"Google" süni intellekti istifadəçilərin poçt və fayllarına çıxış əldə edib

7-11-2025, 07:18           
"Google" süni intellekti istifadəçilərin poçt və fayllarına çıxış əldə edib
"Google" şirkəti öz süni intellekt çat-botu "Gemini" üçün imkanları genişləndirən yeni funksiyanı təqdim edib. Artıq sistem istifadəçilərin "Gmail" və "Google Drive" hesablarındakı məlumatlardan istifadə edərək “dərin tədqiqatlar” (Deep Research) apara bilir.

Valyuta.az xəbər verir ki, "The Verge" nəşrinin məlumatına görə, şirkət bu funksiyanı ən çox tələb olunan yeniliklərdən biri kimi təqdim edib.

Yeni rejim aktivləşdirildikdə, "Gemini" əvvəlcə tədqiqat üçün çoxmərhələli plan hazırlayır, daha sonra internet axtarışları apararaq hesabat formalaşdırır. İstifadəçi əldə edilən nəticəyə əlavə məlumatlar daxil edə, hesabatı redaktə etdirə və ya son versiyanı "Google Docs" sənədinə və hətta süni intellekt tərəfindən yaradılmış podkast formatına ixrac edə bilər.

"Google" bildirir ki, bu inteqrasiya "Workspace" məhsullarının imkanlarını əhəmiyyətli dərəcədə artırır. Məsələn, indi "Gemini" şirkətin daxili sənədləri və açıq mənbəli veb-məlumatları müqayisə edərək rəqiblər haqqında analitik hesabat hazırlaya bilər.

İstifadəçi sorğu bölməsində “deep research” rejimini seçdikdə, sistem ondan hansı mənbələrdən istifadə ediləcəyini təsdiqləməsini istəyir: standart "Google" axtarışı, "Gmail", "Drive" və ya "Google Chat". Beləliklə, elektron məktublar, sənədlər, cədvəllər, təqdimatlar, PDF fayllar və hətta "Google Chat" yazışmaları "Gemini" üçün kontekst məlumatı kimi istifadə oluna bilər.

Hazırda bu funksiya yalnız masaüstü kompüterlərdə aktivdir, lakin "Google" yaxın günlərdə mobil cihazlar üçün də dəstəyin təqdim ediləcəyini bildirib.

Paşa Məmmədli












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru