Kredit kartı borcu ilə başlayan biznes milyardlıq şirkətə çevrildi
13-03-2026, 15:44

Henri Şakın qurduğu “DiscoverOrg” (sonradan “ZoomInfo”) satış kəşfiyyatı və biznes məlumatları sahəsində böyük platformaya çevrilib. Bu gün şirkətin dəyəri təxminən 1,8 milyard dollardır.
Valyuta.az xəbər verir ki, Şak biznes ideyasını universitetdə oxuyarkən işlədiyi “iProfile” şirkətində əldə etdiyi təcrübədən götürüb. Şirkət korporativ əməkdaşların əlaqə məlumatlarını toplayaraq satış komandalarına təqdim edirdi. Şak burada marketinq prosesini dəyişərək ənənəvi poçt göndərişləri əvəzinə e-poçt marketinqindən istifadə etdi və şirkətin gəliri 300 min dollardan 5 milyon dollara qədər artdı.
Bu təcrübə ona satış üçün dəqiq məlumat bazasının böyük dəyər yaratdığını göstərdi. 2007-ci ildə Şak və tərəfdaşı Kirk Braun “DiscoverOrg” şirkətini yaratdılar. Onlar böyük korporasiyalar əvəzinə orta ölçülü şirkətlər üçün qərar verən menecerlər haqqında məlumat bazası qurmağa fokuslandılar.
İlk illərdə bütün proseslər manual şəkildə aparılırdı. Komanda internetdə məlumat toplayır, sonra isə həmin məlumatların düzgünlüyünü yoxlamaq üçün birbaşa şirkətlərə zəng edirdi. Bu yanaşma platformanın bazarda daha dəqiq və etibarlı məlumat təqdim etməsinə imkan verdi.
Biznesi başlatmaq üçün Şak kredit kartlarından 50 min dollar borc götürdü. İlk üç il ərzində qurucular ildə cəmi 24 min dollar maaş alırdı və şirkət yalnız müştərilərdən əldə olunan gəlir hesabına böyüyürdü. Bu maliyyə intizamı nəticəsində “DiscoverOrg” 2014-cü ilə qədər xarici investisiya almadan 30 milyon dollar gəlirə çatdı.
2019-cu ildə Şak daha geniş məlumat bazasına sahib olan “ZoomInfo” şirkətini satın aldı və iki platformanı birləşdirdi. Birləşmədən sonra şirkət “ZoomInfo” adı ilə fəaliyyətini davam etdirdi və 2020-ci ildə birjada yerləşdirildi. Bu gün platformadan 35 mindən çox müştəri tərəfindən istifadə edir.
Onun fikrincə, rəhbərlərin əsas vəzifələrindən biri komandadakı insanları inkişaf etdirməkdir. Şak bu barədə rəhbərlərinə belə deyirdi:
“Üç həftə əvvəl işə götürdüyünüz adamın uyğun olmadığından şikayət etməyin. Ona məşq etdirin, kömək edin və burada uğurlu olması üçün yol göstərin”.

