Nikita Xruşşovun məqaləsi ilə bağlı Azərbaycan ziyalıların müzakirələri
Bu gün, 00:07

1957-ci ilin dekabr ayında Nikita Xruşşovun “Ədəbiyyat və incəsənətin xalqın həyatı ilə sıx əlaqəsi uğrunda” məqaləsinə həsr edilmiş respublika fəallarının yığıncağında çıxış edən yazıçı Əli Vəliyev İsrafil Nəzərovun məruzəsində qaldırılan bəzi məqamlara toxundu və bildirdi ki, yazıçı üçün xalqın həyatını bilmək azdır, onu duymaq, onu ürəkdən sevmək lazımdır. Əli Vəliyev dedi: “Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlı, Səməd Vurğunun əsərləri həmişə sevilir və onların adı fəxrlə çəkilir ki, onlar milli yazıçılardır, xalis Azərbaycan yazıçılarıdır. Bir yazıçı ki, öz xalqının həyatından yaxşı yazdı, o sənətkar yazıçı olacaqdır. Məsələn, Mirzə İbrahimov nəinki yazmış, eyni zamanda duymuşdur. O, deyir hər bir şey düzəldi, ancaq Azərbaycanın iki yerə bölünməsi məsələsi düzəlmədi. Bu bizi həmişə düşündürməlidir və “Gələcək gün”də bunu bizə təlqin edir”.
Əli Vəliyev Qara Qarayevin məru¬zəsində Səid Rüstəmovla Cövdət Hacıyevin müqayisə etməsi məsələsinə toxunaraq dedi ki, xalqımız üçün Hacıyev də, Rüstəmov da lazımdır. Hacıyev haqqında danışanda yoldaş Qarayev sözlərin yaxşısını onun haqqında dedi, Rüstəmova çatanda dedi ki, o, iqtibas gətirir.
Respublika fəallar yığıncağında Mirzə İbrahimovun çıxışı böyük maraqla qarşılandı. O, qeyd etdi ki, böyük sənətkarlar yaxşı əsərlər yaratmağa çalışmalıdır. Bunun üçün də gənc yazıçılardan misal gətirmək istəyirəm. İsmayıl Şıxlının “Ayrılan yollar” əsərini böyük maraqla oxudum. Mən kəndlərə gedərkən gördüm ki, kolxozçular, ziyalılar onun bu əsərini çox maraqla oxuyurlar. İsmayıl Şıxlı bunu heç bir kəs üçün yazmamış, yalnız öz ürəyinə yığılan məsələləri qələmə almışdır. Hələ “Ayrılan yolların” jurnal variantı çıxanda (“Azərbaycan”, 1956-cı il, 1, 2 və 3-cü nömrələr) Mirzə İbrahimov bu əsər haqqında 1956-cı ilin oktyabrında “Kommunist” qəzetində ayrıca məqalə ilə çıxış etmişdi.
İkinci bir misal kimi o, gənc şair Əli Kərimin “Balaca simfoniya” əsərinin adını çəkdi: “Bu əsər olduqca gözəl əsərdir. Əli Kərim bu əsəri o qədər səmimi, şairanə duyğularla yazmışdır ki, o, öz həyatını, öz duyğularını bu əsərdə göstərə bilmişdir”. Sonra Mirzə İbrahimov musiqi ilə bağlı məsələlərə toxunaraq dedi: “Biz öz keçmişimizə çox hörmətlə yanaşmalıyıq. Tarın konservatoriyadan çıxarılması, yaxud onun skripka ilə əvəz olunması dövrü keçmişdir. Bir vaxtlar, 1938–1939-cu illərdə “Koroğlu” operasını primitiv adlandıranlar mənim yadımdadır”. Mirzə İbrahimov Qara Qarayevin mübahisəyə səbəb olmuş fikrinə toxunaraq dedi ki, mən Qarayevi xalqın fəxr edə biləcəyi istedad sayıram və ondan çox şey gözləyirəm. O, Qara Qa-rayevə üzünü tutaraq dedi: “Buna görə mən istərdim burada sən Azərbay¬can dilində məruzə edəydin”.
Mirzə İbrahimov bu sözləri deyəndə zalı gurultulu alqışlar bürüdü. O, sözünə davam edərək əlavə etdi: “Yoldaşlar, onu bilin xalqımız balaca xalqdır, lakin nəcib, təmiz, qəhrəman xalqdır. Xalqımızı bir zaman çoluq-çoban deyə ayaqlar altına atırdılar. İndi elə qrup ziyalılar yetişməkdədir ki, onlar öz dilini bilmirlər. Bu eybəcər hadisədir. Bu onun təsdiqidir ki, ruslar başqa xalqları əzirlər. Buna görə o adamlar ki, başa düşmürlər və öz dillərinə qarşı etinasızlıq edirlər, onlar xalqlar arasında uçurum yaradırlar və o uçuruma özləri düşürlər. Biz rus dilini sevirik. Mən Çernışevskini tərcümə etmişəm və onu sevə-sevə etmişəm. O dil bizə Avropanın qapılarını açmışdır. Ancaq bununla bərabər nə üçün ana dili yaddan çıxsın? Bu harada deyilmişdir? Mən hərbi hissəyə gedəndə görürdüm ki, azərbaycanlılar hissədə 80 faizdir, nə üçün mən onlarla rus dilində danışmalıyam. Əlbəttə, mən o dildə danışmalıyam ki, onlar həmin dili başa düşsünlər”.
Fəallar yığıncağında Azərbaycan KP MK katibi Abdulla Bayramov geniş çıxış etdi. O, ədəbiyyat və incəsənətin kommunist partiyasının və sovet dövlətinin siyasətindəki rolundan, bu sahəyə partiya rəhbərliyi və Nikita Xruşşovun məqaləsinin əhəmiyyətindən danışdıqdan sonra qeyd etdi ki, son illər ərzində Azərbaycan ədəbiyyatında Vladimir Dudintsevin əsəri kimi ideya nöqteyi-nəzərindən çürük əsərlər meydana çıxmamışsa da, bədii cəhətdən zəif əsərlər hər halda yazılmışdır.
İsrafil Nəzərovun məruzəsi və Süleyman Rəhimovun əlavə məruzəsində İsa Hüseynovun “Yanar ürək” əsəri üzərində geniş dayanıldığından Abdulla Bayramov da bu məsələyə toxundu və dedi: “Bildiyimiz kimi bu əsərin böyük nöqsanlarından biri rayon partiya komitəsinin birinci katibinin mənfi bir tip kimi verilməsi və ona qarşı qoyulmuş ikinci katibin sönük obrazının yaradılmasıdır. Son zamanlarda yazılan bəzi əsərlərdə hələ başlanğıc halda olsa da, belə ənənə nəzərə çarpır ki, əsərin mənfi obrazı partiya işçisi olmalıdır”.
Yeri gəlmişkən, Azərbaycan yazıçılar ittifaqının sədri Süleyman Rəhimov fəallar yığıncağından əvvəl, hələ 1957-ci il may ayının 13-də Azərbaycan KP MK-nın təbliğat və təşviqat şöbəsinin müdiri Şıxəli Qurbanova göndərdiyi “Azərbaycan KP XXI qurultayından sonra Azərbaycan Yazıçılar İttifaqının yaradıcılıq fəaliyyəti haqqında qısa hesabat”da İsa Hüseynovun istedadlı yazıçı olduğunu qeyd etməklə yanaşı, “Yanar ürək” povestinin həyatın təsadüfi faktlarının seçilməsi və onların həqiqətə uyğun olmayan bədii ümumiləşdirilməsi əsasında yazıl¬dığından ciddi səhvlərə gətirib çıxardığını bildirmişdi.
Fəallar yığıncağındakı çıxışında Abdulla Bayramov Məmməd Rahimin “Sərçə” şeirini də öz bədbinliyinə görə tənqid edib onun Fransa ədəbiyyatında əmələ gəlmiş insanı sevməyən cərəyanla səsləşdiyini bildirdi. O, əlavə etdi ki, Məmməd Rahim müşavirələrin birində deyib ki, mənim bir sıra şeirlərim vardır ki, mən öləndən sonra onu görəcəklər. Məmməd Rahim buna etiraz etdikdə Abdulla Bayramov dedi ki, hər halda sənin “Sərçə” şeirini diqqətlə oxumuşuq.
Eyni zamanda Abdulla Bayramov Zeynal Xəlilin “Sən nə gözəlsən” şeirini misal çəkdi və qeyd etdi ki, bu şeir MK tərəfindən ciddi tənqid edildikdən 10–15 gün sonra Zeynal Xəlil həmin şeiri pedaqoji institutun tələbələri ilə görüşdə oxuyub. Bayramov dedi: “Bu o deməkdir ki, mən istədiyimi edirəm. Zeynal Xəlil bundan sonra buraxdığı bir kitabda mövzu etibarilə həmin şeirin fikrinə uyğun olan başqa bir şeir yazmışdır”.
Abdulla Bayramov klassik irsin nəşrində ildən-ilə azalmanın narahatlığını ifadə edərək bildirdi ki, 1953-cü ildə Azərbaycan klassiklərinin 24 adda əsəri çap olunduğu halda, 1954-cü ildə bu 23-ə, 1956-cı ildə 15-ə, 1957-ci ildə isə 11-ə enmişdir. O, əlavə etdi ki, belə vəziyyətlə yanaşı, başqa yoldaşlar əsəri hələ qurtarmamış, onların əsəri eyni zamanda jurnalda gedir, azərbaycanca da çap olunur, rusca da çap olunur.
Öz əsəri uğrunda mübarizə aparmağı bacarmayan cavan yoldaşların əsərləri isə nə Azərbaycan dilində, nə də rus dilində çap olunur. Abdulla Bayramov çar Rusiyasından misal gətirərək qeyd etdi ki, vaxtı ilə Rusiyanın iqtisadi vəziyyətini müqayisə edəndə deyirdilər ki, 10 faiz mülkədarın əlində 90 faiz torpaq var. İndi bizdə də 90 faiz köhnə yazıçıların əsərləri çap olunur. O, 1953–1957-ci illərdə ayrılan qonorarın böyük hissəsinin tanınmış yazıçılara verilməsi haqqında rəqəmlər səsləndirdi.
Yazıçılar İttifaqının məsul katibi Mehdi Hüseyn öz çıxışında Mirzə İbrahi¬movun Azərbaycan dili ilə bağlı dediyi fikirləri müdafiə etdi və dedi: “Biz burada Mirzə İbrahimovun hamımızın ürəyindən xəbər verən sözlərini dinlədik. Mənə belə gəlir ki, burada oturan Azərbaycan ziyalıları bu məsələnin əhəmiyyətini əvvəlkindən qat-qat artıq dərk edirlər. Vaxtı ilə mən burada keçmiş rəhbərliyin “nə Azərbaycan dili - Azərbaycan dili salmısınız” sözlərini eşitmişəm. Azərbaycan ziyalıları dil uğrunda fədakarlıq göstərmişlər, bəziləri bu yolda həyatını qurban vermişlər.
Buna görə də biz Mirzəni alqışladıq və buna görə də bizim haqqımız var bu məsələdən uca səslə danışaq. Azərbaycan dili, XX əsrin əvvəllərində müasir dil yolunda yazıçılarımızın çoxu canlarını fəda etmişlər. Hörmətli yazıçımız Mirzə İbrahimov və onun dostları Əli Vəliyev, ilk növbədə isə Səməd Vurğun dil məsələsində çox böyük rol oynamışlar”. Mehdi Hüseyn qeyd etdi ki, indiyə qədər dil uğrunda aparılmış tarixi mübarizəni özündə əks etdirən elə bir sanballı əsər yazılmamışdır".
Mədəniyyət naziri Məmməd Qurbanovdan sonra tanınmış bəstəkar və dirijor Niyazi də öz fikirlərini iclas iştirakçıları ilə bölüşdü. İlk növbədə o, qeyd etdi ki, Mirzə İbrahimov öz çıxışında məsələləri düzgün qoydu. Niyazi Cahangir Cahangirovun “Arazın o tayında” simfoniyasını və Cövdət Hacıyevin simfo¬niyasını son illərdə Azərbaycan musiqisinin böyük uğuru kimi qiymətləndirdi. O, bəstəkarların ana dilini bilməməsi haqqında deyilən fikirlərlə müəyyən qədər razılaşmadı və bildirdi ki, ana dilini bilmək bir şeydir, natiq kimi o dildə tribunadan danışmaq ayrı şeydir.
Niyazi misal kimi Cövdət Hacıyevin adını çəkib dedi ki, Cövdət Hacıyev çox gözəl bəstəkardır, ancaq bir natiq kimi Azərbaycan dilində danışa bilmir. O, konservatoriyada rus dilinin üstünlük təşkil etməsini Səid Rüstəmovun dərsliyindən başqa qalan dərsliklərin və dərs vəsaitlərinin, metodik işlərin bütövlükdə rus dilində olması ilə izah etdi. Niyazi Bülbül və Rəşid Behbudov kimi məharətli ifaçıların olması ilə yanaşı, xalq mahnılarının ifasında ciddi təhriflərə yol verildiyindən və aşıq musiqisində bayağı deyimlərin çoxaldığından narahatlığını bildirdi.
Onun bir aşıq mahnısından gətirdiyi “Kaqanoviçin başına bax, Bəstinin qardaşına bax” sözləri salonda gülüşməyə səbəb oldu. Niyazi müasir Azərbaycan professional musiqisinin tarixindən danışarkən onun və müasir bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəyov olduğunu qeyd etdi, lakin professional musiqi baxımından Azərbaycanı bütövlükdə götürdükdə o, vaxtilə Təbrizdə böyük musiqi məktəbləri və böyük musiqişünasların olduğunu bildirdi...
Ardı var
Cemil Hasanli
TEREF

