Azəriqaz qazıntısından sonra xaos: işıq yoxdur, su xətti partlayıb - Ziyan isə vətəndaşın üzərində qalır - VİDEO
5-01-2026, 09:38
27 dekabr tarixində Xətai rayonu, Lütfi Zadə küçəsi 39 ünvanında aparılan qazıntı işləri zamanı “Azəriqaz” əməkdaşları tərəfindən avtoservisə məxsus işıq xətti kobud şəkildə qırılıb. Eyni zamanda qazıntı zamanı “Azərsu”ya aid su xətti də partladılıb. Nəticədə ərazidə vəziyyət tamamilə qarışıb, işıq və su xətləri yararsız hala düşüb.
Şikayətçinin Patrul.az-a bildirdiyinə görə, hadisədən sonra aidiyyəti qurumların nümayəndələri əraziyə baxış keçirib. Bildirilib ki, dəymiş ziyanın aradan qaldırılması üçün təxminən 1700 manat xərc tələb olunur. Lakin qurum nümayəndələri bu problemin onların səlahiyyətində olmadığını əsas gətirərək, təmir işlərinin vətəndaşlar tərəfindən aparılmalı olduğunu deyirlər.
Hazırda yolun qarşı tərəfində yerləşən digər avtoservis də işıqsız qalıb. Bütün aidiyyəti qurumlar məsuliyyəti bir-birinin üzərinə atır və problemin həllindən boyun qaçırır.