"Ölkəmizə "yüksəkixtisaslı miqrant"ların cəlb olunması yerli mütəxəssislərin yetişdirilməsinə fayda verəcək"
14-11-2025, 07:44

"Yüksəkixtisaslı miqrant"lara və ailə üzvlərinə bir sıra güzəştlər ediləcək... Bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov "Yüksəkixtisaslı miqrant portalı"nın təqdimat mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Azərbaycanda yüksək ixtisaslı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin əmək fəaliyyətinə cəlb edilməsini asanlaşdırmaq, onların bilik və bacarıqlarını ölkənin sosial-iqtisadi inkişafına yönəltmək, eləcə də bu sahədə çevik idarəetməni təmin etmək məqsədilə "Yüksək ixtisaslı miqrant proqramı" təsis edilib: "Belə ki, miqrantlar öz bilik, bacarıq və təhsil səviyyələrini təqdim etməklə tələb olunan 100 baldan minimum 70 bal topladıqları halda müvafiq dövlət qurumları tərəfindən onların müraciətləri nəzərdən keçirilir".
Yüksəkixtisaslı miqrant gətirmək əvəzinə, yüksəkixtisaslı yerli vətəndaş yetişdirmək daha yaxşı olmazmı?
Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, yüksəkixtisaslı miqrantlarla bağlı qərarın verilməsi və bütövlükdə şərtlərin yumşaldılması kifayət qədər faydalı olacaq: “Açığını deyim, ali təhsil müəssisələrinə, mütəxəssislərin, xüsusilə ölkəmizdə müvafiq ixtisas üzrə olmayan mütəxəssislərin cəlb olunması zamanı da belə problemlər yaşanırdı. Doğrusu, bu, təkcə ali təhsil müəssisələrində münasibətdə deyil, eyni zamanda, fərqli sahələrdə və hansısa tədqiqat institutunda yüksək ixtisaslı mütəxəssisin və yaxud elm adamının işi ümumilikdə həm də ölkəmiz üçün o istiqamətdə kadr hazırlığını hədəflənmiş addımlardandır. Bu mənada mən Dövlət Miqrasiya Xidmətinin bu addımını yüksək qiymətləndirirəm, yüksək dəyərləndirirəm”.
"Olmazmı, mütəxəssisləri ölkəmizə hazırlayaq?" sualını cavablayan İlqar Orucov qeyd edib ki, təbii ki, yaxşı olar, amma həmin mütəxəssisləri hazırlamaq üçün də bizim əcnəbi mütəxəssislərə ehtiyacımız var: “Bu yumşalmanın tətbiqindən sonra ölkəmizə yüksək ixtisaslı əcnəbi mütəxəssislərin cəlb olunması bu istiqamətdə işlərə əslində dəstək verəcək. Çünki onlar ölkəmizdə fəaliyyət göstərdikləri zaman ölkəmiz üçün vacib olan ixtisaslarda kadr təminatını həyata keçirməklə bərabər, həm də kadrların, mütəxəssislərin hazırlanması məsələsində dəstək olacaqlar”.

