Şah İsmayıl necə vəfat etdi?
Dünən, 17:04

📌Dünyasını dəyişməsi ərəfəsində Şah İsmayıl bütün böyük əmirləri, ağsaqqalları, qızılbaş qoşunları əmirlərini yanına topladı, onların yanında şahlıq tacını Təhmasib Mirzənin başına qoydu, belindəki kəmərini onun belinə bağladı, boynunu qucaqladı, əcdadlarından eşitdiyi öyüdləri onun qulağına söylədi, sonra da onun adına xütbə oxudu. Dediyi kimi, üçüncü gün onun ağrıları xeyli şiddətləndi. Həmin gün Şah İsmayıl böyük əmirlərin hər biri ilə vidalaşdı və sonra da onlardan xahiş etdi ki, çadırı tərk etsinlər və onu tənha buraxsınlar. Bütün əmirlər Şah İsmayılın olduğu çadırı tərk etdilər. Sonra Şah İsmayıl oğlu Təhmasib Mirzənin də onu tək qoymasını istədi və ona dedi: "Ey gözümün işığı oğlum, sən də çıx bayıra". Təhmasib Mirzə isə ona belə cavab verdi: "Ey möhtərəm ata, sənə qurban olum! İcazə ver, mən qalım". Təhmasib Mirzə hiss etdi ki, Şah İsmayıl nə isə demək istəyir. Qalxmaq istəsə də özündə güc tapa bilmədi. Sonra o əlini dodaqlarına aparmaq istədi. Yenə gücü çatmadı, əli yanına düşdü və Şah İsmayıl özündən getdi. Təhmasib Mirzə (mənbələrdə o artıq Şah Təhmasib kimi təqdim olunub - M.S) ona yaxınlaşıb gördü ki, Şah İsmayıl daha dünyasını dəyişib.
Şah Təhmasib başındakı tacını yerə qoydu və haray çəkərək göz yaşı axıtdı. Onun səsinə digər böyük əmirlər də gəlib Şah İsmayılın keçinməsindən xəbər tutdular.
📌Mənbə: Aləmara-yi Səfəvi. Tehran, 1350, s. 600
Aləmara-yi Şah İsmayıl. Tehran, 1384, s.624
📌İstinad: Tarix elmləri doktoru Mehman Süleymanov
Azərbaycan Tarixi

