Platonik eşq əzabkeşi, yoxsa homoseksual? — Hans Xristian Andersen gerçəyi

Dünən, 17:44           
Platonik eşq əzabkeşi, yoxsa homoseksual? —
“Nağıllarım əslində uşaqlar deyil, əsasən böyüklər üçündür; uşaqlar yalnız səthi məsələləri anlayırlar, amma nağılların mahiyyətinə varanlar böyüklərdir”, – deyə yazmışdı bir dəfə.

O, oxucularla insanlararsı münasibətlərdə mərhəmət və şəfqətin əhəmiyyəti, xəyalların faydası və ölüm qarşısında həyatın mənası barədə danışırdı.

“Həyatım gözəl, xoşbəxt və müxtəlif sərgüzəştlərlə dolu bir nağıldır. Əgər uşaq vaxtı bu dünyaya kimsəsiz və yoxsul biri olaraq gələndə xeyirxah bir pəri qarşıma çıxıb "Həyat yolunu və gələcək məqsədini seç, mən də bu yolda kömək edib səni qoruyacağam" desəydi, taleyim bundan daha yaxşı ola bilməzdi. Axı hər şeyi yaxşılığa doğru yönəldən mehriban bir Tanrı var.

Doğma yurdum Danimarka xalq rəvayətləri, qədim nəğmələr və İsveçlə Norveçin tarixi ilə çulğaşmış zəngin keçmişi olan bir diyardır. Danimarka adaları gözəl fıstıq meşələri, taxıl zəmiləri və yonca tarlalarına sahibdir; bunlar hamısı birlikdə nəhəng bağ-bağatı xatırladır. Bu yaşıl adalardan birində – Fünen adasında doğulduğum Odense şəhəri yerləşir. Rəvayətə görə Odense adı vaxtilə buralarda yaşamış bütpərəst Tanrı Odinin adından götürülüb. Bu şəhər əyalətin mərkəzidir və Kopenhagendən iyirmi iki Danimarka mili məsafədə yerləşir.

1805-ci ildə burada, kiçik və kasıb bir otaqda bir-birinə çox bağlı olan gənc ər-arvad yaşayırdı; kişi pinəçi idi, hələ iyirmi iki yaşı yox idi, fitri istedada və həqiqi poetik ruha sahib bir adam idi. Ondan bir neçə yaş böyük olan arvadı həyatdan və dünyadan bixəbər olsa da, qəlbi sevgi ilə döyünürdü. Gənc oğlan pinəçi dəzgahını və yatağını öz əlləri ilə düzəltmişdi. Bu çarpayını o, bir qədər əvvəl vəfat etmiş qraf Trampenin matəm mərasimində üzərinə cənazəsinin qoyulduğu taxtadan kəsib hazırlamışdı və taxtanın üstündəki qara parça qalıqları hələ də bu həqiqəti xatırladırdı.

Qara matəm parçasına bürünmüş və ətrafına şamlar düzülmüş bir zadəgan cəsədinin əvəzinə, 1805-ci ilin iki aprelində burada zır-zır ağlayan canlı bir uşaq uzanmışdı: bu mən idim: Hans Xristian Andersen. Deyildiyinə görə, gəlişimin ilk günü atam çarpayının yanında əyləşib uca səslə Holberqdən nələrsə oxuyurmuş, mən isə hey ağlayırmışam. Atam zarafatla: "Yatacaqsan, yoxsa sakitcə qulaq asacaqsan?" deyə soruşubmuş, ancaq mən ağlamağımı kəsməmişəm. Anamın heç yadından çıxmazdı: sən demə vəftizə aparılanda belə o qədər bərkdən qışqırmışam ki, hövsələsiz bir adam olan keşiş: "Vay, bu körpə lap pişik kimi miyoldayır!" deyibmiş. Xaç atam Qomar adlı kasıb bir mühacir idi. O, anamı təsəlli edərək deyib ki, uşaqkən nə qədər bərkdən ağlasam, böyüyəndə bir o qədər gözəl səslə oxuyacağam”.

Bu kiçik giriş Andersenin “Həyatımın gerçək hekayəsi” avtboqrafik romanındandır.

Andersen ailənin yeganə övladı olub. Bəlkə də buna görə ərköyün böyüdülüb. Atası onun hər arzusunu yerinə yetirərdi. Özü valideynlərindən xoş üz görmədiyi, dilənçiliyə məcbur edildiyi üçün oğlunu bacardığı qədər ideal formada böyütməyə çalışırdı. Hər gecə oğlunun çarpayısının böyründə oturub, uşaq yuxuya gedənə gedər Holberqin pyeslərini və “Min bir gecə nağılları”nı oxuyardu. Andersen xatirələrində qeyd edir ki, atasının ən xoşbəxt anları onunla birlikdə keçirdiyi vaxtlar olub. Müflisləşmiş və bədbəxtlik üz vermiş ailədən çıxan atanın yalnız oğlu ilə birlikdə olanda üzündə gerçək təbəssüm və gülüş yaranardı.

“Bəzən məhsul yığımı vaxtı anama qoşulub mən də gedərdim. Bir gün elə bir yerə getmişdik ki, oranın nəzarətçisi öz kobud və zalım xasiyyəti ilə tanınırdı. Birdən onu əlində qamçı ilə bizə tərəf gəldiyini gördük. Qorxusundan hərə bir tərəfə qaçdı. Mən də bu qaçaqaçın içində taxta ayaqqabılarımı itirdim və tikanlar ayağıma batdığı üçün qaça bilmədim, beləcə arxada, tək-tənha qaldım. Həmin adam yaxınlaşıb məni vurmaq üçün qamçısını qaldıranda düz onun üzünə baxdım və qeyri-ixtiyari ucadan dedim:

– ​Axı Tanrı sizi görür. Məni vurmağa necə cürət edirsiniz?

O zəhmli, sərt baxışlı adam zənnlə üzümə baxdı və dərhal yumşaldı. Yanaqlarımı tumarladı, adımı soruşdu və mənə xırda pul verdi. Bunu anama gətirib göstərəndə o, fəxrlə yanındakılara dedi:

– Mənim Hans Xristianım qəribə uşaqdır, hamı ona mehribandır, baxın hətta bu insafsız adam da ona pul verib”.

Dindar və mövhumatçı mühitdə böyüdüyünü yazan Andersen uşaqkən ehtiyacın nə olduğunu bilməyib. Hərdənbir valideynləri teatra gedərmiş. Atasının daha çox pyes və hekayələr, tarix, habelə Müqəddəs Kitabı oxumağa meyilli olduğunu deyən Andersen onun hər mütaliədən sonra uzun-uzadı fikirlərə qərq olduğunu, daha sonra oxuduqlarını izah etməyə başlayanda anasının bu mövzuları anlamadığı üçün daha da özünə qapandığını qeyd etməyi unutmur.

“Bir dəfə atam yenə Müqəddəs Kitabı açdı, bir az oxudu, düşüncələrə daldı və sonra kitabı örtüb dedi:

– İsa da bizim kimi adam olub. Ancaq qeyri-adi adam olub.

Bu sözlərdən anam dəhşətə gəldi, canını xof aldı və hönkür-hönkür ağlamağa başladı. Anamın bu hərəkətindən mən də vahiməyə düşdüm və əllərimi açıb Tanrıya yalvarmağa başladım. Bu cür küfr sözlərə görə Tanrının onu cəzalandırmasından qorxurdum.

Bir gün yenə atam mütaliədən sonra dedi:

– Şeytan biz insanların öz içindədir. Bundan başqa şeytan yoxdur.

Bunları eşidəndən sonra mənim atama lap yazığım gəldi, onun özü və ruhu üçün qorxu qarışıq iztirab çəkməyə başladım. Ona görə də səhəri gün iş əsnasında atamın qoluna mismar batanda anam da, mən də, qonşular da küfr etdiyi, inamsız olduğu üçün şeytanın onu cəzalandırdığını düşündük.

Sonralar atam daha çox özünə qapandı. Tez-tez meşənin dərinliklərinə gedər, hey düşüncələrə dalardı. Almaniyadakı müharibə onu narahat edirdi. Napoleon idealı idi. O vaxtlar Danimarka ilə Fransa müttəfiq idi. Atam könüllü müharibəyə yazıldı. Anam onu saxlaya bilmirdi. Qonşular lağ edirdilər ki, könüllü müharibəyə gedib özünü güllə qabağına qoymaq ağılsız adamların işidir. Müharibəyə gedəndə atam məni bağrına basıb həsrətlə öpdü.

Tezliklə sülh oldu, atam qayıtdı. Yenə öz işinə – pinəçiliyə davam etdi”.

Hərbidən qayıtdıqdan sonra atasının səhhəti sürətlə pisləşmişdi. O vəfat etdikdən sonra ailənin vəziyyəti çox çətinləşib. Yazıçı atasının ölümünü ürəkağrısı ilə təsvir edir. Həyatının ilk və ən böyük kədəri olduğunu vurğulayır.


YAZIÇI HAQQINDA MARAQLI FAKTLAR:

Danimarkalı yazıçı Hans Xristian Andersenin həyatı özünün qələmə aldığı “Kiçik su pərisi” nağılına bənzəyir. Dərin sevgi hissi bəslədiyi canbir qəlb dostu Edvard Kollinə yazdığı məktubda ən məhrəm hisslərindən bəhs edirdi: “Sənə olan hisslərim bir qadının bir kişiyə qarşı hiss etdiyi duyğuların eynisidir. Lakin təbiətimin bu xüsusiyyəti və yaxın dostluğumuz sirr olaraq qalmalıdır”. Başqa bir məktubunda isə yazırdı: “Edvard, sənin üçün yaman darıxıram. Elə bil kalabriyalı qızsan gözümdə”. Kolin evlənəndə Andersen sarsılır. Özünü şahzadəsini başqa qadına uduzmuş nağıl qəhrəmanı kimi hiss edir.

H.X.Andersen disleksiyadan əziyyət çəkib.

Uşaqlıqda həm zahiri görünüşünə, həm də səsinə görə yaşıdları istehza edir, onu məsxərəyə qoyurdular. Bu isə onun psixikasına və həyatına təsirsiz ötüşməyib.

"Çirkin ördək balası" özünün də etiraf etdiyi kimi, yazıçının uşaqlıq travmalarının nağılvari formasıdır.

156 nağılından 56-sı baş qəhrəmanın ölümü ilə bitir. Psixoloqlar bunu onun ruhi vəziyyəti ilə izah edirlər. Yazıçı ömür boyu tənhalıqdan, ətrafının onu xor görməsindən əziyyət çəkib.

UNESCO-nun məlumatına əsasən, Andersen dünya üzrə ən çox tərcümə olunanlar siyahısında 8-ci yerdə qərar tutub.

Çarlz Dikkens ədəbiyyatda onun idealı olub. Bir dəfə Andersen Dikkensin evinə qonaq gəlib və gözlənilən 2 həftə əvəzinə 5 həftə orada qalıb. Bu isə artıq ev sahibinin xoşuna gəlməyib. Nəhayət, qonaq gedəndən sonra Ç.Dikkens onun qaldığı otağa belə bir qeyd asıb: "Hans Andersen bu otaqda düz 5 həftə qaldı. Bu isə bizə lap əbədiyyət qədər uzun göründü!". Daha sonra Dikkens Andersenin bütün məktublarını cavabsız buraxıb. Beləliklə, dostluq pozulub.

Məşhur nağılçının fobiyaları da əskik olmayıb. Ən diqqətçəkəni onun qadınlardan qorxması olub. Yazıçı bakir olaraq dünyadan köçüb. Düzdür, onu bəzən şəhərin "qırmızı fənərli küçə"lərindəki "ev"lərdə görsələr də, yazıçı onlarla, sadəcə olaraq, bir az söhbət edib çıxırmış. Tədqiqatçıların yekdil fikrinə görə, Andersen biseksual olub, platonik sevgiləri olub, lakin heç kimlə cismani yaxınlıq etməyib. Onun bakir öldüyü bildirilir.

Digər fobiyalarına baxaq:

■ diri-diri basdırılmaq. Hər gecə yatanda böyrünə yazıb qoyarmış: "Mən ölməmişəm, indi sadəcə yatıram".
■ itlər
■ donuz əti yemək
■ yanmaqdan qorxduğu üçün hər zaman yanında kəndir gəzdirib ki, fəlakət anında yuxarıdan tullanıb xilas ola bilsin.

Danimarka hökuməti qaraciyər xərçəngindən əziyyət çəkən yaşlanmış Hans Xristian Anderseni ölümündən bir az əvvəl "Milli Xəzinə" elan edib.

Müxtəlif ingilisdilli mənbələrdən toplayıb hazırladı: Aygün ƏZİZ
kontekst.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru