Xəzəri məhvə sürükləyənlər - Çimərlik ərazilərindəki dənizin qumunu kimlər daşıyıb? VİDEO
Bu gün, 12:34

"Mərdəkanda 4 nəfər boğulub. Halbuki çimərlik mövsümü hələ yeni başlayıb. Bunun səbəbi nədir? Mən sizə ehtimal olunan səbəblərdən birini deyim.
Ötən ilin qış aylarından etibarən Pirşağı ictimai çimərliyində dənizin qumu heç bir rəsmi açıqlama, xəbərdarlıq və ya ictimai məlumatlandırma aparılmadan daşınmağa başlanıb. Dənizin dibi qazılıb, sahənin təbii relyefi dəyişdirilib və sonra heç nə olmamış kimi işlər dayandırılıb".

Bizimesr.com bildirir ki, bu barədə özünün sosial şəbəkə hesabında jurnalist Xəyalə Rəis yazıb.

O bildirib ki, həmin ərazilərdə insanlar boğulmağa başladı: "Öz gözlərimizlə gördük ki, dənizə girən bəzi insanlar geri qayıtmadı. Bu faciələrin səbəbləri araşdırılmadı. Bu il də vəziyyət dəyişməyib. İnsanların istifadə etdiyi ictimai çimərlikdə yenə dənizin qumu çıxarılır. Əgər bu fəaliyyət qanunidirsə, icazəni kim verib? Əgər qanunsuzdursa, niyə bu günə qədər heç kim məsuliyyətə cəlb olunmayıb?
Pirşağı çimərliyi faktiki olaraq təhlükə zonasına çevrilib. Dənizin dibi qeyri-bərabərləşib, su bir neçə addımdan sonra qəfil dərinləşir, axınlar isə güclənir. İnsanlar bütün bunlardan xəbərsiz şəkildə suya daxil olurlar. Ən narahatedici məqam isə budur ki, ərazidə nə xəbərdarlıq lövhələri var, nə təhlükəsizlik tədbirləri görülür, nə də vətəndaşların həyatı və təhlükəsizliyi barədə düşünən hər hansı məsul qurum görünür", deyə o bildirib.

