“1000 manata qədər cərimələr olacaq“ - Şura sədri

9-12-2025, 15:14           
“1000 manata qədər cərimələr olacaq“ - Şura sədri
Audiovizual Şura dil qaydalarının pozulmasına görə cərimələrin tətbiqinə hazırlaşır.

Şuranın sədri İsmət Səttarov Milli Məclisdə keçirilən “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası” konfransında bildirib ki, mediada əcnəbi sözlərin həddindən artıq işlənməsi artıq ciddi narahatlıq doğurur.

TEREF "Qafqazinfo"-ya istinadla xəbər verir ki. İ. Səttarovun sözlərinə görə, Prezidentin AMEA-da verdiyi mesajdan sonra Şura bu məsələni xüsusi nəzarətə götürüb. Onun bildirdiyinə görə, reklam çarxlarında əcnəbi sözlərin istifadəsi demək olar ki, tam aradan qaldırılıb.

“Prezident AMEA-dakı çıxışında konkret məsələyə toxunmuşdu. Bu, xüsusilə dilimizdə, mediamızda əcnəbi sözlərin artıq dərəcədə istifadə oluması idi. Audivizual Şura bu istiqamətdə bir neçə praktiki addımlar atıb. Onlar barədə məlumatlar vermək istəyirəm. Bu günə qədər Şura televiziyalarda və radiolarda reklam çarxlarında əcnəbi sözlərdən istifadənin qarşısını demək olar ki, tam alıb. Çox nadir hallarda əcnəbi sözlərin reklam çarxında istifadə olunmasını müşahidə edə bilərsiniz. Bu addım ona görə atıldı ki, verilişlərdən fərqli olaraq reklam çarxlarını insanlar təkrar-təkrar görür.

Verilişlərə gəldikdə isə, vəziyyət qənaətbəxş deyil. Burada həm obyektiv, həm də subyektiv səbəblər var. Verilişlərin monitorinqi çox çətin məsələdir. Hər gün TV və radio məkanında təxminən 800 saata qədər məhsul efirə verilir. Prezidentin çıxışından sonra biz bu məsələni yenidən qaldırdıq. Biz bu sözləri tapşırıq kimi qəbul etmişik. Belə bir fikrə gəldik ki, süni intellektdən istifadə edək. Hazırda bir şirkətlə danışdıq, xüsusi bir soft hazırlandı. Hazırda test rejmində işləyir. 40-a yaxın ən çox istifadə olunan əcnəbi sözlərin siyahısını hazırladıq. Həmin softla noyabrın ilk 2 həftəsi ərzində TV-ləri monitorinq etdik. Aparıcılar tərəfindən haradasa 3 min dəfəyə yaxın sözlər istifadə olunmuşdu. Məsələn, “okay” sözü 104 dəfə işlənmişdi. Belə sözlər kifayət qədər çoxdur. Biz bu sözləri toplayaraq yanvar ayından kanallara məlumat kimi göndərəcəyik ki, məsələn, filan aparıcı filan verilişdə bu sözdən istifadə etdi. 3 aydan sonra Şura dil haqqında qanunundan irəli gələrək cərimələr tətbiq edəcək. Cərimə 500 manatdan 1000 manata qədərdir. Biz istəmərik ki, mediamızı cərimə edək, çünki maddi baxımdan vəziyyət çətindir. Lakin etməliyik, başqa çıxış yolu yoxdur” – Şura sədri bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]