Onlar irəliləyir - 2,4 trilyonluq sərvət

10-11-2025, 07:24           
Onlar irəliləyir - 2,4 trilyonluq sərvət
Forbes jurnalının 1 noyabr 2025 tarixinə olan hesablamalarına görə, dünyanın ən zəngin insanlarının ümumi sərvəti 2,4 trilyon dollara çatıb. İlk “onluq”dakı şəxslərin hər birinin sərvəti azı 155 milyard dollardır. Bu dəfə siyahının lideri yenə də “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask olub.

1. İlon Mask - 497 milyard dollar

Maskın sərvəti ay ərzində 6 milyard dollar artıb. O, “Tesla”, “SpaceX”, “xAI” və “X” (əvvəlki “Twitter”) şirkətlərinin rəhbəridir. “Tesla” səhmdarları noyabrın 6-da onun rekord həcmli – trilyon dollara qədər dəyərləndirilən ödəniş paketinə səs verəcəklər. Bu səsvermənin nəticəsi Maskın şirkətdə qalmaq qərarına təsir göstərə bilər.

2. Lerri Ellison - 320 milyard dollar

“Oracle” şirkətinin təsisçisi və texnologiya direktoru olan Ellisonun sərvəti ay ərzində 22 milyard dollar azalıb. Onun “OpenAI”, “SoftBank” və BƏƏ-nin “MGX” fondu ilə birlikdə ABŞ-da 500 milyard dollarlıq süni intellekt infrastrukturu layihəsində iştirakı diqqət çəkir.

3. Ceff Bezos - 254 milyard dollar

“Amazon”un yaradıcısı oktyabrda sərvətinə 22 milyard dollar əlavə edib. “Amazon”un üçüncü rüb göstəriciləri gözləntiləri üstələyib. Bezos “Blue Origin” şirkəti vasitəsilə kosmos proqramına da böyük sərmayə qoyur.

4. Lerri Peyc - 232 milyard dollar

“Google”un həmtəsisçisi olan Peyc ay ərzində 30 milyard dollar qazanıb. “Alphabet”in səhmləri 16% artaraq şirkətə 2025-ci ilin ən uğurlu aylarından birini gətirib.

5. Mark Zukerberq - 223 milyard dollar

“Meta”nın rəhbəri üçün oktyabr uğursuz olub – şirkətin səhmləri 12% ucuzlaşıb və sərvəti 29 milyard dollar azalıb. Zukerberq “Meta”nın süni intellekt və reallıq texnologiyalarına fokuslanmış yeni strategiyasını davam etdirir.

6. Sergey Brin - 215 milyard dollar

“Google”un digər həmtəsisçisi Brin də sərvətini 28 milyard dollar artırıb. O, “Alphabet”in süni intellekt bölməsi – “Gemini” layihəsinin əsas məsləhətçilərindən biridir.

7. Bernar Arno - 183 milyard dollar

Lüks brendlər imperiyasının sahibi Arno “LVMH” şirkətinə rəhbərlik edir. O, ailə üzvlərini idarə heyətinə gətirərək nəsillərarası idarəetmə modelini gücləndirib. Arno 2023–2024-cü illərdə dünyanın ən varlı şəxsi olmuşdu.

8. Censen Xuan - 176 milyard dollar

“Nvidia”nın yaradıcısı Xuan ay ərzində 14 milyard dollar qazanıb. Şirkətin bazar dəyəri ilk dəfə 5 trilyon dolları keçib və süni intellekt prosessorları sahəsində lider mövqeyini qoruyub.

9. Stiv Balmer - 156 milyard dollar

Keçmiş “Microsoft” baş direktoru və “LA Clippers” basketbol klubunun sahibi bu ay mövqeyini qoruyub. Onun komandası üçün inşa edilən “Intuit Dome” arenası 2024-cü ilin avqustunda açılıb.

10. Maykl Dell - 155 milyard dollar

“Dell Technologies” şirkətinin rəhbəri 14 milyard dollar sərvət artımı ilə ilk onluğa qayıdıb. “Broadcom” və “Dell” səhmlərinin yüksəlişi buna səbəb olub.

Qeyd edək ki, ilk 10-luqdakı şəxslərin 9-u ABŞ vətəndaşıdır, yalnız biri - Bernar Arno Fransadan olan milyarderdir. Bill Qeyts isə artıq dünyanın 10 ən varlı şəxsi siyahısında deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru