İşdən çıxarılmış elmi işçi: “Adıma vəzifə, əməkhaqqı yazıb, pul siliblər”

13-12-2025, 09:34           
İşdən çıxarılmış elmi işçi:
"Süni şəkildə mənim ştatımı artırıblar ki, mənə guya əmək haqqı yazırlar… Adımdan ştat, əmək haqqı yazırlar, xəbərim də yoxdur mənim.”

Nevroloq Mərziyyə Məmmədova Səhiyyə Nazirliyinin tabeliyində olan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda 2004-cü ildən çalışıb. 2022-ci ildən isə institutda böyük elmi işçi vəzifəsini daşıyıb.

Mərziyyə Məmmədova “Toplum TV”-yə deyir ki, institutla problemləri 2022-ci ilin sonlarından, rəhbərlik dəyişəndən sonra başlayıb. M.Məmmədova bildirir ki, eyni zamanda institutda həkim kimi işlədiyinə görə qanunla çatmalı olan bonuslar kəsilib, xəstələrinə təzyiqlər edilib, əlavə işdə çalışdığına görə tənbeh edilib.

Nevroloqun sözlərinə görə, 2024-cü ildən rəhbərliyin ona münasibəti daha da sərtləşib. Onun fikrincə, buna səbəb həmin ilin aprelində M.Məmmədovanın öz adına əlavə vəzifə yazılması və pul silinməsini fərq etməsi olub.

“Mən tibbi kadrların vahid reyestrinə daxil olduqda gördüm ki, 2021-ci ildə həkim-statistik kimi çalışdığım və artıq çoxdan xitam verilmiş əmək münasibətləri hələ də sistemdə aktiv görünür. Məsələni aidiyyəti şəxsin diqqətinə çatdırdığım zaman, bunun səhv olduğunu bildirdim. O isə məsələni izah etmək əvəzinə, tələsik şəkildə “yox, yox, mən düzəldərəm” deyə reaksya verdi. Sonradan məlum oldu ki, mənim adımdan guya işdən çıxmağım və əməkhaqqının dayandırılması ilə bağlı ərizə tərtib edilib. Halbuki, mənə çoxdan işdən çıxarılma ilə bağlı əmr verildiyi bildirilsə də, həmin əmr faktiki olaraq sadəcə kağız üzərində mövcuddur və sistemdə ümumiyyətlə qeydiyyata alınmayıb”.

Həkim, həmçinin, bildirir ki, institut onun əmək müqaviləsini yeniləməyib və o, əlavə funksiyalar da yerinə yetirməklə köhnə əmək haqqı ilə çalışıb.

Bu və digər məsələlərlə bağlı M.Məmmədova və digər elmi işçilər bu ilin fevralında prezident İlham Əliyevə ərizə yazıblar. Onlar müraciətlərində direktor Mətanət Əfəndiyevanın rəhbərliyi altında institutda boş vakansiyaların satıldığını, süni şəkildə elmi fəaliyyətə məhdudiyyətlər qoyulduğunu, maliyyə yeyintiləri olduğunu, işçilərin alçaldıldığını iddia ediblər.

M.Məmmədova deyir ki, bundan sonra ona və digər işçilərə qarşı təqiblər başlayıb.

“Mənə qarşı təqib nə şəkildə başlayıb? Mən o biri işdə ola-ola şöbə müdiri təqdimat yazır ki, Mətanət xanımdan sizə məktub var. Məktubda yazılıb ki, zərurət yaranıb ki, iş şəraiti dəyişdirilsin. “Münasibət bildirin, ya filan maddə ilə yarımştata keçin, ya da 68-ci maddə ilə sizi işdən çıxarırıq”. Ondan qabaq da namə yazıb - “sən 20 ildir müdafiə eləməmisən, o biri işçilər xəstələrə çox baxır, sən az baxırsan və s”. Mənim nüfuzumu salan böyük bir mətn.”

Bundan sonra işə gəldiyi halda M.Məmmədova haqda işdə olmadığı haqda təqdimatlar yazılıb. Aprel və may aylarında ona töhmət verilib, iyulda isə işdən çıxarılıb. Həm də Səhiyyə Nazirliyində ictimai əsaslarla mütəxəssis-ekspert olan M.Məmmədova məhkəməyə, Əmək Müfəttişliyinə, səhiyyə nazirinə, baş prokurora və ombudsmana müraciət edib.

Lakin onun müraciətləri ilə bağlı tədbir görülməyib. Prezident Administrasiyası, Baş Prokurorluq və digər qurumlar onun ərizələrini Səhiyyə Nazirliyinə göndərməklə kifayətlənib.

“Səhiyyə nazirinin qəbuluna gələn kimi deyir ki, sizin işiniz məhkəmədədir, sizin işinizə qarışa bilmərik. Deyirəm, nə bildiniz ki, məhkəmə işini deməyə gəlmişəm? Mən başqa şeylər deməyə gəlmişəm. Neçə dəfə şikayət eləmişəm ki, sertifikatsız həkimlər işləyir, niyə tədbir görməmisiniz. Niyə məni işdən çıxaranda iki dənə vəzifədən çıxarıblar, ondan qabaq da iki dənə vəzifədə adım gedib. Onları kimə deyim mən? İşə bərpaya məhkəmə baxırsa, bunlara kim baxır?”

Bakı İnzibati Məhkəməsi M.Məmmədovanın işdən çıxarılması ilə bağlı Əmək Müfəttişliyinin təqdimatı əsasında həm Mətanət Əfəndiyevanı, həm Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunu 2000 manat məbləğində cərimələyib. Nərimanov Rayon Məhkəməsi isə noyabrın 26-da keçirilən prosesdə onun işə bərpa olunmaq üçün qaldırdığı mülki iddianı təmin etməyib. Onun sözlərinə görə, prosesdə qərar “tələm-tələsik” elan olunub və hələ də elektron sistemə yüklənməyib.

M.Məmmədova deyir ki, apellyasiya şikayəti edəcəyi təqdirdə, onu digər iş yerindən - Həkimləri Təkmilləşdirmə İnstitutundan da çıxarmaqla hədələyirlər. O isə işi davam etdirməkdə israrlıdır.

Həkim, həmçinin, deyir ki, işdə yaşadığı stres onun səhhətinə ziyan vurub və o, günlərlə işə çıxa bilməyib. O, institutun rəhbərliyi barəsində Cinayət Məcəlləsinin “sağlamlığa yüngül ziyan vurmaq” maddəsi də daxil olmaqla bir neçə maddə ilə cinayət işi açılması üçün Baş Prokurorluğa müraciət edib. Lakin onun ərizəsi Səhiyyə Nazirliyinə yönləndirilib.

Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunu məhkəmədə təmsil edən vəkil Rəcəb Nurəliyev “Toplum TV”-yə açıqlamasında iddiaları “əsassız” adlandırıb, lakin geniş açıqlama verməkdən imtina edib. İnstitutun direktoru M.Əfəndiyeva ilə əlaqə saxlamaq cəhdləri isə nəticə verməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]