İstedad yox, sistem qalib gəlir: Qazaxıstan modeli və Azərbaycanın geridə qalması
2-04-2026, 07:34

Beynəlxalq elmi olimpiadalar yalnız təhsil səviyyəsini deyil, dövlətlərin strateji düşüncəsini və insan kapitalına yanaşmasını göstərir. Bu sahədə Qazaxıstan, Türkiyə və Azərbaycan fərqli yollar seçib və nəticələr bunu açıq şəkildə ortaya qoyur.
Qazaxıstan son illərdə beynəlxalq olimpiadalarda ən diqqət çəkən ölkələrdən birinə çevrilib. Əhali baxımından kiçik olmasına baxmayaraq, qazandığı medallar onu effektivlik baxımından dünyada ön sıralara çıxarır. Bu uğurun əsas səbəbi mərkəzləşdirilmiş elit modeldir. Ölkədə fəaliyyət göstərən Nazarbayev Intellectual Schools istedadlı şagirdləri erkən mərhələdə seçir, onları xüsusi proqramlarla hazırlayır və beynəlxalq standartlara uyğun təhsil verir. Nəticədə az sayda şagird yüksək nəticə göstərir və sistem davamlı şəkildə işləyir.
Türkiyə olimpiada sahəsində daha köklü tarixə malikdir. Xüsusilə TÜBİTAK vasitəsilə olimpiada hazırlığı aparılır, milli seçimlər keçirilir və beynəlxalq yarışlara komandalar göndərilir. Yəni struktur mövcuddur və proses dövlət tərəfindən dəstəklənir. Lakin nəticələr sabit deyil, regionlar arasında fərq böyükdür. Bu isə göstərir ki, potensial yüksək olsa da, sistem tam optimallaşmayıb.
Azərbaycan da beynəlxalq olimpiadalarda iştirak edir. Lakin nəticələr həm Qazaxıstan, həm də Türkiyə ilə müqayisədə xeyli zəifdir. Əsas problem elit məktəb modelinin olmaması, sistemli hazırlığın zəifliyi və istedadlı şagirdlərin erkən mərhələdə itirilməsidir. Azərbaycanda istedad var, amma bu istedadı nəticəyə çevirən sistem yoxdur.
Üç ölkənin fərqi burada açıq görünür. Qazaxıstan istedadı seçir və yetişdirir. Türkiyə istedadı tapır, amma tam yönləndirə bilmir. Azərbaycan isə istedadı təsadüfə buraxır.
Beynəlxalq olimpiadalar sadəcə yarış deyil, bu, gələcək elmi və texnoloji potensialın göstəricisidir. Qazaxıstan sübut edir ki, düzgün qurulmuş sistemlə kiçik ölkə belə böyük nəticə əldə edə bilər. Türkiyə göstərir ki, sistem olsa belə, onun effektivliyi həlledicidir. Azərbaycan isə hələ də sistem qurmaq mərhələsindədir.
2025-ci il nəticələri də bunu təsdiqləyir. Qazaxıstan regionda lider mövqedədir. Türkiyə orta səviyyəli sabit nəticə göstərir. Azərbaycan isə xeyli geri qalır. Medal sayı azdır və qızıl göstəricisi demək olar ki, yoxdur.
Bu vəziyyətdən çıxış yolu əslində məlumdur. Təhsilə ciddi investisiya qoyulmalıdır. Təhsil xərc deyil, uzunmüddətli investisiyadır. Təhsilə qoyulan 1 dollar 10-20 il sonra əna azı 3-10 dollar xeyir verir. Beynəlxalq təcrübə göstərir ki, təhsilə qoyulan vəsait illər sonra iqtisadi və texnoloji inkişaf kimi geri qayıdır. Bu proses zaman tələb edir, lakin nəticəsi qaçılmazdır.
Azərbaycanda isə əks tendensiya müşahidə olunur. Doğum səviyyəsi kəskin şəkildə aşağı düşür, uşaqlara yönəlik sosial siyasət zəifdir, adi uşaq pulu verilmir. Təhsil hələ də prioritet səviyyəyə yüksəlməyib. Bu isə ciddi sual yaradır. Uşağa bu cür münasibətlə gələcək necə qurulacaq?
Bu yarışda qalib olan ölkələr istedadlı olanlar deyil, sistem qura bilənlərdir. Biz qurduğumuz sistemdə isə uşaq elə bir önəm daşımır. Mahiyyətdə biz öz gələcəyimizi öz əlimizlə baltalayırıq, o qədər nadanıq ki nə etdiyimizin fərqində belə deyilik.
Əlbəttə, bu yazının təhsil naziri Emin Əmrullayevə elə bir dəxli yoxdur. Bu, elə bir problemdir ki, öz həllini ancaq və ancaq prezident səviyyəsində tapa bilər. Hörmətli Nazarbayev öz dövründə Nazarbayev Intellectual Schools kimi sistem yaratdı. Nədən İlham Əliyev eynisini yaratmasın?...
Elbeyi Hesenli
TEREF

