DÜNYAYA DAĞ ÇƏKDİ İNSANLAR... (ESSE)
Bu gün, 15:14

Dünya ulu, qoca dünyadır... Həmən dünyadır... Kimlərə dadlı, kimlərəsə acı dünyadır... Ta əzəldən belə yaranıb, elə belə də davam edir... Zaman-zaman insanlar dünyanı haldan – hala salaraq, ona hərə öz ağlına uyğun don biçib geyindirib, gah allı-güllü, ya boz boyalı. Gah da ona elə divan tutub ki, duman-sis çöküb köksünə dünyanın, üzü dönüb insanlardan: sərtləşib, zalımlaşıb. Bu qatılığın içində indi göz-gözü görmür, insanlar yollarını azır, bir-birlərinə ilişib toqquşur, kimisi yıxılıb, bir daha qalxa bilmir, kimisi də ki, yıxılsa da ayaqda durmağa nail olur. Amma hər iki halda dünyadan narazı qalır insan. Əlinə nə keçsə - istər qaya parçası, istərsə də çınqıl, çox zaman da papağını yerə çırpmaqla döyür, təpikləyir dünyanı, hətta yeddi arxa dönəni belə xatırlayıb haylayır.
Bir şey təəccüb doğurur ki, bir neçə on illiklər ərzində dünyanı üç yüz əlli dərəcə dəyişmək qüdrətinə insanlar nail ola bilmişdir. Qalır bir on-on beş dərəcə, onu da ki gələcək insanlar üçün saxlayıb. Demək olar ki, bir şey qalmayıb. Yəqin onlar da dünyanı dəyişməyə bir əncam tapacaqlar. O maraqlıdır ki, buna tam əminəm, bir şey tapa bilməyəcəklərindən sinirləri pozulacaq və dünyanın altını üstünə çevirməklə, özlərinə yeni - təp tazə dünya quracaqlar.
Esmira ŞÜKÜROVA

