Qaz Təsərrüfatında İdarəçilik Problemləri: Mövcud Vəziyyət və Çıxış Yolları Sayğaclar Günahkardır, yoxsa İdarəçilik?

14-12-2025, 00:00           
Qaz Təsərrüfatında İdarəçilik Problemləri: Mövcud Vəziyyət və Çıxış Yolları Sayğaclar Günahkardır, yoxsa İdarəçilik?
Ekspertimiz yazdı:
Qaz Təsərrüfatında İdarəçilik Problemləri: Mövcud Vəziyyət və Çıxış Yolları Sayğaclar Günahkardır, yoxsa İdarəçilik?
Qaz İtkilərinin Artma Səbəbləri:
Texniki və Struktur Təhlil “Azəriqaz”da Real Durum
- “Azəriqaz” İB tərəfindən kütləvi şəkildə işçilərin ixtisar edilməsindən sonra abonentlərə təqdim olunan aylıq kağız bildirişlərin verilməsi dayandırılmış və bunun əvəzinə yalnız SMS vasitəsilə mobil telefona borc barədə məlumat göndərilməsinə başlanmışdır. Bu üsulla vətəndaşlara fərdi qaydada “borcunuz var, ödəmədiyiniz təqdirdə qaz təchizatı dayandırılacaq” məzmunlu xəbərdarlıq edilir.
Lakin məsələnin qanuni tərəfi ondan ibarətdir ki, bu yanaşma istehlakçıların hüquqlarının pozulması deməkdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən:
-Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Yalnız “smart-kart” tipli qaz sayğacı olan istehlakçılara istifadə etdikləri qazın dəyəri barədə hesabın təqdim edilməsi tələb olunmur.
Həmçinin Qaydalarda qeyd olunur ki, istehlakçının istifadə etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısının yol verdiyi səhv nəticəsində düzgün hesablanmamış məbləğin istehlakçıdan tələb edilməsi yolverilməzdir.
Qazın dəyəri barədə ödəniş hesabının nümunəsi həmin Qaydaların 4 nömrəli əlavəsində göstərilmişdir.
Bəs maraqlıdır, “Qazdan istifadə Qaydaları”nın 4 nömrəli əlavəsində göstərilən bütün tələb olunan məlumatlar niyə SMS vasitəsilə istehlakçıya göndərilmir?
Qeyd olunan 4 nömrəli əlavəyə əsasən, istehlakçıya təqdim olunan ödəniş hesabında aşağıdakı göstəricilər öz əksini tapmalıdır:
• İstehlakçının soyadı, adı və atasının adı
• İstehlakçının kodu
• Ünvan
• Sayğacın nömrəsi
• İl ərzində istifadə olunan ümumi qaz həcmi
• Sayğacın son göstəricisi
• Sayğacın əvvəlki göstəricisi
• Ay ərzində sərf olunan qazın həcmi
• Ay ərzində istifadə olunan qazın dəyəri
• Yekun borc məbləği
Lakin təcrübədə vətəndaşa göndərilən SMS bildirişlərində bu məlumatların böyük əksəriyyəti əks olunmur. Bu isə həmin Qaydalarda təsbit edilmiş tələblərin tam yerinə yetirilmədiyini göstərir və istehlakçıların məlumatlandırılması hüququnun pozulmasına səbəb olur.
Bəs görəsən, “Azəriqaz” İB vətəndaşları bu hüquqdan niyə məhrum edib? Bu, bilərəkdən edilib, yoxsa bilməyərəkdən?
İndi “Azəriqaz” bu yazıya yəqin ki, belə bir cavab verəcək: “Azəriqazın rəsmi səhifəsində yerləşdirilən ‘Abonent haqqında məlumatlar’ bölməsində abonent kodunu və sayğac nömrəsini daxil etməklə sayğac göstəricisinə baxmaq mümkündür.”
Bəli, texniki olaraq bu mümkündür. Lakin gəlin görək, vətəndaşların hamısı bunu bacarırmı? Bütün vətəndaşlar internet resurslarından istifadə etməyi bilirmi? Əlbəttə ki, xeyr. Elə abonentlər var ki, nəinki internetdən istifadə edə bilmir, hətta mobil telefonu belə yoxdur. Bu isə real bir faktdır.
Gəlin məsələyə daha dəqiq prizmadan yanaşaq. Ölkənin 1 nömrəli qaz paylayıcısı və təbii qazın topdan və pərakəndə satışını həyata keçirən “Azəriqaz” İB-in bunu bilərəkdən etdiyi aydın görünür. Səbəb isə artan qaz itkiləri, sayğac göstəricilərinin süni şəkildə şişirdilməsi və vətəndaşlara əsassız borcların yazılması ilə bağlıdır. Məhz bu səbəbdən vətəndaşlar bildiriş almaq hüququndan məhrum edilib.
Çünki təqdim olunan bildirişdə sayğacın son göstəricisi açıq şəkildə qeyd olunur və bu məlumatın verilməsi artıq yazılan borcların üzə çıxmasına səbəb ola bilər.
Təbii qaz itkiləri və onların yaranma səbəbləri
Təbii qaz itkilərinin əsas səbəblərindən biri kadrların düzgün yerləşdirilməməsi və ştat cədvəlinin məqsədəuyğun tərtib edilməməsidir.
Bunu daha aydın izah etmək üçün misala baxaq: Hər hansı bir Regional Qaz İstismarı İdarəsinin X rayonunda 30 000 əhali abonenti və 500 qeyri-əhali abonenti mövcuddur. Bu rayonda Sayğac Əməliyyatları Xidməti fəaliyyət göstərir və təsdiq olunmuş ştat cədvəlinə əsasən həmin xidmətdə:
• 1 rəis,
• 1 mühəndis,
• 34 çilingər
olmalıdır.Lakin Regional Qİİ-də bu xidmətdən birbaşa hesabat tələb edən və ona göstəriş verən əsas 3 şöbənin işçi sayı həddən artıq böyükdür. Ştatlar aşağıdakı kimidir:
• Sayğacların idarə olunması və metrologiya şöbəsi: 1 rəis, 7 mühəndis
• Kommersiya şöbəsi: 1 rəis, 15 mühəndis
• Texniki istismar şöbəsi: 1 rəis, 11 mühəndis
Bu rəqəmlər onu göstərir ki, sahədə faktiki işi icra edən çilingərlərin sayı məhdud olsa da, onlara göstəriş verən və nəzarət edən mühəndis heyətinin sayı normadan xeyli çoxdur. Bu idarəçilik uyğunsuzluğu isə nəticə etibarilə operativliyin azalmasına, nəzarətin zəifləməsinə və təbii qaz itkilərinin artmasına səbəb olur.
Kadrların düzgün yerləşdirilməməsi qaz itkilərini necə artırır?
Regional Qİİ-lərdə sahədə faktiki işi görən çilingərlərin sayı məhduddur, lakin onlara göstəriş verən mühəndis heyətinin sayı həddindən artıq çoxdur. Bu struktur uyğunsuzluğu bir neçə istiqamətdə itkilərin artmasına səbəb olur:
Nəzarət mexanizminin zəifləməsi Mühəndis sayının çox olması nəzarətin güclənməsi demək deyil. Əksinə, səlahiyyətlərin parçalanmasına, konkret cavabdehliyin müəyyən edilməməsinə gətirib çıxarır. Sonda heç kim real nəticəyə cavabdeh olmur.
Sayğac göstəricilərinin operativ toplanmaması 30 500 abonentlik bir rayonda 34 çilingərin vaxtında bütün sayğacları oxuması fiziki olaraq mümkün deyil. Gecikmələr yaranır, göstəricilər dəqiqliklə götürülmür və nəticədə faktiki istehlakla sənədləşmə arasında fərq — yəni itki — artır.
Texniki nasazlıqların gec aşkar olunması Sayğac və avadanlıq nasazlıqları gec müəyyən olunduğu üçün qaz sızmaları, yanlış ölçmə, sıfır və ya fərqli göstəricilər genişlənir. Mühəndis heyətinin çoxluğu isə bu prosesə kömək etmir, çünki proses idarə edilə bilmir.
Kommersiya və texniki şöbələr arasında uyğunsuzluq Artıq mühəndis personalı arasında koordinasiya zəifdir, məlumatlar qarışır və nəticədə real vəziyyətlə sənədləşdirilmiş göstəricilər arasında uyğunsuzluq yaranır.
Kadrların iş yükünün qeyri-proporsional bölünməsi 34 çilingər minlərlə abonentə xidmət göstərir, amma mühəndis heyəti əsasən kağız üzərində nəzarət aparır. Bu isə praktiki sahədə yükü artırır və səhvlərə zəmin yaradır.
Hansı rayon rəisinə irad tutulursa, ondan qaz itkisinin yaranma səbəbləri barədə izahat tələb olunur. O da izahatında bildirir ki, guya onun rayonunda 17 000 ədəd Zenner tipli qaz sayğacı quraşdırılıb və bu sayğaclar sərfiyyatı düzgün qeyd etmir, buna görə də itki yaranır.
Daha sonra ona ikinci sual verilir: “Bəs bu problemlə bağlı hansı tədbiri görmüsən?” O isə cavabında yazır ki, bu ay 400 ədəd sayğacı əvəz etmişəm və növbədənkənar dövlət yoxlamasına göndərmişəm, yəni metalloma təhvil vermişəm. Əslində bu, rayon rəislərinin illərlə təqdim etdiyi klassik izahat formasıdır — itkinin səbəbi budur, itkinin aradan qaldırılması isə sayğacların kütləvi şəkildə sökülməsidir.
Amma ona heç kim belə bir məntiqli sual vermir:
“Ay qardaş, sənin qonşu rayonunda da əhali xəttində 20 000 ədəd Zenner tipli sayğac quraşdırılıb. Orada hamısı normal işləyir, itki yoxdur. Bəs onda səndə niyə işləmir? Çin Xalq Respublikasının sənə ayrıca hansı ‘qüsurlu’ partiyanı göndərdiyini iddia edirsən?”
Yəni problem sayğacda deyil, idarəçilikdədir.
Qeyd edim ki, respublika üzrə son 1 il ərzində 350 000-dən artıq qaz sayğacı dəyişdirilib. Bu rəqəm özlüyündə göstərir ki, məsələ nə Zenner-dədir, nə istehsalçıda — problem qaz təsərrüfatında təşkilati və idarəetmə boşluqlarındadır.
Əgər “Azəriqaz” İB sahədə qaz itkilərini minimuma endirmək istəyirsə, çilingərlərin sayını artırmalıdır. Hal-hazırda siz növbəyə təyin etdiyiniz 8 usta üçün aylıq 12 000 AZN əmək haqqı ödəyirsiniz. Eyni büdcə ilə 24 çilingər işə götürmək və sahədə əməliyyatları daha operativ icra etmək mümkündür.
Bu, həm itkiləri azaltmaq, həm də sayğac oxunmasını və nəzarəti effektivləşdirmək üçün ən sadə və praktik həll yoludur.
Sənin rayon rəislərin il ərzində hesabat versin: neçə QTŞ-də (Qaz Tənzimləyici Şkaf) təzyiq tənzimləyicilər, təhlükəsizlik klapanları və filtrlər açılıb, təmizlənib və yenidən quraşdırılıb?
Fakt budur ki, həmin filtrlərin içi tamamilə zibillə doludur. Nəticədə qaz sayğaclarında əks olunmayan təxminən 10% itki yaranır. Bu, texniki baxımdan ciddi bir problemdir, lakin bəzi rayon rəisləri bunun yerinə rahat yolu seçib, məsuliyyətdən yayınırlar.
Yəni itkinin əsas səbəbi sayğaclarda deyil, sahədə aparılan texniki xidmətin yetərsizliyindədir. Əgər bu filtrlər, klapanlar və təzyiq tənzimləyiciləri müntəzəm yoxlanıb təmizlənməsə, itkilərin azalması mümkün deyil.
Problem analizi
-Texniki qulluq yetərsizdir
-Filtrlər, təhlükəsizlik klapanları və təzyiq tənzimləyiciləri uzun müddət yoxlanılmır. Nəticədə, qazın sərfiyyatı düzgün ölçülmür..
Hesabatların səmərəsizliyi
Rayon rəisləri real texniki vəziyyəti hesabatda əks etdirmir.
Problem kağız üzərində “həll olunmuş” kimi göstərilir, amma əməliyyat sahəsində heç bir iş görülmür.
Həll yolları:
-Müntəzəm texniki xidmət cədvəli yaradılmalı
Hər QTŞ-də təzyiq tənzimləyicisi, təhlükəsizlik klapanı və filtr hər 6 ayda bir yoxlanılmalı və təmizlənməlidir.
-Filtrlərin təmizlənməsi və dəyişdirilməsi
Zibil dolmuş filtrlər dəyişdirilməli və standart filtr materialları istifadə edilməlidir.
-İşçi qüvvəsinin artırılması
Çilingər və texniki personal sayı artırılmalı, eyni zamanda iş bölgüsü optimallaşdırılmalıdır.
2025-ci ilin 11 ayı artıq tamamlanıb, lakin buna baxmayaraq “Azəriqaz”ın qaz itkisinin həcmi 695 milyon kubmetr təşkil edib. Dekabr ayında əlavə 160 milyon kubmetr qaz itkisi gözlənilir. Beləliklə, 2025-ci il üzrə ümumi qaz itkisi təxminən 1 milyard kubmetrə yaxın olacaq.!
Mirvari Gahramanli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]