu ümidsizlik hissini daha da artırıb və onu vətəndaş iştirakı üçün stimulu azaldan və eyni zamanda cəmiyyəti təsadüfi, qəfil və gözlənilməz etirazlara məruz qoya bilən kollektiv psixoloji və sosial böhrana çevirib.
[1] Iran official says 2,000 people killed in unrest, 13 January 2026. https://www.tbsnews.net/world/iran-official-says-2000-people-have-been-killed-unrest-1333296?utm_
[2] At Least 648 Protesters Killed in Iran; IHRNGO Warns of Imminent Protester Executions. 12 January 2026.https://iranhr.net/en/print/5/8527/?utm_
[3] Chilling video captures 6-straight minutes of shooting, screaming during Iran protests. 13 January 2026.
[4] رهبر ایران: با معترض حرف میزنیم، اما اغتشاشگر را باید سرجایش نشاند 3 January 2026
[5] سپاه با صدور بیانیهای معترضان را به “فتنهانگیزی” متهم کرد 29 December 2025.
[6] (X). @Lindsey Graham. 1 January 2026. https://tinyurl.com/2t84yd73
[7] Trump reaffirms support for Iranian protesters, Russia issues warning. 13 January 2026. https://thenewregion.com/posts/4268?utm_
[8] Council of the EU. 9 January 2026. https://www.consilium.europa.eu/en/press/press-releases/2026/01/09/iran-statement-by-the-hr-on-behalf-of-the-eu-on-the-situation-in-the-country/pdf/?utm_
[9] US military to withdraw some personnel from Middle East amid Iranian threats. 14 January 2026.
[10] Bu məqalədə Azərbaycan deyiləndə İran Azərbaycanı nəzərdə tutulur.
[11] بودجه ۱۴۰۴؛ افزایش سهم نهادهای بودجه پیشنهادی ۱۴۰۵ دولت برای نهادهای حوزوی + ایفوگرافیک. 25 December 20225
[12] دیدگاه تحلیلی آهراز درباره اعتراضات جاری در ایران و عدم مشارکت استانهای آذربایجان. 2 January 2026. https://www.radiozamaneh.com/873626/?utm_
[13] اتهام خیانت؛ روایتی نادرست از آذربایجان و اعتراضات ایران. 6 January 2026. https://www.araznews.org/fa/post/14967?utm_
[14] دیدگاه تحلیلی آهراز درباره اعتراضات جاری در ایران و عدم مشارکت استانهای آذربایجان. 2 January 2026. https://www.radiozamaneh.com/873626/?utm_
Ural Hatəmi
tədqiqatçı və İran üzrə mütəxəssisdir. Ankara Hacettepe Universitetinin Sosiologiya üzrə magistr dərəcəsini alıb və hazırda həmin universitetin Türkiyat Araşdırmaları İnstitutunda doktorluq dissertasiyası üzərində işləyir.
bakuresearchinstitute.org

