AzTV-dən 26 milyon manatlıq nöqsana - REAKSİYA

4-11-2025, 17:28           
AzTV-dən 26 milyon manatlıq nöqsana - REAKSİYA
"Artıq bir neçə ildir ki, QSC-nin qonorar sistemindən tam imtinası və maaşların yalnız əməkhaqqı formasında ödənilməsi ilə bağlı Hesablama Palatası ilə müzakirələr aparılır".

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq AzTV-dən bildirilib.

"Prosesin çətin tərəfi odur ki, televiziya yarandığı gündən maaş və qonorar sistemi ilə işləyib və əməkdaşlar ortaya qoyduğu məhsulun sayına və keyfiyyətinə əsasən həm maaş, həm də qonorar alıblar. Qonorar sisteminin tamamilə yığışdırılması vahid və standart ödəniş sistemi yaradacaq ki, bu da məhsuldarlığa və işin keyfiyyətinə düşünürük ki, mənfi təsir edəcək. İstənilən halda, əmək münasibətlərinin düzgün tənzimlənməsi və qonorar sistemindən birdəfəlik imtina ilə bağlı məsələ gündəlikdədir və yaxın zamanlarda bu problem aradan qaldırılacaq. Artıq proses başlayıb və QSC-də tam olaraq əməkhaqqı sisteminə keçid edilir", - açıqlamada qeyd olunub.

Vurğulanıb ki, gələn ildən məsələ tam şəkildə həllini tapacaq.

Qeyd edək ki, audit nəticəsində “AzTV” QSC tərəfindən əmək müqaviləsi əsasında fəaliyyət göstərən işçilərə əmək funksiyalarının icrası ilə bağlı əməkhaqqı formasında ödənilməli vəsaitlərin qonorar adı ilə rəsmiləşdirilməsinə və ödənilməsinə yol verildiyi müəyyən edilib. Söhbət ümumilikdə, 26,0 mln. manatdan, o cümlədən 2023-cü ildə 11,3 mln. manat, 2024-cü ildə 11,6 mln. manat, 2025-ci ilin 1-ci rübündə 3,1 mln. manatdan gedir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru