Yasamal icra başçısı heç bir qanun tanımır - Qanunsuz obyektlər sürətlə çoxalır - VİDEO

11-02-2026, 15:34           
Yasamal icra başçısı heç bir qanun tanımır - Qanunsuz obyektlər sürətlə çoxalır - VİDEO
Qanunvericiliyə əsasən yaşayış binalarının birinci mərtəbələrində mənzillərin obyektə çevrilməsi qadağan olunsa da, Yasamal rayonunda bu tələblərə əməl edilmədiyi aşkar görünür.

Bizimesr.az xəbər verir ki, Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində yerləşən yaşayış binalarından birinin birinci mərtəbəsində obyektin yaradılması istiqamətində tikinti işləri aparılır. Artıq binanın qarşısında yerə metlax döşənib, işlər isə sürətlə davam etdirilir. Sakinlərin sözlərinə görə, həmin binada bu, ilk belə hal deyil.

Binada yaşayan vətəndaşlar bildirirlər ki, bu cür qanunsuz tikintilər onların həyat və təhlükəsizliyi üçün ciddi risk yaradır. Onlar xüsusilə ötən ilin noyabr ayında Yasamal rayonunda baş vermiş və 3 nəfərin ölümü ilə nəticələnən bina yanğınının təkrarlanacağından ehtiyat edirlər.

Sakinlərin iddiasına görə, məsələ ilə bağlı dəfələrlə Yasamal Rayon İcra Hakimiyyətinə müraciət edilib. Şikayətlərin qeydə alındığı bildirilsə də, indiyədək hər hansı real tədbir görülməyib. Əksinə, tikinti işləri son günlər daha da intensivləşib.

Qeyd edək ki, ötən il Abbas Mirzə Şərifzadə küçəsində yeni tikili binanın birinci mərtəbəsində fəaliyyət göstərən obyektlərdən birində baş verən yanğın nəticəsində bina yararsız hala düşmüş, 3 nəfər həyatını itirmiş, onlarla sakin isə xəsarət almışdı. Halbuki mövcud qanunvericilik yaşayış binalarının birinci mərtəbələrinin obyekt kimi istifadəsini qadağan edir.

Bizimesr.az mövzu ilə bağlı Yasamal Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsa da, sorğularımıza cavab almaq mümkün olmayıb.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru