Terranova və digər mağazaların BAĞLANACAĞI BİLDİRİLİR

6-11-2025, 09:34           
Terranova və digər mağazaların  BAĞLANACAĞI BİLDİRİLİR
Azərbaycanda LC Waikiki, New Yorker, Terranova və Calliope adlı mağazaların da bağlanacağı söylənilir. DeFacto mağaza şəbəkələri Azərbaycanda fəaliyyətini tamamilə dayandırıb. Türkiyənin tanınmış geyim markasının Bakı, Sumqayıt və Gəncədəki filiallarının ölkə bazarından tamamilə çıxdığı bildirilir.

Bu vəziyyətdə LC Waikiki, New Yorker, Terranova, Calliope və digər mağazaların da gələcək aqibətiylə bağlı suallar yaranır. Ümumiyyətlə bu tendensiyanın səbəbi nədir? Bu prosesin alıcılar üçün riskləri nədən ibarətdir?

Mövzu ilə bağlı iqtisadçı ekspert Akif Nəsirli Referans-a açıqlamasında bildirib ki, son illər Azərbaycanın ticarət sektorunda fəaliyyət göstərən xarici brendlər üçün xərclər əhəmiyyətli dərəcədə artıb. Əvvəla, ticarət mərkəzlərində icarə haqları əsasən dollarla müəyyən olunur və manatın məzənnəsinin sabit saxlanmasına baxmayaraq, valyuta bazarındakı gərginliklər əməliyyat risklərini artırır. Eyni zamanda enerji, logistika və əmək haqları xərclərinin yüksəlməsi markaların mənfəət marjasını azaldıb. Bu, xüsusilə orta qiymət seqmentində fəaliyyət göstərən geyim şəbəkələri üçün ciddi problemlər yaradır. Məsələn, DeFacto və LC Waikiki kimi markalar bir tərəfdən ucuz, digər tərəfdən keyfiyyətli məhsul təklif etməklə geniş kütləyə xitab edirdi. Lakin xərclərin artması fonunda bu balansı saxlamaq getdikcə çətinləşib.

Ekspert hesab edir ki, eyni zamanda, ucuz internet mağazaları və karqo şirkətlərinin geniş inkişafı bu tip mağazaların müşərilərini əlindən alır. İndi həmin şəbəkələr də elektron mağazalar açmağa meyillənir. Azərbaycan bazarında alıcılıq qabiliyyəti son illərdə azalıb. İnflyasiya və qiymət artımı nəticəsində əhalinin real gəlirləri sabit qalsa da, istehlak xərcləri artıb. Bu səbəbdən vətəndaşlar geyim və aksesuar kimi ikinci dərəcəli xərclərdə qənaətə üstünlük verir. Nəticədə, mağazalardakı satış dövriyyəsi aşağı düşür, xüsusilə də gənc auditoriya endirim kampaniyaları və onlayn alış-veriş istiqamətinə yönəlir. Bu dəyişiklik həm də texnoloji amillərlə bağlıdır: TrendYol, LC Waikiki Online, Shein və digər platformalardan birbaşa sifariş imkanları artdıqca, istehlakçılar üçün mağazaya getməyə ehtiyac azalır. Brendlər isə fiziki mağaza xərclərini kompensasiya edə bilmədikləri üçün bağlanma qərarı verir. Türkiyənin aparıcı geyim brendləri son illərdə Cənubi Qafqaz bazarından çox, Mərkəzi Asiya və Yaxın Şərq istiqamətlərinə yönəlməyə başlayıblar. Qazaxıstan, Özbəkistan və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrdə həm alıcılıq gücü yüksəkdir, həm də dövlət tərəfindən xarici sərmayəçilərə ciddi güzəştlər təqdim olunur.

Müsahibimizin qənaətinə görə, bu regionlarda vergitutma şəraiti daha əlverişli, ticarət infrastrukturu isə inkişaf etmişdir. Azərbaycan bazarının nisbətən kiçik ölçüsü və sərt gömrük-ticarət rejimi brendlərin burada qalmasını iqtisadi cəhətdən az gəlirli edir. Son vaxtlar bəzi markalarla ticarət mərkəzləri arasında icarə və gəlir paylaşımı məsələlərində fikir ayrılıqları yaranıb. Qlobal pərakəndə şəbəkələr artıq bir çox ölkələrdə “profit-sharing rent” modelinə (satış gəlirinə əsaslanan icarə) keçiblər. Lakin Azərbaycanda bu mexanizm geniş tətbiq olunmur. Nəticədə, satış azaldıqca sabit icarə ödənişləri şirkətlər üçün iqtisadi cəhətdən qeyri-mümkün olur və onlar zərəri azaltmaq üçün bazarı tərk etməyə üstünlük verirlər.

Eksertin bildirdiyinə görə, brendlərin bazardan çıxması bir sıra sosial-iqtisadi nəticələr yarada bilər: 1. Seçim imkanlarının azalması. Xarici markaların gedişi bazarda rəqabəti zəiflədərək, keyfiyyətli geyim təkliflərinin sayını azaldacaq. 2. Qiymət artımı ehtimalı. Rəqabətin azalması fonunda yerli və regional markalar qiymətləri mərhələli şəkildə qaldıra bilər. 3. Keyfiyyət fərqi. Yerli istehsal hələ beynəlxalq brendlərin dizayn və keyfiyyət standartlarına tam çatmadığından, istehlakçılar üçün alternativ tapmaq çətinləşə bilər. 4. İdxal azalması. Pərakəndə satış şəbəkələrinin bağlanması ilə geyim idxalında da azalma baş verə bilər ki, bu, valyuta dövriyyəsinə və gömrük gəlirlərinə təsir göstərəcək.

Akif Nəsirli eyni zamanda deyib ki, bu proses tam “bazardan çıxış dalğası” deyil, daha çox struktur yenidənqurma mərhələsi kimi qiymətləndirilə bilər. Bəzi markalar Azərbaycanda fəaliyyətlərini françayzinq modeli ilə – yəni yerli tərəfdaşlar vasitəsilə – davam etdirə bilər. Digər tərəfdən, bazarda yaranan boşluq Koton, Colin’s, Reserved və digər yeni markalar üçün imkan aça bilər. Dövlətin kiçik və orta sahibkarlığa dəstək proqramları çərçivəsində yerli geyim istehsalını və brendlərin formalaşmasını təşviq etməsi bu sahədə balansı qismən bərpa edə bilər. DeFacto-nun çıxışı və digər beynəlxalq markalar ətrafında yayılan xəbərlər sadəcə pərakəndə ticarət sektorunun problemi deyil – bu, Azərbaycanın iqtisadi ekosistemində baş verən dərin struktur dəyişikliklərin göstəricisidir.

"İstehlak bazarı transformasiya dövrünə girib: fiziki mağazalardan onlayn ticarətə, qlobal markalardan yerli istehsala keçid baş verir. Əgər bu proses düzgün tənzimlənərsə, gələcəkdə Azərbaycan bazarında daha çevik, rəqəmsallaşmış və yerli brendlərə əsaslanan yeni bir pərakəndə model formalaşa bilər", - deyə ekspert əlavə edib.

Referans












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru