Məhəmməd Əmin Rəsulzadənin Moskvadakı ünvanı və...
23-03-2026, 10:04

Mart ayının 6-da Məmməd Əmin Rəsulzadə, Mart ayının 5-də İosif Stalin vəfat edib.
Böyük demokratın və qanlı diktatorun ölümü müxtəlif illərin eyni tarixinə təsadüf edir. Zamanında onların fəaliyyəti və həyat yolları da kəsişmişdi.
Əvvəlcə ünvan haqqında…
Anket formasında olan izahatda Məhəmməd Əmin bəyin Moskvada son dövrlərdə Preçistinskiy bulvar, 29, mənzil 14-də, hal-hazırkı Qoqolevskiy bulvar, 29 ünvanında yaşadığı qeyd olunub.

Qeyd dəftərçəmə yazdığım bu məlumat gözümə sataşanda artıq 1920-22-ci illər hadisələrindən bəhs edən pyesi tamamlamışdım.
Araşdırmalar zamanı 20-ci illərdə həmin binada, 16-cı mənzildə Sovetlər İttifaqının Millətlər Nazirliyinin yerləşdiyi məlum olub. “Millətlər naziri” isə həmin dövrdə İosif Stalin olub. Stalin Rəsulzadəni öz yanında, qonşuluqda saxlayıb, onlar eyni binada yaşayıblar. Belə bir versiya var ki, o zaman Stalinlə Nəriman Nərimanovun münasibətləri kəskin olub. O, hətta, Nərimanovun yerinə, Azərbaycan SSR-nin Nazirlər Komissarının sədri və ya birinci katibi vəzifəsinə Məhəmməd Əmin Rəsulzadənin gətirmək istəyirmiş. (Mən bu barədə vaxtilə Qaliyevin xatirələrində oxumuşam). M.Ə.Rəsulzadə lap əvvəlcədən SSRİ-nin yaxın gələcəyini aydın təsəvvür etdiyinə görə Moskvanı tərk etmək qərarına gəlib.
Zəruri qeyd.
Tarixdən xəbəri olmayanlar, bu konuda bir sətir oxumayanlar belə, tez-tez iddia edirlər ki, Rəsulzadəni Moskvadan Stalin “qaçırıb”. Guya onlar dost olublar. Bu, çox səfeh, mənasız, əsassız fikirdir. Düzdür, Məmməd Əmin Kobanı bir neçə dəfə ölümdən xilas edib. Stalin də onu 1920-ci ilin 17 noyabrında öz “komissar” vaqonunda Moskvaya aparıb. Bu, həmin dövrün zərurətindən irəli gəlirdi. Belə ki, Nərimanov Stalinə yazırdı ki, “fəhlələr məni ittiham edib deyir ki, biz Müsavat dövründə indiki Şura dövründə olduğundan daha yaxşı yaşayırdıq”. Buradan belə nəticə çıxır ki, Rəsulzadənin həmin vaxt Bakıda qalması və ya öldürülməsi gənc sovet quruluşu üçün əlverişli deyildi.
Bəli, Rəsulzadə Moskvaya getdi. Amma bu, onun həyayının təhlükəsizliyi üçün qarant deyildi. Artıq repressiya maşını işə düşmüşdü. O, çox güman ki, tezliklə digər həmkarları və ya düşmənləri kimi edam olunacaqdı.
Əgər Stalin Rəsulzadəni “xilas” etmişdisə, onunla “dost” idisə, bəs onda niyə onun bütün ailəsini Sibirə sürgün etdirmişdi? Onun anasını və arvadını niyə həlak etmişdi? Oğlunu niyə güllələtmişdi? Qızını niyə dəli etdirmişdi? Qohumlarına niyə divan tutdurmuşdu?
Mən bir neçə il əvvəl yazdığım “TARİXİN KÖLGƏSİ” əsərində bu sualların bir çoxuna cavab verməyə çalışmışam... Yeri gəlmişkən, bu əsər dünyanın ən uzun dramlarından biridir.
Фируз Мустафа
TEREF

