Balkon faciəsi: Memar nazirliyin açıqlamasını ifşa etdi – Foto
12-12-2025, 16:02

Bir neçə gün əvvəl Rəşid Behbudov küçəsində yerləşən tarixi binanın eyvanındakı daş üzlük yerindən qoparaq insanların başına düşdü. Nəticədə yoldan keçən qadın ağır yaralandı. Bununla bağlı Mədəniyyət Nazirliyi yaydığı açıqlamada işləri icra edənləri müdafiə edərək, balkonun təbii amillərin təsiri altında uçduğunu bildirdi.

Tribuna.az xəbər verir ki, memar Elçin Əliyevin fikrincə isə tarixi binanın özü və balkonu hələ də salamatdır və uçmayıb. Uçan – 2010-cu illərin əvvəllərində ucuz Çin yapışdırıcıları ilə balkona yapışdırılmış daş karniz elementləridir:
“Baş verən hadisənin əsas səbəbi isə «təbii» deyil, sırf insan amilidir.
Məsələ ondadır ki, XIX əsrin sonu – XX əsrin əvvəllərində tikilmiş binaların əksəriyyətinin eyvanları heç vaxt perimetr boyunca təbii daşla üzlənmirdi. O dövrün Şəhər Dumasının və müvafiq qurumlarının məmurları — indiki korrupsiyalaşmış şəhər rəhbərlərindən fərqli olaraq — çox yaxşı anlayırdılar ki, ən möhkəm yapışdırıcı belə ağır daşın çəkisinə davam gətirə bilməz. Nəticədə belə üzlük gec-tez qoparaq insanların başına düşəcəkdi. Buna görə də köhnə şəhər sakinləri yaxşı xatırlayırlar ki, balkon kənarları həmişə sadəcə suvanırdı.
Bundan əlavə, balkonların daşıyıcı dəmir konstruksiyaları ənənəvi olaraq açıq saxlanılırdı. Bu, metalın «nəfəs alması» və korroziyaya məruz qalmaması üçün edilirdi. Bu gün isə həmin konstruksiyalar müxtəlif materiallarla örtülərək gizlədilir — bununla həm konstruktiv məntiq, həm də memarlıq abidələrinin tarixi görkəmi pozulur. Bu — tikintinin elementar əlifbasıdır”.

Memar əlavə edib ki, şəhərdə hələ də bəzi məmurların şübhəli estetik zövqlərinə uyğun olaraq eyvan kənarlarının təbii daşla üzlənməsi kimi cinayətkar praktika davam edir:
“Belə göstəriş verən bürokratları şəhər sakinlərinin təhlükəsizliyi qətiyyən maraqlandırmır: onlar üçün əsas olan fasadın «dəbli» görünüşü və smetanın kəskin artırılmasıdır.

Ona görə də baş verənləri yenə də «təbii amillərin» üzərinə atmaq lazım deyil. Burada günahkar – bilərəkdən, mənfəət naminə, insanları ölümcül təhlükəyə atan konkret şəxslər və şirkətlərdir. Hüquq-mühafizə orqanları isə icraçıları tapmalı, məsuliyyətə cəlb etməli və fasadı öz vəsaitləri hesabına qaydaya salmağı onlara məcbur etməlidirlər”.

